Əlaqə Arxiv
news Image
2019.05.25
19:05
| A A A
Masallıda tanınmış tarixçi alim, yazıçı-publisist Musa Quluzadənin 80 illik yubileyi qeyd edilib

Masallı şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Quluzadənin 80 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Yubiley tədbirində rayon ictimaiyyətinin nümayəndələri, icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri, ziyalı və ağsaqqallar, yaradıcı insanlar, alim-yazarın dostları, qohumları və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində istedadlı alimin əsərlərindən ibarət sərgiyə baxılıb.
Sonra yazıçı-publisist, tarixçi alimin həyat yolundan bəhs edən videoçarx izlənilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələşrəf Niftiyev görkəmli alimin həyat və yaradıcılığından danışıb. Deyib ki, Musa Nizam oğlu Quliyev 1939-cu il mayın 20-də Masallı rayonunun Xıl kəndində, əməkçi ailəsində anadan olub. Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən Musa Quluzadə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda (1955-1959), daha sonra Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində(1960-1971) təhsil alıb.
Təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra həmin dövrün sayılıb-seçilən müəssisələrindən olan Mərkəzi Dövlət muzeyində elmi işçi kimi fəaliyyətə başlayıb, sonradan muzeyin elmi işlər üzrə direktor müavini (1971-1991) olub.
Bir müddət Bilik cəmiyyətində sədr müavini işləyib, ADU-da tələbələrə tarix fənnini tədris edib. 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa Quluzadə 15-dən çox bədii kitabın müəllifidir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxışında nüfuzlu ziyalı, alim, yazıçı-publisist Musa Quluzadəni dövlətçiliyimizə sədaqətli ictimai siyasi xadim, ulu öndər Heydər Əliyevin ideyalarının yorulmaz təbliğatçısı kimi xarakterizə edib. Rayon rəhbəri bildirib ki, M.Quluzadə ədəbi yaradıcılığında, siyasi-elmi fəaliyyətində olduğu kimi, həyatda da olduqca səmimi insandır. Onun milli-mənəvi, insani keyfiyyətləri, şəxsiyyəti bütün sadalanan titullarından üstündür...
Yubiley tədbirində Prezident təqaüdçüsü Şirvan Əbilov, Milli Məclisin üzvü Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı ziyalıları” ictimai birliyinin sədri Qardaş Fətullayev, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, müəllim Səxavət Əliyev və başqaları çıxış edərək Musa Quluzadənin keçdiyi həyat yolu barədə fikirlərini, xatirələrini bölüşub, onu gözəl dost, ailə başçısı və səmimi, qayğıkeş insan, müdrik el ağsaqqalı, istedadlı alim və pedaqoq, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə sahib səxsiyyət kimi dəyərləndirib, yubileyi münasibətilə təbrik ediblər.
Həmçinin bütün ömrünü ləyaqətlə yaşayan, yalnız zəhmət və əməksevərliyi hesabına yüksək mövqelərə yüksələn Musa Quluzadənin 50 ilə yaxındır ki, pedaqoji işlə məşğul olduğunu diqqətə çatdıran natiqlər onun elmi fəaliyyətindən, apardığı tədqiqatların əhəmiyyətindən, idarəçilik səriştəsindən, bədii yaradıcılığından danışıblar. Bildirilib ki, ixtisasca tarixçi alim kimi 3 monoqrafiyanın, təcrübəli və səriştəli yazar kimi 15-ə yaxın kitabın (“Püstə”, “Onu hamı görmək istəyirdi”, “Təbliğat vasitələrinin təsir gücü”, “Meşədən səs gəlir”, “Ötən günlərin sorağında”, “Mərhəmətli və şəfqətli qəlb”, Qafqaz şeyxülislamı Allahşükür Paşazadə haqqında "Şəfqətli və mərhəmətli qəlb", "Dünya yaxşılarındır", "Bu da bir ömürdür", "Xatirələrdən boylanan ömür" və s.), yüzlərlə elmi-pedaqoji və publisistik məqalələrin müəllifidir.
Sonra N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Miriş Hüseynov ustad sənətkar Rəşid Behbudovun repertuarından “Üzüyümün qaşı firuzədəndir” və “Nazəndə sevgilim” kompozisiyalarını ifa edib, gənc müəllim Cəbrayıl Əlili yubilyarın “Durna qatarı” və “Sənin gözlərinlə” mənsur şeirlərini səsləndirib.
Tədbirdə yubilyara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Musa Quluzadə tədbir təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib və onun yublleyinin belə yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib.
Sonda yubilyarla xatirə şəkli çəkilib.
  Əlihüseyn Şükürov, 
  Akif Ağayev.

Sizin Reklam Yeriniz