news Image
2019.05.16
10:15
| A A A
Utanmazlıqdan oynayanların həqarəti
Orduxan və daha iki nəfər Azərbaycan xalqının adından danışa bilərmi?

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək üçün mayın 13-də Brüsselə səfər edən ölkə prezidenti İlham Əliyev həm avropalı rəsmilər, həm də soydaşlarımız tərəfindən  orada yüksək səviyyədə qarşılanıb.  Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız dövlət başçısına dəstək aksiyası keçiriblər. Öz prezidentlərini gülərüzləı qarşılayan soydaşlarımız aksiyada “Cənab prezident, Avropaya xoş gəlmisiniz!”, “Cənab prezident, sizi salamlayırıq!” və sair şüarlar səsləndirib, dövlətimizin başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. Bu fakt vətənə başucalığı gətirir, amma...

Əmması budur ki, Azərbaycan Prezidentinin Avropaya səfərləri zamanı əleyhimizə işləyən qüvvələr əməlli-başlı əndişəyə düşürlər. Çünki, hər səfərdə ölkəmizin imicini və nüfuzunu yüksəldən hadisələr baş verir, müzakirələr aparılır, sənədlər qəbul edilir, beynəlxalq aləmə inteqrasiyamız yolunda qarşıya atılan kötüklər yığışdırılır. Ən çox da qatı düşmənimiz olan erməni lobbisi ildən-ilə uduzduqları Azərbaycan diplomatiyasını və onun uğurlarını gözdən salmaq üçün pul tökməkdən çəkinmirlər. Bu dəfə də istisna olmadı, ancaq istehzalı gülüş doğuran abırsızlıq və zəiflik formasında. Belə ki, bir neçə ildir ki, utanmadan oynayan Orduxan adlı birisi yumurtası tərs gəlmiş toyuq kimi küçədə ora-bura qaçıb Azərbaycan nümayəndə heyətini müşayiət edən sürücülərə və digər şəxslərə həqarət yağdırıb, həyasızlıq edib. Bunu, onun özünün çəkib meydan.tv-də nümayiş etdirdiyi kadrlar aydın göstərir.

Demək, saçını uzadıb, ayıb olmasın, qadın kimi arxadan bağlamaqla özünü avropalıya bənzətməyə çalışan bu adam həm də iddia edir ki, guya Azərbaycan xalqının xoşbəxtliyi üçün çalışır. Çalışmağı da ondan ibarətdir ki, ölkəmizin rəhbərliyi Avropaya səfər edəndə küncdə-bucaqda hay-küy salıb ürək bulandırsın. Bu adam nəyə irad tutur? Özünün çəkdiyi və danışdığı kadrlarda Orduxan nümayəndə heyətinin mindiyi maşınları çəkib deyir ki, ay camaat, baxın, bu maşınları Azərbaycan nümayəndə heyəti kirayə götürüb. Qəribədir, varlı Azərbaycanın nümayəndə heyəti Avropaya etdiyi işgüzar görüşlərlə zəngin olan səfər zamanı piyada gəzməli, yaxud da ictimai nəqliyyatdan istifadə etməli idi?! Belə olardısa, heç görüşlərin 30 faizinə vaxt çatdırmaq olmazdı. Bir də, harada görünüb ki, dövlət başçısının rəhbərliyi ilə nümayəndə heyəti avtomobil kortejindən istifadə etməsin?! Elə Orduxanın gözləri qarşısında Avropanın bütün dövlətlərinin nümayəndələri lüks maşınlarda gəzir. Bizim nəyimiz avropalılardan əskikdir. Onlar nefti, qazı bizdən alırlar.

Orduxan nümayəndə heyətinin qaldığı otelin binasını göstərərək deyir ki, baxın, onlar bu oteldə yaşayırlar. Baxın, AzTV də buradadır. Baxın, onlar xalqla görüşmədilər, xalqın yanına gəlmədilər(???). Bu adam özünü xalq adlandırır və istəyir ki, dövlət rəhbərləri onunla mütləq görüşsünlər. Yaxşı, AzTV nümayəndə heyətinin səfərini lentə alıb ölkəyə informasiya vermək üçün harada olmalıdır, küncdə-bucaqda, yoxsa rəsmilərin arasında? Yox, bu adam psixi xəstədir. O, reallığı anlamaq səviyyəsində deyil və dərhal hiss olunur ki, kimlərdənsə pul qoparmaq üçün əllaməlik edir. Hətta arada avtomobilin sürücüsünə həqarətli sözlərlə hücum edir və sürücü də bunu ləyaqətli olmağa dəvət edəndə coşub-daşır, başlayır söyüş söyməyə. Yanında gətirdiyi iki nəfər də bunu telefonla çəkir. Onlar da “azərbaycanlı”dırlar və görkəmlərindən küçə “bomj”larından fərqlənmirlər. Bu səhnə acı istehza doğur ona görə ki, insanın pula görə necə satqınlıq etdiyini nümayiş etdirir, gülməli vəziyyət yaradır, ona görə ki, mənən gədə-güdə olanlar özlərini siyasi xadim kimi qələmə verirlər. Nə edəsən, bu da Avropa siyasətinin reallığıdır, qəhrəmanları isə utanmadan oynayan mahiyyətcə mənasız və cılız dönüklərdir. Yaxşı tapışıblar, ikili standartlardan cılızları partnyor seçən Avropa, qəpik-quruşa görə doğma elinə həqarət yağdıran simasız varlıqlar. Əcəb, əməkdaşlıqdır!

N.NOVRUZ