news Image
2019.06.13
16:28
| A A A
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbul keçirib

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Nəsimi İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

 Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 5-ci mikrorayon Asif Məhərrəmov küçəsi 38 ünvanda növbəti  səyyar qəbul keçirmiş, sakinlərin müraciətlərini dinləmiş, həyətin abadlaşması ilə bağlı layihəni sakinlərlə müzakirə etmişdir.  Mikrorayonda, o cümlədən 20 Yanvar, M.Cəfərov, C.Səlimov, Cavadxan küçələri,  Moskva prospekti ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda iştirak etmişlər.

 

Qəbulun Milli Qurtuluş Günü ərəfəsində keçirildiyini qeyd edən başçı       “15 iyun”un  müstəqillik tariximizə qızıl hərflərlə yazıldığını, həmin günün Azərbaycan xalqı üçün unudulmaz tarixlərdən və şanlı bayramlardan biri olduğunu, indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövlətinin məhz Milli Qurtuluş Günü sayəsində sayılıb - seçilən müasir dünya dövlətləri sırasına qoşulduğunu, həmin gündən başlayaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqını, millətini və bütövlükdə, Vətənimizi düçar olduğu ağır bəlalardan, məhv olmaqdan qurtardığını, müstəqil dövlətimizin sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyası üçün bütün imkanlardan istifadə etdiyini, torpağına, xalqına, Vətəninə sonsuz məhəbbətlə bağlı olan Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan dövlətçiliyinin xilasının, bugünkü müstəqilliyimizin əsasını qoyduğunu vurğuladı. Bildirildi ki, Ümummilli lider 1993-cü ildə xalqımızın birliyinə nail olmasaydı, bugünkü firavanlıqdan, əmin-amanlıqdan, sabitlikdən, inkişafdan, dövlətimizin dünya birliyində söz sahibinə çevrilməsindən danışmaq mümkün olmazdı və Müstəqil Azərbaycan dövlətinin xilası məhz Heydər Əliyevin adı ilə bağlıdır.

 

Sakinlərdən  Qasımov Kənan, Məmmədov Cavad, Nağıyev Mahir, Cabbarova Şahsənəm, Tağıyeva Zenfira,  Osmanov Müzəffər və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən həyətlərin abadlaşdırılması, həyət və girişlərin işıqlandırılması, yaşıllqların suvarılması və yaşlı ağacların əvəzlənməsi, damlardakı su çənlərinin yığışdırılması, söhbətgahların qurulması, dam örtüyünün təmir edilməsi barədə müraciətlər etmişlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində  görülən işlər xüsusi vurğulanmışdır.

      Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində  Asif Məhərrəmov küçəsi 34-42 ünvanları əhatə edən məhəllədə aparılan abadlaşdırma layihəsi sakinlərə təqdim olunmuş, müzakirələr aparılmış, sakinlərin abadlıq işlərinə dair təklifləri dinlənilmiş, qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Səyyar qəbul zamanı sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda  aparılan quruculuq, abadlıq işlərinə  görə  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.