Əlaqə Arxiv
news Image
2019.04.17
07:00
| A A A
Əcnəbilərin Azərbaycanın əmlak bazarına marağı artır
Rövşən Talıbzadə: “Belə vəziyyət ilk növbədə ölkəmizdə mənzil, daşınmaz əmlak qeydiyyatı sisteminin asan, rahat olmasından qaynaqlanır”

Azərbaycanda mənzil almaq istəyən əcnəbilərin sayı sürətlə artır. Alınan mənzillərin yarıdan çoxu isə bölgələrin payına düşür. Azərbaycanda mənzil almağa maraq göstərən əcnəbi vətəndaşlar əsasən Türkiyə, İran, ərəb ölkələri vətəndaşları, habelə Gürcüstan və Rusiyada yaşayan azərbaycanlılardır. Ekspertlərin sözlərinə görə, yaxın illərdə xarici ölkələrdən olan vətəndaşların Azərbaycanın əmlak bazarına marağı daha da artacaq. Bu marağı şərtləndirən səbəblər hansılardır? 

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin dediyinə görə, daha çox əcnəbini Azərbaycanda mənzil almağa həvəsləndirən başlıca səbəb burada daşınmaz əmlakın qeydiyyatı sisteminin rahat olması amilidir: “Əcnəbilərin Azərbaycanda mənzil almağa olan marağının ilbəil artdığı müşahidə olunur. Bunun da təbii ki, bir çox səbəbləri var. Belə vəziyyət ilk növbədə ölkəmizdə mənzil, daşınmaz əmlak qeydiyyatı sisteminin asan, rahat olmasından qaynaqlanır. Burada yeni elektron sistemin tətbiqi, həmçinin mənzil alqı-satqısının sadə prosedur qaydaları ilə həyata keçirilməsi və prosesin tez başa çatması, heç bir maneənin olmaması da öz rolunu oynayır.

İkinci bir tərəfdən, əcnəbilərin ölkəmizdə mənzil almağa ciddi həvəs göstərmələrində onların bura müxtəlif təyinat və məqsədlərlə gəlməsi amilinin də rolu ola bilər. Ola bilər, bəzi əcnəbilər burada tələbə olaraq oxuduğuna görə, kirayədə qalmaqdansa, mənzil almağa üstünlük verib. Bəzi belə tələbələr sonradan burada işləyrək qalmaq üçün mənzil almağa girişirlər. Hər hansı bir layihədə iştirak edən və davamlı olaraq Azərbaycanla işgüzar əlaqəsi olan sahibkarlar da ölkəmizdə mənzilə sahib olmağa maraq göstərən əcnəbilərdəndir. Bakıdan kənarda mənzil alan əcnəbilər isə mövsümü aylarda gələrək ölkəmizin turizm bölgələrində istirahət etmək üçün şəxsi mənzillərə sahib olmağa üstünlük verirlər. Bir çox əcnəbilələr isə burada mənzilə sahib olmaqla sonradan onu investisiyaya yönəltməyə  meyl edirlər. Yəni burada mənzil alıb sonradan onu başqa bir əcnəbiyə kirayəyə verməklə investisiya məqsədi güdürlər”.

Bu və ya digər ölkədə hər hansı başqa bir ölkələrin daha çox sayda xarici vətəndaşı daşınmaz əmlak almağa meyl göstərirsə, yaranmış vəziyyət həmin dövlətdə iqtisadi yüksəlişin, əmin-amanlığın olmasının bariz nümunəsidir. Əcnəbiləri də ilk növbədə məhz daşınmaz əmlak almaq istədikləri ölkənin iqtisadi yüksəlişi, təhlükəsizlik amili daha çox maraqlandırır. Xaricilər Azərbaycanda daha çox mənzil almağa girişibsə, deməli, bu amilin özü ölkəmizdə iqtisadi inkişafın olduğunu əyani şəkildə göstərir.

Həmsöhbətimiz onu da qeyd etdi ki, bir çox xarici sahibkar, tələbələr burada müəyyən iş fəaliyyəti qurur: “Onlar buradakı fəaliyyətlərini davam etdirmək üçün qanunla hər üç aydan bir öz ölkələrinə qayıtmalıdır. Amma mənzil sahibi olduqda və onun dəyəri 100 min manatdan çoxdursa, həmin əcnəbi artıq Azərbaycan ərazisində qeydiyyata düşə bilir. Qeydiyyata düşməklə də artıq onun məhdud şəraitində yaşamaq məhdudiyyəti də ortadan qalxır. Əsas şərt isə həmin əncəbinin burada aldığı mənzilin dəyəri 100 min manatdan yuxarı olmalıdır burada müvəqqəti və yaxud daimi qeydiyyata düşə bilsin. Aparılan monitorinqin nəticələrinə görə, Azərbaycanda mənzil almaq istəyən əcnəbilərin əksəriyyəti İran və Türkiyə vətəndaşlarıdır. Həmçinin, ölkəmizdə mənzil alan xaricilər arasında Rusiyada yaşayan azərbaycanlılar üstünlük təşkil edir. Yəni burada mənzil almağa marağı olan vətəndaşlar əsasən qonşu ölkələrdən gələnlərdir. Onu da qeyd edim ki, xaricilər daşınmaz əmlak alarkən daha çox mənzil almağa üstünlük verir.  Çünki ölkə qanunvericiliyinə görə, torpağın əcnəbi vətəndaşlara satışı qadağandır. Bu səbəbdən də əcnəbilər daşınmaz əmlak seqmentləri içərisində həyət evi deyil, yaşayış mənzili almağa daha çox meyl edirlər. Bakı şəhərində mənzil alan əcnəbilər əsasən mərkəzi hissələrdə almağa daha çox üstünlük verir. Yəni əcnəbilərin aldığı mənzillər əsasən paytaxtın 1,2 və 3-cü zonalarında yerləşən yaşayış yerləridir. Ölkəyə gəldikdə isə, xaricilər əsasən şimal bölgəsi və şəhər tipli yaşayış məntəqələrindən mənzil alırlar”.

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz