news Image
2019.04.16
13:45
| A A A
Dünyada bu xəstəlik niyə sürətlə yayılır?-Rəsmi açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya üzrə qızılcaya yoluxma ilə bağlı həyəcanlı məlumat  yayıb. ÜST-ün xəbərdarlığında bildirilir ki,  ötən illə müqayisədə 2019-cu ilin ilk üç ayı ərzində planet boyunca qızılcaya yoluxma halları az qala dörd dəfə artıb. Son dərəcə yoluxucu, lakin qarşısı alına bilinən bu xəstəlik barədə ilkin məlumatları verən ÜST qızılcaya yoluxma hallarının dünyanın bütün yerlərində artdığını bəyan edib. ÜST-nin bəyanatında deyilir ki, xəstəlik hallarının kəskin artması Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, habelə Afrika və Cənub-Şərqi Asiya ölkələrində qeydə alınıb.  ÜST uşaqları öldürən və ya ömürlük əlil edən bu xəstəliklə mübarizədə vaksinasiyadan istifadəyə çağırıb. 
Qeyd edək ki, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb. 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanmağa başladıqdan sonra ölkəmizdə də gətirilmə halları qeydə alınmağa başladı. 2018-ci ilin sonundan başlayan xəstəlik halları əsasən 20-40 yaşlı vaxtilə peyvənd olunmamış əhali arasında da qeydə alınmağa başladı. Bəs görəsən dünyada, eləcə də Azərbaycanda  qızılca xəstəliyinin belə sürətlə artmasının səbəbi nədir?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Movqe.az-a açıqlamasında deyib ki, dünya üzrə qızılcaya yoluxma hallarının artması, uzun müddət əhalinin qızılcaya görə peyvənddən kənarda qalması ilə əlaqədardır. “Bir neçə il idi ki, dünya üzrə 53 ölkədən 20-də qızılca və məxmərəyin elminasiyası elan edilmişdi. Xəstəlik qeydə alınmadığından, əhali peyvəndləmədən kənarda qalması  nəticədə hər bir ölkədə qeyri-immun əhalinin sayını artırmağa başladı. Qızılcaya görə peyvənd olmayan əhalinin sayı çoxaldıqca  qeyri-immun təbəqə də artmağa başladı. Qızılca virusu peyvəndi olmayan insanlarla rastlaşaraq alovlanmaya səbəb oldu. Hal-hazırda Ukraynada 74 mindən insan son bir il ərzində qızılcaya yoluxub. Bir çox ölkələrdə peyvəndlə əhatə dairəsi aşağı qalmaqdadır. Bununla əlaqədar olaraq hələ də əksər ölkələrdə qızılcaya yoluxma halları qeydə alınır”.
A. Əliyeva deyir ki, 2013-cü ilin iyulundan ötən ilin noyabrınadək ölkəmizdə qızılca xəstəliyi qeydə alınmayıb. Beləcə Dünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana xəstəliyin eliminasiyası statusu verilib: “ Lakin ötən ilin payızında Avropanın bir sıra ölkələrində, eyni zamanda ölkəmizlə həmsərhəd ərazilərdə qızılca xəstəliyinin yayılması və intensiv miqrasiya nəticəsində ölkədə 20-40 yaş kateqoriya əhali arasında qızılca xəstəliyi qeydə alınmağa başlayıb. Sanitariya–epidemioloji xidmət orqanları qızılca aşkar edilən xəstəlik ocaqlarında epidemioloji təhqiqatların aparılması, xəstələrin digər sağlam şəxslərlə təmasının məhdudlaşdırılması, maarifləndirici işlərin aparılması, onların vaxtında və effektiv müalicəyə cəlb edilməsi sayəsində xəstəliyin geniş əhali kütləsinə yayılmasının qarşısı alınsa da, tək-tək hallarda nisbətən yaşlı əhalinin xəstəliklə üzləşmə halları baş verib. Xəstəliyin ictimai səhiyyə sahəsində ciddi fəsadlar törədə biləcəyi ehtimalını nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən vaxtında effektiv profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb. Səhiyyə Nazirliyinin bu il fevralın 27-də verdiyi “Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrlə ölkənin səhiyyə orqanlarının bu sahədə fəaliyyəti gücləndirilib. Ölkəyə 160 min doza qızılca-məxmərək əleyhinə vaksin gətirilib. Mart ayında 90 min nəfərə yaxın insan peyvəndlə əhatə olunub”.
RGEM səlahiyyətlisi bildirir ki, qızılcaya yoluxma faizinin azalması üçün peyvənddən kənarda qalanlar vaksin üçün müraciət etməlidirlər. A. Əliyevanın sözlərinə görə, bu gün peyvəndlə əhatə olunma 95 faizə yaxındır: “İmmunlaşdırma tədbirlərinin səmərəli həyata keçirilməsində əhalinin fəallığı böyük əhəmiyyət kəsb edir. İmmunlaşdırmaya cəlb olunan hər kəs bilməlidir ki, onun vaxtında vaksinasiya olunması həm özünün, həm də yaxınlarının ağır fəsadlar törədə bilən qızılca xəstəliyindən qorunmasını təmin etməyə yönəlib. Ona görə də, kim qızılca və məxmərəyə qarşı peyvənd almayıbsa mütləq peyvənd üçün müraciət etsin”.
Qeyd edək ki, qızılcaya yoluxma ölüm hallarına da gətirib çıxardır. ÜST-ün məlumatına görə, qızılca 2017-ci ildə dünya boyunca 110 min ölümə səbəb olub. Qızılcaya yoluxma halları peyvəndləmənin kifayət qədər yüksək səviyyədə həyata keçirildiyi Birləşmiş Ştatlar, İsrail, Tayland və Tunisdə də artıb. Məlumatda deyilir ki, qızılcanın sürətlə və geniş yayılmasına bu xəstəlikdən peyvənd edilməmiş insan qrupları səbəb olur. ÜST bunu da bildirir ki, vaksinasiyanın həyata keçirilməsi adamların müdafiəsini yaxşılaşdırır, lakin epidemiyaların baş qaldırmaması üçün əhalilərin 95 faizinin peyvəndli olması tələb edilir. Ekspertlər deyirlər ki, “təhlükəsiz və effektiv vaksinin iki dozası qızılcanın tamamilə dəf olunmasını təmin edir”. Amma bu da əlavə edilir ki, qızılcaya qarşı dünya boyunca birinci dozanın verilməsi 85 faizdən çox olmayıb, ikinci dozanı isə adamların yalnız 67 faizi alıb. ÜST həyəcanla bildirir ki, 25-dək ölkə vaksinasiyanın ikinci dozasını milli peyvəndləmə proqramlarına heç daxil etməyib. Qızılca vaksinlərinə qətiyyətlə müqavimət göstərən çox sayda valideynin olduğu ABŞ-da aprelin əvvəllərində qızılcaya yoluxma halları 20 faiz artıb.
Zülfiyyə QULUYEVA