news Image
2019.03.16
10:20
| A A A
Sosial şəbəkələrin yaratdığı intihar problemi
Elnur Rüstəmov: «Bu gün sosial şəbəkələrin də intihar hallarının artmasında rolu az deyil»

Yetkinlik yaşına çatmayan uşaqların intihar hallarına son vaxtlar tez-tez rast gəlinir. Elə bu günlərdə Bakının Yasamal rayonunda daha bir yetkinlik yaşına çatmayan şəxs canına qıyıb.

Rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib. 2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi Mir Fatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Psixoloqlar bu yaşda uşaqların intihara meylinin müxtəlif səbəbləri olduğunu, əsas səbəbin isə qloballaşan dünyada uşaqların daha çox informasiya ilə yüklənməsi, fərdiləşmə prosesinin sürətlə getməsində görürlər.

Psixoloq Elnur Rüstəmov deyir ki, bu tip intihar faktlarını araşdırdıqda məlum olur ki, canına qıyan uşaqlarda özünə qapanma halı mövcud olub: “Ümumiyyətlə, intihar hadisəsində irsi faktor da rol oynayır. Ona görə də, biz öncə intihar edən şəxsin ailəsində, özündən əvvəlki nəslində bu cür hadisələrin baş verib-vermədiyini araşdırırıq. Amma araşdırmalar göstərir ki, bu gün insanların fərdiləşməsi intihar hallarının artmasına səbəb olur.

Ailədaxili münasibətlər də bu məsələdə rol oynayır. Məktəb yaşlı uşaqların intihar etməsi zamanı isə mütləq onun məktəb mühitində münasibətləri araşdırılır. Bəzən üzə çıxır ki, onun dostları, yaxud da sinif yoldaşları ilə münasibətlərində problemlər olub. Ona görə də, məktəb yaşlı uşaqları intihardan çəkindirmək üçün mütləq məktəb psixoloqları öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər. Məktəbdə özünə qapanan, dərsə davamiyyətində problem olan uşaqlar xüsusilə diqqətdə saxlanmalıdır. Onların ailələrində münaqişənin olub-olmadığı öyrənilməlidir. Bu uşaqlarla söhbət aparılmalı, onlara psixoloji yardım göstərilməlidir. Çünki, «Təhsil Haqqında» qanunda da məktəblərdə psixoloji xidmət öz əksini tapıb”.

Psixoloq deyir ki, bu gün sosial şəbəkələrin də intihar hallarının artmasında rolu az deyil: “Kimin əlində telefon varsa, bu cür faktları çəkib soial şəbəkələrə yükləyir. Bu da intihar hallarını populyarlaşdırır. Yetkinlik yaşına çatmayanlar bəzən problemdən çıxış yolunu, özünə diqqəti cəlb etməyin yolunu intihar etməkdə görürlər. Baxırlar ki, media da bu tip videoları ictimailəşdirir. Buna görə də, sosial şəbəkələrdə bir tənzimlənməyə ehtiyac var.

İntiharın populyarlaşmasına xidmət edən məlumatların paylaşılması düzgün deyil. Bu məktəb yaşında olan, xüsusi ilə də yetkinlik yaşına çatmayanların psixologiyasına mənfi təsir edir”.

Zülfiyyə QULUYEVA