Əlaqə Arxiv
news Image
2019.05.20
11:27
| A A A
2019-cu ilin birinci rübündə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr

Mayın 16-da Masallı Rayon İcra Hakimiyyətinin başçısı yanında geniş şura iclası olmuşdur. RİH başçısı cənab Rafil Hüseynovun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat məruzəsi ilə çıxış etmişdir.
Şura iclasını açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə 30 aprel 2019-cu il tarixdə Naz.irlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq.
Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik.
Natiq demişdir: “ Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2019-cu ilin birinci rübü sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
Park-bulvar kompleksinin tikintisi ilə əlaqədar rayon İcra hakimiyyəti tərəfindən ilkin olaraq yatağın beton məcraya salınmış 591 p/m-lık sağ və sol hissələrində torpaq materialının əraziyə daşınması və relyefin ümumi hamarlanması işləri görülmüş, 2 hissədə yağış sularının kənarlaşdırılmasından ötrü drenaj şəbəkəsi qurulmuşdur. Artıq 5500 kvm sahəyə plitə döşənmiş və işlər davam etdirilir.
Şəhərin Vidadi, Elşad Əhədov küçələrinə asfalt çəkilmiş, Nəsimi, Q.Qarayev, M.Araz, C.Cabbarlı, Təbriz, Xəqani Şirvani və digər iki küçənin qırmadaşla təmir işləri həyata keçirilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Rüb ərzində adambaşına düşən pul gəlirləri 2496 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 304 manat olmuşdur.
2019-cu ilin birinci rübündə Masallı rayonunun gəlirləri 18 milyon 630 min 84 manata qarşı 23 milyon 931 min 45 manat və ya 128,4 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 20 milyon 104 min 19 manata qarşı 18 milyon 533 min 84 manat və ya 92,1% icra olmuşdur.
2019-cu ilin birinci rübündə Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 2353 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 824-ü qadındır. Qeydiyyata alınanlardan 735 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 276 nəfərini qadınlar təşkil edir.
1 aprel 2019-cu il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 72779 başa, xırda buynuzlu mal-qaranın sayı 90597 başa çatmışdır. Birinci rubda süd istehsalı 12239,2 tona, ət istehsalı 1558,8 tona, yumurta istehsalı 18622 min ədədə çatmışdır.
Masallı rayonu üzrə kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26732 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları təşkil edir ki, bu torpaqların da 23628 ha əkin, 1275 ha çoxillik əkmələr, 1829 ha isə biçənəklərdir.
Artıq 2019-cu ilin yazlıq əkinlərinə başlanılmış, 839,9 ha kartof, 105 ha paxla, 249,5 ha noxud, 30,5 ha mərci, 31,5 ha lərgə, 34,7 ha lobya, 140,6 ha sarımsaq, 87,6 ha yonca, 83,2 ha soğan, 181,7 ha göyərti, 231 ha bostan bitkiləri, 443,1 ha tərəvəz və 34,4 ha sair əkinlər aparılmışdır. Yazlıq əkin işləri hazırda da davam etdirilir.
Cari ildə rayon ərazisində 35 hektar sahədə tütün əkilməsinə hazırlıq işləri başa çatdırlımaq üzrədir.
Rayonda 2019-cu ildə 300 hektar sahədə çəltik əkilməsi nəzərdə tutulmuşdur. Hazırki vaxtadək bu məqsədlə 76 hektar sahədə şum vurulmuşdur.
Cari ildə isə rayon üzrə 120 qutu barama qurdları gətirilərək kümçülərə paylanmış və 5 ton yaş barama təhvil verilməsi proqnozlaşdırılır.
Rayon üzrə 24964 ha əkin sahəsinin 17000 hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay Su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir. Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır. 
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2019-cu il tarixli Sərəncamı ilə otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi məqsədilə 6,8 milyon manat vəsait ayrılmışdır. Artıq bu istiqamətdə işlərə başlanılmışdır. 
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində hazırda 26 min 709 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 165 nəfərə əmək pensiyası təyin olunmuşdur.
2019-cu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən yaşa görə 14281, əlilliyə görə 10344, ailə başçısını itirən kimi 2084 nəfərə əmək pensiyası ödənmişdir.
Rüb ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda təmir- bərpa işləri aparılmışdır. Belə ki, 110/35/10 kv-luq Tüklə, Masallı yarımstansiyalarında ümumilikdə 1857 ədəd 0,4 kv-luq, 181 ədəd 10 kv-luq dayaqlar basıdırlmış, 84111 metr SİP kabel çəkilmiş, 1593 ədəd Smart tipli sayğac quraşdırlmışdır. 
Əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə 2019-cu ilin I rübü ərzində bir sıra işlər görülmüşdür. Rayon üzrə qaz alan əhali abonentlərinin sayı 40510, sənaye abonentlərinin sayı isə 290-dır.
Masallı rayonunda 103 yaşayış məntəqəsindən 90-ı (97 %) qazlaşdırılmış və qaz almayan 13 yaşayış məntəqələri barədə məlumatlar hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına və Azəriqaz İB-ə təqdim edilmişdir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən rüb ərzində yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 37 min m2-ə çatdırılmışdır. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 160-200 m3 olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000- dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
Natiq qeyd etmişdir ki, son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət almış və 55 məktəb binası yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Rüb ərzində modul tipli Təkdam və Xallıcallı kənd ümumi orta məktəbləri istifadəyə verilımişdir. Hazırda Gəyəçöl tam orta, Şıxlar və Bala Təklə ümumi orta məktəblərinin tikintisi davam etdirilir. Buna baxmayaraq bu sahədə görüləsi işlərin miqyası daha böyükdür. Belə ki, 27 məktəbin tikintisinə, 15 məktəbin isə əsaslı təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd və Masallı şəhər 1 saylı uşaq bağçaları qəzalı vəziyyətdədir.
2019-cu ilin ilk üç ayında rayonda 492 nəfər uşaq doğulmuş, perinatal ölüm 10,2 promil (5 nəfər), ölü doğulan 8,1 promil (4 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur. Bundan əlavə rüb ərzində uşaqlar arasında yolxucu xəstəliklər qeydə alınmamışdır.
 Turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. 
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2019-cu ilin birinci rübündə rayon ərazisində 107 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92,3 % olmuşdur.
Rüb ərzində rayon İcra hakimiyyətinə daxil olan 445 müraciətdən 255-i rayon İcra hakimiyyətinə, 190-ı isə yuxarı təşkilatlara ünvanlanmışdır. Müraciətlərin 366-sı ərizə, 73-ü şikayət, 6-sı təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 41 ədəd, şikayətlərin sayında isə 16 ədəd azalma olmuşdur. Bu dövr ərzində keçirilən qəbullar zamanı ümumilikdə 208 nəfər vətəndaş qəbul edilmişdir.
Onlardan 155 nəfəri rayon İcra hakimiyyətində, 43 nəfəri səyyar, 10 nəfəri virtual qəbullarda qeydə alınmışdır. 
Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Məruzəçi demişdir ki, görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir. Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli 491 nömrəli Sərəncamına uğun olaraq Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarmasının yaxşılaşdırılması məqsədilə 37 sututarda zəruri təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m3-ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuşdur və bu istiqamətdə layihələndirmə işlərinə başlanılmışdır.
Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İstisu zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
2019-cu ildə ümumi uzunluğu 18 km olan, 30 mindən artıq əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Masallı-Banbaşı-Köhnə Alvadı, Təzə Alvadı, Tatyan, Güllütəpə ,Yeni Zuvand, Əmirtürbə yolunu əsaslı təmir olunması, Xalça fabrikinin tikilməsi və regional yun tədarük məntəqəsinin yaradılması, eyni zamanda şəhər ərazisində 22 yerlik Uşaq-bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Son illərdə rayon ərazisində baş verən sel-daşqın hadisələri ilə əlaqədar rayonun bir sıra yaşayış məntəqələri su basmaya məruz qalmışdır. Sel-daşqın hadisələrinin qarşısının alınması məqsədilə Hüseynhacılı, Yeddioymaq, Viləş və Qızılağac kəndlərindən keçən Viləş çay yatağında, Təklə, Xırmandalı ərazisindən keçən Göytəpə çayının, Boradigah qəsəbəsindən keçən Boradigah çayının, Mahmudavar ərazisində Rüdəkənar kəndindən keçən Ulum çay yatağında lildən təmizləmə və bəndbərkitmə işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Masallı rayonunda 2019-cu ildə qazlaşmanın 100%-ə çatdırılması və elektrik xətt təsərrüfatının sürətlə yenilənməsi qarşımızda duran vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara kömək göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.
Bildiyiniz kimi 2019-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Nəsimi ili” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Hesabat yığıncağında çıxış edən Masallı Dövlət Aqrar inkişaf Mərkəzinin rəisi Seymur Nuriyev, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov, “Viləşçay” Su Anbarı İstismarı İdarəsinin müdiri Mahir Əliyev və başqaları şurada çıxış edərək 2019-cu ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişlər. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Dəyanət Abdullayev çıxış edərək 2019-cu ilin birinci rübündə Masallı rayonunda görülən işlər və qarşıda duran vəzifələr haqqında danışmış, tövsiyələr vermişdir.
Qərar layihəsi təsdiq edilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab R.Hüseynov iclası yekunlaşdırmışdır.
Əlihüseyn Şükürov,
Həsənağa Əliyev.

Sizin Reklam Yeriniz