Əlaqə Arxiv
news Image
2019.04.24
09:00
| A A A
Qızılca xəstəliyi sərhədlərimizə dirəndi
Afaq Əliyeva: «Qızılcaya yoluxma faizinin azalması üçün peyvənddən kənarda qalanlar vaksin üçün müraciət etməlidirlər»

Qızılca virusunun yayılma arealı artıq Qafqazın əksər ərazilərini əhatə edir. Qonşu Gürcürcüstanda qızılca virusuna yoluxanların sayı durmadan artır.

Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri David Sergeyenko bildirib ki, Gürcüstanda qızılca virusunun yayılma riski böyükdür. Odur ki, əhali könüllü olaraq kütləvi şəkildə peyvənd olunmalıdır. Nazir qeyd edib ki, bu gün ölkədə 120 min vətəndaş peyvənd olunub. Lakin bu qızılcaya qarşı kəsərli mübarizə üçün yetərli deyil.

Gürcüstanlı nazirin sözlərinə görə, bu xəstəliyə qarşı mübarizənin daha səmərəli olması üçün ən az 300 min vətəndaşın qızılcaya qarşı peyvənd olması lazımdır. Son məlumata görə, Gürcüstanda 2019-cu ilin yanvar-aprel ayları ərzində 3172 nəfər qızılcaya yoluxub. Bu göstərici 2018-ci ilin göstəricilərini üstələyir. Həkimlər hər gün 15-25 yeni yoluxma faktları ilə qarşılaşırlar. Hətta bədnam qonşumuz Ermənistanda da qızılcaya yoluxma halları müşahidə olunur. Azərbaycanla həmsərhəd ölkələrdə qızılca virusunun alovlanması bizim üçün də ciddi narahatlıq yaradır. Ölkəmizdə artıq qızılca və məxmərəyə qaşı peyvəndləmə işlərinə başlanılsa da, narahatlıq hələ də qalmaqdadır.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyir ki, qızılca hava damcı yolu ilə yayıldığından, xəstəliyə yoluxma hallarının qarşısını almağın ən optimal yolu peyvəndləmə işləri aparmaqdır: “Bildiyiniz kimi, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyi alovlanmağa başladıqdan sonra ölkəmizdə də xəstəliyin gətirilmə halları qeydə alınmağa başladı. 2018-ci ilin sonundan başlayan xəstəlik halları əsasən 20-40 yaşlı, vaxtilə peyvənd olunmamış əhali arasında da qeydə alınmağa başladı.

Səhiyyə Nazirliyinin bu il fevralın 27-də verdiyi “Respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi barədə” əmrlə ölkənin səhiyyə orqanlarının bu sahədə fəaliyyəti gücləndirilib. Ölkəyə 160 min doza qızılca-məxmərək əleyhinə vaksin gətirilib.  Hal-hazırda peyvənd işləri davam edir. Eyni zamanda təmizləyici immunlaşdırma işləri həm uşaq və yeniyetmələr arasında və böyük yaşlı əhali arasında aparılır.

Böyük yaşlı əhalinin qızılca və məxmərəyə qarşı peyvəndlə əhatə etmə statistikası bu gün artıq ölkədə 110 mindir. Respublikanın bütün şəhər və rayon tibb müəssisələrində kifayət qədər vaksin var. Aprelin 24-dən etibarən respublika üzrə Avropa "İmmunlaşdırma həftəsi"nə start veriləcək. Odur ki, qızılcaya yoluxma faizinin azalması üçün peyvənddən kənarda qalanlar vaksin üçün müraciət etməlidirlər”.

A. Əliyeva bildirir ki,  aprel ayının 24-dən başlanacaq "İmmunlaşdırma həftəsi" bu ayın 30-u  tarixində  yekunlaşacaq. O, "İmmunlaşdırma həftəsi"nin əsasən uşaqlar üçün nəzərdə tutulduğunu desə də, böyük yaş qrupunda əhalinin də qızılca və məxmərəyə qarşı peyvənd olunmasının aperl ayının sonuna qədər nəzərdə tutulduğunu söylədi: "Hətta İmmunlaşdırma həftəsi çərçivəsində böyük yaşlı əhali də qızılca və məxmərəyə qarşı peyvənd oluna bilər.

Qeyd edim ki, Səhiyyə naziri Oqtay Şirəliyev “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” Əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin Azərbaycanda da  yüksək səviyyədə təşkili məqsədini daşıyır. Əmrdə 2019-cu ilin aprel ayının 24-30 tarixlərində Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırıqlar verilib. Qeyd edilib ki, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, ÜST dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanin rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb”.

Əliyeva bildirir ki, Azərbaycanla həmsərhəd ölkələrdən qızılca virusunun yayılmasının qarşısını sərhəd-keçid məntəqələrində hər hansı profilaktik tədbirlə almaq mümkün deyil: “Qızılca hava-damcı yolu ilə yayılan bir virusdur. Bu virus yüksək hərarətlə müşahidə olunur. Əgər kimdəsə bu virusa qarşı immunitet yoxdursa, peyvənd olunmayıbsa, bu xəstəlikdən qorunmaq ehtimalı çox azdır.

Xəstə ilə təmas zamanı qızılca virusuna yoluxması mümkündür. Qızılcaya yoluxan insanlar səpkili halda, yüksək hərarətlə evdən çıxıb başqa ölkəyə getmirlər. Xəstəliyin inkubasiya dövrü isə 10-14, bəzi hallarda 21 gün də ola bilər. Bu müddətdə xəstəliyin heç bir əlaməti olmur.Amma inkubasiya dövründə kiminsə belə insanlardan qızılca virusuna yoluxması mümkündür. Ona görə də, xəstəlikdən qorunmağın ən düzgün yolu peyvənd olunmaqdır”.

Əliyeva qızılca virusuna yoluxan şəxslərdə xəstəliyə qarşı ömürlük immunitet yarandığını söylədi.

 

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz