Əlaqə Arxiv
news Image
2019.04.25
09:00
| A A A
Nikahların milliliyini qorumaq müşkülə çevrilir
Aynur Veysəlova: “Çox təəssüf ki, Azərbaycanda selektiv abortların real statistikasını aparmaq mümkün deyil”

Azərbaycanda doğulan oğlan uşaqlarının sayının qızları  üstələməsi selektiv abortlarla əlaqələndirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı ölkəmizdə hər il azı 20 min abort etdirildiyini bildirib. Bəs görəsən, bu rəqəmin nə qədəri sellektiv abortların payına düşür?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Demoqrafiya və məşğulluq siyasəti şöbəsindən bildirirlər ki, Azərbaycanda bu gün hər doğulan 100 qıza 114 oğlan düşür. Bu da selektiv abortların fəsadlarıdır. Normaya görə isə, hər doğulan 100 qıza 105-107 oğlan düşməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova Mövqe qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda doğulan oğlanların qızlara say nisbəti hazırda demoqrafik təhlükə  həddində olmasa belə, prosesin davamlı olmasının narahatlıq yaradır: “Hazırda ölkəmizdə qızların sayının azalması demoqrafik problem yaratmasa da, yaxın gələcəkdə oğlanlar öz həmyaşıdları olan qızları tapa bilməkdə çətinlik çəkəcək. Bu isə oğlanların xarici qızlarla münasibət qurmasına, əcnəbilərlə nikahının artmasına gətirib çıxardacaq. Hazırda əcnəbilərlə nikah o qədər də çox deyil. Amma qızların sayının azalması belə davam edərsə, əlbəttə ki, bu say artacaq. Təsəvvür edin ki, hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Belə davam edərsə, evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Bu halda  həm subayqalma halları olacaq, həmçinin də oğlanlar başqa ölkələrdən, başqa millətlərdən olan qızlarla evlənəcək. Beləcə nikahların milliliyini qorumaq çətinləşəcək”.

A.Veysəlova bu problemin abortlarla əlaqəli olduğunu inkar etmir. Amma bununla belə Komitə səlahiyyətlisi edilən abortların nə qədərinin selektiv abortların payına düşdüyünü təsdiqləyən statistik rəqəm olmadığını dilə gətirir: “Çox təəssüf ki, Azərbaycanda sellektiv abortların real statistikasını aparmaq mümkün deyil. Çünki, bunun üçün bir indikator yoxdur. Sadəcə olaraq oğlan uşaqlarının sayı qızları üstələdikcə biz sellektiv abortların aparıldığını təsdiqləyirik. Amma bu gün abortların nə qədərinin dölün cinsinin qız olduğuna görə aparıldığını dəqiqliklə söyləmək mümkün deyil. Qanunvericilikdə hamiləliyin 12 həftəsinə qədər aborta icazə verilir. Çünki, 12 həftəyə qədər dölün cinsini təyin etmək mümkün deyil. 12 həftədən sonra isə hamiləlik yalnız tibbi və sosial göstəriş əsasında sonlandırıla bilər. Tibbi göstərişdə mütləq ana və uşağın həyatı üçün təhlükə olduğu, sosial göstərişdə isə, rayon icra hakimiyyətindən ailənin sosial durumunun ağır olduğu, çoxuşaqlı ailə olduğunu təsdiqlənməlidir. Bu sənədlər olmadığı halda qanunla hamiləliyin  12 həftəsindən sonra abortun aparılması yolverilməzdir”.

A.           Veysəlova deyir ki, bu gün mini abortların məhz dölün cinsinə görə aparıldığı halları var. Amma bunun təsdiqlənməsi problemdir: “Ona görə də, biz   Dayanıqlı İnkişaf Məqsədlərində belə bir göstəricinin hazırlanması, indikatorun yaradılması məsələsini nəzərdə tutmuşuq”.

Qeyd edək ki, qız uşaqlarının sayının azalmasında sosial abortların da rol oynadığı fikri var.  Amma yaxın zamanlarda bu məsələ də qanunla öz həllini tapacaq. Çünki, Azərbaycanda hamiləliyin 12 həftəsindən sonra sosial vəziyyətə görə dölün  abort edilməsi qaydaları sərtləşdiriləcək. Bundan sonra hər hansı bir qadının ailə vəziyyətlərinin ağır olduğu, ərinin işləmədiyi, yaxud da əlil olduğunu əsas gətirib hamiləliyin 12 həftəsindən sonra abort etdirməsi asanlıqla mümkün olmayacaq. Qanunun qəbulindan sonar buna bir həkim yox, konsiliumun qərar verəcək. Yalnız konsiliumun qərarından sonra sosial duruma görə aborta icazə veriləcək. Azərbaycanda sellektiv abortlar qarşısı alınmaz problemə çevrilsə də, artıq bəzi ölkələr ümumiyyətlə abortu qanunla qadağan ediblər. Məsələn, cənubi Koreyada 66 ildir ki, abort qadağası qüvvədədir. Qeyd edək ki, C.Koreyada 1953-cü ildən etibarən abort qadağandır. Buna riayət etməyən qadınlara 1750 dollar cərimə, abort edən həkimə isə 2 il həbs cəzası nəzərdə tutulub.

Zülfiyyə QULUYEVA

 

Sizin Reklam Yeriniz