Əlaqə Arxiv
news Image
2019.03.22
19:00
| A A A
Masallı rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına yola düşüblər

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Masallı rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxıblar.
Bu gün, 22 mart 2019-cu il tarixdə səhər saatlarında şagirdlər yola düşməzdən əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzdə toplaşıblar.
Rayon ictimaiyyəti nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdiyi yolasalma tədbirində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov bildirib ki, tur-aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür. Cənab başçı gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
Mərasimdə respublikamızda gənc nəslin təlim-tərbiyəsi istiqamətində görülən işlərdən də danışılıb.
Tədbirdə çıxış edən Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tarıyel Əkbərov, Binə Xocavar kənd tam orta məktəbinin şagirdi Fəridə Quliyeva, Dəmirçi kənd ümumi orta məktəbinin direktoru Aytən Şükürova, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Əli Əsədov, valideyn Samirə Abdulhəsənova, "Masallı ziyalıları" İctimai Birliyinin sədri və "Tərəqqi" medallı Qardaş Fətullaiev çıxış edib Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, ekskursiya çərçivəsində şagirdlər Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, tarixi, mədəni abidələr, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Tədbiri yekun sözü ilə Masallı Rayon İcra Hakimiyyəti başçısı cənab Rafil Hüseynov yekunlaşdırdı. 
Rayon rəhbəri məktəblilərə uğurlu yol arzuladı. 
Axırda xatirə şəkli çəkildi.
Qeyd edək ki,  Quba-Qusar-Xaçmaz bölgəsində də son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə də seçilir. Bölgədə müxtəlif xalqların nümayəndələri əsrlərdən bəri dinc şəraitdə yaşayır, həm öz mədəniyyətlərini, həm də Azərbaycan xalqının mədəniyyətini zənginləşdirirlər. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə, qolf meydançasına, “ABAD Factory” İstehsalat Kompleksinə ekskursiyalar məktəblilərin yaddaşında silinməz izlər qoyacaq. Qubada fəaliyyətə başlayan “ASAN həyat” kompleksi barədə məlumatlar da tur-aksiya iştirakçılarının marağına səbəb olacaq.
Azərbaycanın şimal bölgəsi iqtisadiyyatı ilə bərabər, turizmin inkişafı üçün də cəlbedici məkandır. Son illərdə bu bölgədə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılıb. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı ilbəil artır. Bu mərkəzi Azərbaycanın turizm brendi hesab etmək olar. Şahdağ təbiətin bütün fəsillərində öz gözəlliyi ilə fərqlənir. Məktəblilər bu mərkəzə səfərlə yanaşı, Qusar şəhərinin görməli yerlərini gəzəcək, Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanış olacaqlar. Bu istiqamətdə tur-aksiyanın növbəti məkanı Xaçmaz rayonu olacaq. Xaçmaz şəhərindəki “Şəxsiyyətlər muzeyi"nə, Çənlibel parkına, xalça muzeyinə ekskursiyalar, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğuracaq.
Bir neçə gün davam edəcək tur-aksiyanı 40 şagird və 5 nəzarətçi müəllim, bir həkim müşayiət edəcək. Sonra Masallı məktəbliləri onlarçün ayrılmış xüsusi avtobusa əyləşərək ölkəmizin Qərb bölgəsinə yola salınıblar.
Əlihüseyn Şükürov.

 

Sizin Reklam Yeriniz