Əlaqə Arxiv
news Image
2019.04.22
19:34
| A A A
Tanınmış şairlə görüş

Xıdır Məmmədov adına Masallı rayon Xırmandalı kənd tam orta məktəbinin kitabxanasında “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib” və “Tarix kitabı” kitablarının müəllifi, şair Arif Fərzəli ilə görüş keçirilib.
Məktəbin direktoru Kamal Fərəməzov tanınmış şairin həyat və yaradıcılığı haqqında məlumat verib bildirib ki, Arif   Fərzəli  (Arif  Xudakərim  oğlu  Fərzəliyev)  1956-cı  ildə  Masallı  rayonunun  Xırmandalı kəndində ziyalı ailəsində  anadan  olmuşdur.  Atası Xudakərim müəllim də sözə - sənətə qiymət vermişdir. Kənd müəllimi işləməklə bərabər bədii yaradıcılıqla da məşğul olub. Gözəl bəhri-təhvillər müəllifi kimi yadda qalıb.  Arif   Fərzəli  Azərbaycan  Dövlət  Universitetinin  (BDU)  kimya    fakültəsini  və  Qorki adına Moskva  Ədəbiyyat  İnstitutunun  poeziya  şöbəsini  bitirmişdir. Arif müəllimin tərcümeyi – halına bunu da əlavə etmək olar: O, Azərbaycan  Yazıçılar  Birliyinin  və  Azərbaycan  Jurnalistlər   Birliyinin  üzvüdür. Ayrı-ayrı  illərdə  respublika "Gənclik"  jurnalının  bölgə  müxbiri,  "Qala"  qəzetinin    baş  redaktor  müavini olmuş və "Fidan"  qəzeti ilə əməkdaşlıq  etmişdir.    

Sonra tədris şləri üzrə direktor müavini İmdad Abuşov, tədbirin təşkilatçısı İlduzə Qasımova kitabxananın müdiri Gülnarə Nəzərova, müəllimlərdən Əfsər Cəfərov, Kamal Qasımov, Hasil İsmayılov şairin yaradıcılığından danışaraq, onun həm də pedaqoq kimi uzun illərlik fəaliyyətini qeyd edib.
Şagirdlərdən Polad Əmənov, Həsən Abbaszadə, İlduzə Qasımzadə, Elcan Fərzəliyev, Quram Niftiyev, Nərmin Baxşıyeva, Rəfiqə Hacıyeva, Tunar Məmiyev və Arif Məmmədov A. Fərzəlinin şeirlərini söyləyiblər.
Dəyərli oxucularımıza şair A.Fərzəlinin bir neçə şeirini təqdim edirik:
  QORUYA  BİLMƏDİM
Sən  çəkəni  dağ  da  çəkməz,
Qoruya  bilmədim  səni.
Mən  bilirdim...
               uzaq  çəkməz...
Qoruya  bilmədim  səni.
 
 
Harda  gizlədim  tapdılar,
Tapıb...  daşlara  çaxdılar.
Nalın  qopunca  çapdılar,
Qoruya  bilmədim  səni.
 
 
Məndən  uca  vaxt  hasarı,
Aşammadım  baxta  sarı...
Canımda  can  ixtisarı,
Qoruya  bilmədim  səni.
 
 
Mələklər  əldə  qar  qaldı,
Əlim  ələmtək  qaraldı...
Səndən  vecsiz  nə  var  qaldı,
Qoruya  bilmədim  səni.
 
 
Bərədə  ov  güdən  kimi,
Ağrı  qapdı  yetən  kimi.
Ürək,  elə  vətən  kimi
Qoruya  bilmədim  səni.

 
 SİZİN   DÜNYA
 
Şələ-şələ  dərd  götürdüm,
Qucaq-qucaq  qəm  gətirdim...
Çaxmağı  qova  yetirdim-
          içimdə  bir  ocaq  çatdım...
          gördüm ...  güldü  içimdə.
 
İçimdə  çatdığım  ocaq
tutuşmamış,
közü-közünü  tutmamış,
        qoru  gözünü  tutdu...
Mənə  üzünü  tutmamış,
vaxtsız  getdi,
cavan   öldü  içimdə...
 
Canım  varmı  candan  sonra?
Can  olurmu ...  ondan  sonra?
Sizin  dünya  bundan  sonra 
bir  əklildi  içimdə...
 
 
 
 
 
 
 
              YETİM  SEGAH
                         Tarzən  Ramiz  Quluyevə
 
Mizrab  toxunacaq,  sim  ağlayacaq,
Zili  hönkürəcək,  bəm  ağlayacaq.
Gördüm  məni  ən  çox  kim  ağlayacaq,
Qoy  bir  harayında  itim   segahın.
 
 
Bu  nizə  daşları  keçən  niyəzmiş,
Elə  bu  nizənin  yönü  bizəymiş...
Ağrısı-acısı  hələ  təzəymiş,
Yarası  qədimdən-qədim  segahın.
 
 
Simlər  pərdə  üstə  yollardı  qoşa,
Gedən  ölməzliyə  gedib  qovuşar.
Bir  qaçıb  obaya  hay  sal,  ay  uşaq,
Dədəsi  tapılıb  "Yetim  segahın"...
 
 
 
 
     ETİRAF
 
 
Başının  üstə  bu  göyü  sevdim,
Sevdiyin  havanı,  çiçəyi  sevdim.
Sənin  xatirinə  çox  şeyi  sevdim...
Tək  səni  heç  cürə  sevə  bilmədim...
 
 
Günləri  yerlərə  verdik  nahaqdan,  
Ayrılaq,  bəlkə  də  belə  yaxşıdır.
Üfrülə-üfrülə  yanan  ocaqdan
Bəlkə  ocağın  külü  yaxşıdır?!
 
 
Daha  əllərimi  qaldırıb  göyə,
Hicranın  önündə,
çıxıb  gedirəm.
Birdə  görüşünə  gəlməyim  deyə,
Yolları  ardımca  yığıb  gedirəm.
Mən  səni  heç  cürə  sevə  bilmədim.
 
    Təüdim etdi:
Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz