Əlaqə Arxiv
news Image
2019.03.16
09:30
| A A A
Qlobal Bakı Forumu dünya üçün mühüm platforma rolunda
Azərbaycan qlobal problemlərin həlli yolunda istinad nöqtəsinə çevrilib

Qədim dövrün mütəfəkkirlərindən biri kainatın gərdişi haqda belə bir mülahizə irəli sürüb ki, “mənə istinad nöqtəsi verin, Yer kürəsini yerindən oynadım”. Vaxt vardı bu mülahizənin mahiyyətini yalnız fəlsəfi düşüncədə dəyərləndirilirdi. Lakin bizim dövrdə baş verən ictimai-siyasi hərəkatlar geniş anlamda beynəlxalq həyatın problemlərinin çözülməsi istiqamətində bu mülahizənin faktiki reallığını təsdiqləyən hadisələrlə zəngindir. Artıq 7-ci dəfədir ki, keçirilən Qlobal Bakı Forumu deyilənlərə möhtəşəm nümunədir. Bu forumun böyük uğur qazanması dünyada tanınan və dövlət rəhbərləri olmuş təcrübəli siyasətçilər tərəfindən daim vurğulanır. Bu günlərdə ölkəmizdə olan Bolqarstanın sabiq Prezidenti Rosen Plevneliev deyib: “Qlobal Bakı Forumu artıq böyük uğur qazanıb, mühüm platformaya çevrilib”. O  xatırladıb ki, forumda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları iştirak edir və dünya üçün mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılır: “Azərbaycan sülhün, tolerantlığın carçısıdır. Forumda səmərəli fikir mübadiləsi aparılır, təcrübələr ortaya qoyulur. Hesab edirəm ki, hər kəs burada iştirak etməkdən məmnundur”.

Cənubi Qafqaz Forumu 2013-cü ildən üzü bəri keçirilən bu beynəlxalq tədbirdə  qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunmağa başlayıb.

II Forumda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlər müzakirəsi edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

III Forum artıq yeni mərhələyə qədəm qoyub və ayrıca götürülmüş bir mövzu ətrafında müzakirələr gedib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan müzakirələrdə nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri əhatə edən düşüncələrini bölüşüblər.

“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən IV Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub. Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri də diqqət mərkəzində olub.

V və VI Qlobal Bakı Forumlarında müvafiq olaraq “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” və “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzuları üzrə dövlət başçıları və ictimai xadimlər fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev III Forumun rəsmi açılış mərasimdəki nitqində deyib: “Düşünürəm, bu nadir fürsətdir ki, burada bu dərəcədə yüksək səviyyəli qonaqların sayəsində bizi gələcəkdə hansı işlərin, hansı çağırışların gözlədiyini və bu gün dünyanın bütün yerlərində mövcud olan gərginliyin azaldılması üçün hansı tədbirlərin görülməli olduğunu müzakirə edək”.

Həqiqətən Forumun beynəlxalq əməkdaşlığın əsas təhlükəsizlik məsələlərinin həlli sahəsində qarşıya qoyduğu məqsədlər böyük əhəmiyyətə malikdir. Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa Forum iştirakçıları üçün təşkil edilmiş ziyafətdə çıxış edərək belə mühüm bir fürsətin yaradılmasına görə Azərbaycan rəhbərliyinə iştirakçılar adından təşəkkür edib: “Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik”. Bu fikirlər dövlətimizin dünyada artan nüfuzunun təsdiqidir. Üstəlik, Azərbaycanın beynəlxalq siyasətdə məqsəd və məramının nədən ibarət olduğunu açıqlayan belə tədbirlər ölkəmizin mövqeyini də aydın təsbit edir, bu mövqe ətrafında dostlarımızın sayını və birliyini artırır.

Prezident İlham Əliyevin Vayra Vike-Freyberqa cavab nitqi bu məsələni daha dəqiq ifadə edir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük”.

Büynəlxalq miqyasda iri böyük dövlətlərin iştirakı ilə qlobal problemlərin kollektiv müzakirəsinə nail olmaq Azərbaycanın dərin mənəvi potensiala malik qüdrətli dövlət olmasının təcəssümüdür.

N.NOVRUZ

 

 

 

 

 

Sizin Reklam Yeriniz