Əlaqə Arxiv
news Image
2019.07.12
16:28
| A A A
Fondun Mədəniyyət Nazirliyi ilə keçirdiyi birgə müsabiqənin qalibləri mükafatlandırılıb

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri "Nəsimi ili": klassik irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin məsul vəzifəli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbirin əvvəlində "Mədəniyyət" qəzetinin yeni çapdan çıxmış "İmadəddin Nəsimi - 650" adlı xüsusi buraxılışı haqqında məlumat verilib. Qeyd olunub ki, nəfis tərtibatlı, 48 səhifədən ibarət xüsusi buraxılış dahi şairin yubileyinə, "Nəsimi ili"nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini məcmu halda oxuculara təqdim edir.

Sonra təşkil olunmuş ədəbi-bədii kompozisiyada İmadəddin Nəsiminin mükəmməl qəzəlləri səsləndirilib, habelə muğam ifaçılarının çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, nazirliyin hər il Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi keçirməsi ənənəvi hal alıb: "Builki təqdimat keçən illərdəkindən bir sıra nüanslarına görə fərqlənir. Çünki bu müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, "Nəsimi ili" ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər və rayonların mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri və digər tədbirlər ilin sonuna kimi davam edəcək".

Nazir, həmçinin qeyd edib ki, dahi şairin yubileyi və "Nəsimi ili"nin bu ilə təsadüf etməsinin xüsusi əhəmiyyəti var: "İki gün sonra biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyini qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini belə təmtəraqla, beynəlxalq səviyyədə qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıda bilərdik. Məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malikik”.

Əbülfəs Qarayev bildirib ki, ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk addımlarından biri Nəsiminin adının UNESKO-da tanıdılması olub. Ulu öndərin təşəbbüsü və səyləri ilə 1973-cü ildə dahi şairin anadan olmasının 600 illiyi UNESKO-da təntənə ilə qeyd olunub: “İndi isə UNESKO-nun mötəbər tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın yarım əsrdə keçdiyi möhtəşəm inkişaf yolunun göstəricisi, ölkəmizlə bu təşkilat arasında əlaqələrin möhkəm özülünün təsdiqidir”.

Daha sonra nazir müsabiqədə qalib olan jurnalistləri təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra müsabiqənin nəticələri barədə danışmaq üçün söz Fondun icraçı direktoru Vüqar Səfərliyə verilib. Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsini, dahi şairin 650 illik yubileyinin rəsmi səviyyədə qeyd olunmasını xalqımızın zəngin milli-mənəvi dəyərlərinin formalaşmasında böyük xidmətləri olan şəxsiyyətlərə yüksək diqqət və qayğı nümunəsi kimi dəyərləndirib. İcraçı direktor "Nəsimi ili" çərçivəsində şairin zəngin irsinin araşdırılması və təbliğini ümumən Azərbaycanın mədəni-mənəvi irsinin dünyada dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Vüqar Səfərli Fondun "Nəsimi ili" çərçivəsində planlaşdırdığı digər layihələr barədə də məlumat verib.

Çıxışını davam etdirən Vüqar Səfərli Fondun Mədəniyyət Nazirliyi ilə indiyə qədər də birgə müsabiqələr təşkil etdiyini, bu müsabiqələrin jurnalistlərin peşəkarlığının yüksəldilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkib. Vüqar Səfərli fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə verdiyi dəstəyə, habelə media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib.

İcraçı direktor "Nəsimi ili": klassik irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə 23 kütləvi informasiya vasitəsindən 36 yazının təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, müsabiqənin ekspertlər tərəfindən qiymətləndirilmiş yekun nəticələrinə əsasən 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafatlara layiq görülüb: "Müsabiqənin şərtlərinə əsasən, I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800, III yer üçün 3 nəfər olmaqla 500 manat mükafatın verilməsi nəzərdə tutulur. Bundan əlavə, 10 nəfər yazı müəllifinə 200 manat məbləğində pul mükafatı veriləcək".

Vüqar Səfərli qalibləri və qarşıdan gələn Milli Mətbuat Günü ilə əlaqədar bütün media nümayəndələrini təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Tədbiri yekunlaşdıran mədəniyyət naziri Əbülfəs Qarayev birgə müsabiqənin təşkilinə və KİV-lərlə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Sizin Reklam Yeriniz