Əlaqə Arxiv
news Image
2019.04.19
07:00
| A A A
Növbəti “Formula 1” Azərbaycana yeni turist axınına rəvac verir
Vüqar Bayramov: “Beynəlxalq səviyyəli hər bir idman yarışı ölkəyə daha çox turistin cəlb edilməsi üçün yaxşı amildir” Müzəffər Ağakərimov: “Formula 1” yarışları keçirildiyi günlərdə ölkəyə ona baxmaq üçün çoxsaylı turist gəlir”

Artıq dördüncü ildir ki, Azərbaycan paytaxtı Bakı şəhəri dünyanın möhtəşəm idman yarışlarından olan “Formula 1”-ə ev sahibliyi edir. Bu istiqamətdə Bakıda növbəti yarış aprelin 27-28-də olacaq.

Onu da qeyd edək ki, beynəlxalq əhəmiyyətli bu kimi yarışlar ölkəmizə turist axınına da rəvac verir. Hər dəfə “Formula 1” yarışı keçiriləndə Azərbaycana daha çox turistin gəldiyinin şahidi oluruq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, “Formula 1” yarışı Azərbaycana növbəti turist axınına səbəb olacaq: “Formula 1” yarışlarının ölkəmizdə keçirilməsi turizm, xüsusən də xidmət sektorunun inkişafına mühüm təsir göstərən amillərdəndir.

Sözsüz ki, ölkəyə nə qədər çox turist gəlirsə, xidmət sektorundakı aşağı keyfiyyəti aradan götürmək, rəqabətin gücləndirilməsi bu baxımdan . Etiraf emək lazımdır ki, turizm sektorunun inkişafı ilə bağlı dövlət dəstəyinin artması, habelə infrastrukturun formalaşması əvvəlki illərdə Azərbaycana daha çox turistin gəlməsinə imkan yaradıb.  Amma bununla yanaşı, onu da etiraf edək ki, xidmət sektorunda, əksər otel və restoranlarda xidmətin keyfiyyətinin artmasına gətirib çıxarmayıb. Xidmətin keyfiyyətinin kəskin dəyişməməsi nəticə etibarı ilə ölkəyə gələn turistlərin sayına da təsir edir. O baxımdan beynəlxalq səviyyəli idman yarışları fonunda dövlət dəstəyilə yanaşı, həm də xidmət sektorundakı rəqabətin gücləndirilməsi, xidmətin keyfiyyətinin artırılması çox vacib elementdir. Bu istiqamətdə özəl şirkətlər daha aktiv olmalı, sahibkarlar xidmətin keyfiyyətini artırmalıdırlar.

Birmənalı şəkildə aydındır ki, beynəlxalq idman yarışları daha çox turistin ölkəyə gəlməsi, o cümlədən xidmət sektoru və turizmdə rəqabətin gücləndirilməsi baxımından vacibdir və proses buna da  gətirib çıxarır. Nəticə etibarı ilə ölkəyə daha çox turist gəlirsə, turist obyektləri rəqabət aparmaq məcburiyyətində qalacaq və onlar üçün daha çox turisti cəlb etmək prioritet məsələ olacaq.

Digər tərəfdən, turizm sektorunda bum dövrü başa çatır. Adətən, dövlət dəstəyi və infrastrukturun formalaşması bu sahədə bumun yaşanmasına gətirib çıxardı. Azərbaycanda da turizm sahəsində son iki ildə müşahidə edilən bum praktik olaraq başa çatmaqdadır. Bu kontekstdən də turizm və xidmət sektorunda keyfiyyətin artırılması çox vacibdir. Özəl şirkətlər çalışmalıdır ki, daha yüksək keyfiyyətli xidmət təklif etməklə buradakı inkişaf tempini qoruyub saxlaya bilsinlər”.

Turizm üzrə ekspert Müzəffər Ağakərimov da əminliklə söylədi ki, “Formula 1” ölkəmizə yeni bir turist axınına gətirib çıxaracaq: “Ümumiyyətlə, beynəlxalq səviyyəli hər bir idman yarışı ölkəyə daha çox turistin cəlb edilməsi üçün yaxşı amildir. O cümlədən, “Formula 1” yarışı da burada mühüm rol oynayır. Çünki həmin yarışın keçirildiyi günlərdə ölkəyə ona baxmaq üçün çoxsaylı turist gəlir. Bizim vəzifəmiz isə onlara yaxşı xidmət göstərməkdən ibarətdir.

Mehmanxanalarda, turizm şirkətlərində ekskursiya bələdçiləri öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlməlidirlər ki, turistlər də ölkəmizdə xidmətin beynəlxalq standartlara cavab verdiyini əyani olaraq görsün. Belə olarsa, ölkəmizə gələn turistlərin sayı da sürətlə artacaq. Bu bir aksiomadır. Bununla bağlı Azərbaycan Turizm Assosiasiyası olaraq bütün turist qurumlarına fikirlərimizi çatdırmışıq. Turizm axınının artımı üçün xidmətin keyfiyyəti və qiymət siyasəti münasib olmalıdır. Qiymətlərin münasib olması turistləri qane edən başlıca amildir. Nəzərə alaq ki, hər bir ölkədə bahalı, orta və aşağı imkanlara malik turistlər vardır”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz