news Image
2019.05.22
16:16
| A A A
Bu gün milli parklarda “Açıq qapı” günü keçirilir (FOTO)

Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar.

Movqe.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, “Açıq qapı” gününün keçirilməsində məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır.

Nazirlik rəsmisi əlavə edib ki, milli parkların əhaliyə daha əlçatan və maraqlı olması üçün davamlı tədbirlər görülür. Bütün milli parklarda müxtəlif yaş və çətinlik kateqoriyasına uyğun marşrutlar fəaliyyət göstərir: "Bu da əhalinin, turistlərin, uşaq və gənclərin asudə vaxtlarını daha səmərəli və təbiət qoynunda keçirmələrinə xidmət edir".

İ.İbrahimova qeyd edib ki, son bir il ərzində aparılan tədbirlər nəticəsində milli parklarda uşaqlar və gənclər üçün maraqlı əyləncə və məlumat meydançalarının yaradılmasına nail olunub:

"Milli park ərazilərinin bəzilərində innovativ tipli, yəni müxtəlif məlumatların innovativ üsullarla alınması yolu ilə, bəzilərində sırf məntiqi, təbiətlə bağlı oyunların, bəzilərində informativ, əyləncə tipli lövhə və guşələrin hazırlanması işləri aparılıb".