Əlaqə Arxiv
news Image
2019.05.25
09:45
| A A A
Plastik qablarda günün altında saxlanılan sulardan təhlükə
A.Qeybulla: “Plastik qabların tərkibində təhlükəli dioksin maddəsi olduğundan, bu maddənin məhsula sirayət etməsi daha təhlükəlidir”

 

Havalar isindikcə ərzaq mağazalarının, qarşısında açıq havada saxlanılan, plastik qablaşdırmada olan sular daha da narahatlıq yaradır. Qalaq-qalaq yığılmış sular aylarla qızmar günəş şüaları altında saxlandıqdan sonra satışa çıxardılır. Halbuki, mütəxəssislər plastik qablaşdırmada olan suların günəş altında, açıq havada saxlanılmasının orqanizmdə çox ciddi fəsadlara səbəb olacağını söyləyirlər. 

Tibb elmləri doktoru Adil Qeybulla plastik qablaşdırmada olan suların açıq və isti hava şəraitində saxlanılmasının yolverilməz olduğunu söyləyir. A. Qeybullanın sözlərinə görə, plastik qablarda olan suların uzun müddət günəş altında saxlanıldıqdan sonra satışa çıxarılması zəhərlənmə, diareyaya səbəb ola bilər: “Bu gün satışda olan suların əksəriyyəti plastik qablaşdırmada olan sulardır. Plastik qablaşdırmada olan məhsulların xüsusi saxlanma şəraiti var. Belə qablaşdırmada olan suları  uzun müddət günəş altında saxladıqda qabda yumşalma prosesi gedir. Biz bilirik ki, bu qablar yüksək temperaturda xüsusi formaya salınır. İsti hava plastik qabların yenidən yumşalmasına,istliyin təsiri altında  müxtəlif kimyəvi birləşmələrin ayrılmasına gətirib çıxardır. Belə halda ayrılan kimyəvi birləşmələrin qabın içərisindəki məhsulla reaksiyaya girməsi qaçılmazdır. Bu kanserogen maddələr çox təəssüf ki, soyudulsa belə insan orqanizminə mənfi təsir göstərir. Plastik qabların tərkibində təhlükəli dioksin maddəsi olduğundan, bu maddənin məhsula sirayət etməsi daha təhlükəlidir. Ona görə də, uzun müddət günün altında saxlanılan plastik qablaşdırmada olan suların qəbulu bir sıra xəstəliklərə yol açır. İlkin əlamətlər özünü zəhərlənmə, diareya ilə göstərir. Amma bu suların qəbulu insan orqanizmində zərərli maddələrin yığılmasına, getdikcə daha təhlükəli xəstəliklərin yaranmasına da səbəb olur”.

Professor bildirir ki, şirin və rəngli suların plastik qablaşdırmada uzun müddət günün altında qalması isə daha təhlükəlidir: “Rəngli sular belə halda daha böyük təhlükə mənbəyinə çevrilir. Çünki, onların tərkibinə rəngləndirici və dadverci maddələr, inqridiyentlər qatılır. İsti havada saxlanıldıqda həmin maddələr plastik qabdan ayrılan kimyəvi qatqılarla reaksiyaya girərək orqanizm üçün daha böyük təhlükə yaradır. Ona görə də, isti havalarda xüsusilə uşaqları şirin, qazlı, rəngli sulardan uzaq tutmaq lazımdır”.

A.Qeybulla deyir ki,suyun saxlanılması üçün ən uyğunu şüşə qablaşdırmadır: “Çox təəssüf ki, su istehsalçıları plastik qablaşdırma daha ucuz başa gəldiyindən şüşə qablaşdırmaya üstünlük vermirlər”.

Professor plastik qabların təkrar emalının daha təhlükəli olduğunu deyir: “Biz hələ bilmirik ki, satışda olan suların neçə faizinin istehsal zamanı ilkin qablaşdırmadan istifadə olunur. Bu gün plastik qabların toplanması göstərir ki, belə qablar bəzən təkrar emala göndərilir, hətta yuyularaq təkrar su istehsalında istifadə olunur”.    

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirdilər ki, istifadəsi asan və qiyməti aşağı olduğundan plastik qablar geniş yayılıb. Bu qablardan qida saxlamaq və paketləmək üçün də istifadə olunur.

Plastiklərin xammalı əsasən neft, qaz və kömürdür. İstehsal prosesində bir sıra qatqı maddələrindən istifadə olunur. Bu maddələr məhsulu elastik və dayanıqlı edir. Lakin insan sağlamlığlı üçün bəzi təhlükələr də yaradır. Çünki plastiklər qida ilə təmasda olduqda qidaya keçir. Bu keçid qida temperaturundan asılı olaraq dəyişir. Temperatur artdıqca toksiki maddələrin qidaya təsiri daha da sürətlənir. Buna görə də xüsusilə, isti və yağlı qidaları plastiklərdə saxlamaq tövsiyə olunmur. 70-90℃-də olan isti içkilər plastik qablara qoyulduqda isə istinin təsiri ilə plastikin tərkibində maddələr monomerlərə ayrılır. Bu isə sağlamlıq üçün təhlükə yaradır. Eyni zamanda plastic qabları günəş şüaları altında uzun müddət saxlamaq da yolverilməzdir.

Araşdırmalar nəticəsində plastikin hazırlanmasında istifadə olunan BPA kimyəvi maddəsinin polikarbonat içki şüşələrindən insanın bədəninə keçdiyi sübut olunub. Uşaqlar üçün istehsal olunan plastik su qablarından istifadə edərkən də diqqətli olmaq lazımdır. Xüsusilə, BPA kimyəvi maddəsi ilə hazırlanmış qabdan istifadə edildikdə yeni doğulmuş və böyümə çağında olan uşaqlarda davranış pozuntularıının yaranma riski artır.

Plastik qablar kimi rəngli torbalardan istifadənin də bəzi zərərləri var. Xüsusilə, tullantılardan hazırlanan qara torbalarda olan mikroorqanizmlər insan sağlamlığı üçün təhlükə yaradır. Meyvə və tərəvəzin torba ilə birbaşa təması insan sağlamlığı üçün böyük risk daşıyır. Elə bu səbəbdən də plastik torbalarda ərzaq mallarının daşınması tövsiyə olunmur. Həmçinin, bu torbalar ətraf mühit və ekosistem üçün də böyük təhlükə mənbəyi olmaqla kimyəvi maddələr yayır, torpağa və suya qarışaraq qida zəncirinin müxtəlif mərhələlərini risk altında saxlayır.

Plastiklərin zərərlərini aradan qaldırmaq üçün qidanı şüşə və saxsı qablarda saxlamaq, soyuducudakı yeməklərin üzərini naylon deyil qapaqla bağlamaq tövsiyə olunur. Alış-veriş edərkən xüsusilə meyvə və tərəvəzi plastik torbalarda daşımaq və bu torbaları soyuducuya qoymaq, sobada bişirilən yeməklərin üzərinə folqa ilə örtmək məsləhət görülmür. Su alarkən şüşə qabda olmasına diqqət etmək lazımdır. Nəzərə alsaq ki, gün ərzində bu materialdan hazırlanan əşyalarla təmasdan yayına bilmirik. Bunu nəzərə alaraq əlləri xüsusilə, yəməkdən əvvəl mütləq yumaq tövsiyə edilir. Qidanı qablaşdırmaq və daşımaq üçün seçim edərkən şüşə, saxsı, taxta qablar və ya kağız torbalardan istifadəyə üstünlük vermək lazımdır.

 

Sizin Reklam Yeriniz