news Image
2012.04.03
18:19
| A A A
Avtomobil şirkətləri "07" ehtiyatı yığırlar
May ayından sonra onlar baha qiymətə satışa çıxarılacaq

Vüqar Bayramov: "Hazırda 6,5 - 7 min manata satılan avtomobillər may ayından sonra 7-8 min manat arasında satılacaq"

Natiq Əkbərli: "Ola bilsin ki, "jiqulilər"in qiymətlərində müəyyən miqdarda artım olsun"

Xəbər verildiyi kimi, mayın 1-dən Azərbaycana ABC əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin Azərbaycana idxalı dayandırılacaq. Həmçinin eyni vaxtdan Bakı şəhərində Rusiya istehsalı olan avtomobillərlə taksi xidmətləri göstərməsinə qadağa qoyulacaq.


Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mayın 1-dən etibarən Bakı şəhərində yalnız "London taksiləri" və digər ağ rəngli avtomobillər taksi xidmətini göstərəcək. Göstərilən vaxtdan sonra lisenziyası olmadan və Rusiya istehsalı olan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə İnzibati Xətalar Məcəlləsinin 150.4 maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq ediləcək və onların taksi fəaliyyəti ilə məşğul olmasına qadağa qoyulacaq.


Burada əsas ziyan sözsüz ki, Rusiya istehsalı olan avtomobillərə dəyəcək. Onsuz da, "Jiquli"lərin istehsalının dayandırılacağına dair əvvəlcədən söz-söhbətlər gəzirdi. Çünki bu avtomobillər Avropa standartlarına nəinki cavab vermir, hətta minimal kriteriyalardan belə uzaqdır.


Onu da qeyd edək ki, "AvtoVAZ"ın avtomobilləri daha çox MDB ölkələrinə ixrac olunur, Avropada bu avtomobillərin üzünə belə baxan yoxdur.


Bu arada yayılan məlumatlara görə, mayın 1-dən qüvvəyə minəcək qadağa ilə bağlı olaraq indidən ölkəyə böyük həcmdə "AvtoVAZ" istehsalı olan avtomobillər gətirilir. Təkcə şirkətlər deyil, vətəndaşlar fərdi qaydada Rusiyadan VAZ-2107 almağı sürətləndiriblər.


Ekspertlər bunu həmin markalı avtomobilə olan tələbatın artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, qadağadan sonra "Lada"ların qiymətində artım ola bilər.


İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, Rusiya istehsalı olan avtomobillərin idxalına qoyulan məhdudiyyətlər bu sahədə çalışan şəxslərin maraqlarına heç cür cavab vermir: "Bu sahədə çalışanlar külli miqdarda ziyana düşəcəklər. Hesab edirəm ki, istehsalçı şirkət olan "AvtoVAZ"ın özü də bu qərardan əziyyət çəkəcək. Çünki Azərbaycanda bu şirkətin potensial alıcıları var".


Ekspert hesab edir ki, indidən müəyyən şirkətlərin, şəxslərin ehtiyat olaraq satmaq üçün böyük miqdarda VAZ - 2107 markalı avtomobilləri idxal etmələri ağlabatandır: "Hazırda 6,5 - 7 min manata satılan avtomobillər may ayından sonra 7-8 min manat arasında satılacaq. Bu iqtisadiyyatın qanunudur. Amma bütün hallarda biz iki-üç ildən sonra ölkədə, xüsusilə də paytaxt Bakıda VAZ - 2107-lərin sayının azalmasının şahidi olacağıq".


Nəqliyyat məsələləri üzrə ekspert Natiq Əkbərli hesab edir ki, avtomobil satış mərkəzlərinin bu arada ölkəyə daha çox VAZ - 2107 gətirmələri qısa müddətə hesablanmış addımdır: "Bu heç nəyi dəyişməyəcək. Qərar qüvvəyə minəndən sonra bu avtomobillərə maraq azalacaq və tələbat aşağı düşəcək. Hətta təkliflərdə əvvəlki kimi olmayacaq. Ola bilsin ki, "jiqulilər"in qiymətlərində müəyyən miqdarda artım olsun, amma bu artım bir neçə ay davam edə bilər. Yeni buraxılışlar olmayınca, bu avtomobillərə maraq azalacaq".


Ekspertin sözlərinə görə, avtomobil şirkətlərinin narahatlıqlarına heç bir əsas yoxdur: "Rusiyanın "AvtoVAZ" şirkəti ABS əyləc sistemi və təhlükəsizlik yastığı olan avtomobillərin istehsalına başlayıb. Yəqin ki, bir müddətdən sonra həmin avtomobillərin Azərbaycana ixrac olunmasına başlayacaq. Düşünürəm ki, indiki halda VAZ-2107-lərin yalnız Bakı şəhərində istifadəsinə məhdudiyyət qoyulmalı idi. Kənd rayonlarında belə avtomobillərin istifadəsi heç bir təhlükə yaratmır. Onsuz da, kənd rayonlarında avtomobil sıxlığı yoxdur".



R.XƏLİLOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs