Əlaqə Arxiv
news Image
2019.09.12
09:10
| A A A
Davamlı iqtisadi islahatlar sosial layihələrə dayaqdır
Əhalinin rifah halı sürətli inkişaf fonunda daha sürətlə yaxşılaşır

Dünyada gedən proseslərin yaratdığı yeni çağırışlara uğurla uyğunlaşan ölkəmizdə həyata keçirilən iqtisadi islahatların əsas strateji hədəfləri sosial-iqtisadi inkişafın əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilməsidir. Bu istiqamətdə hazırlanmış strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri göz önündədir.  Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci Məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

Bir faktı yada salmaq yerinə düşər ki, 2006-cı ildə Dünya Bankının “Doing Business” hesabatında 98-ci yerdə olan Azərbaycan aparılan uğurlu islahatlar nəticəsində bu gün həmin hesabatda  25-ci yerdədir və ən islahatçı 10 ölkə sırasındadır. Eyni zamanda, Dünya İqtisadi Forumunun inklüziv inkişaf indeksində Azərbaycan inkişaf edən ölkələr arasında üçüncü yeri tutur.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədlərinin əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan həyata keçirilmiş DOST layihəsi dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş məmnunluğu prinsipi  ilə  təqdim olunmasına imkan verib.

Təkcə 2019-cu ilin ötən dövründə təqdim olunan iki sosial islahat paketi əməkhaqları və pensiyaların, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasına, fiziki şəxslərin problemli kreditlərlə bağlı narahatlığına son qoyulmasına imkan verir. Bu iki sosial paket 4 milyon 200 min vətəndaşı rifahına ciddi dəstək olub.  

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılması, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılması 2019-cu il sosial sahədə inqilabi islahatlar ilinə çevrib. Dövlət sektorunda əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri əhəmiyyətli şəkildə artırılıb, 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoyulub. Azərbayvanın yeni tarixi mərhələyə qədəm qoyduğu 2003-cü ildən bugünədək orta aylıq əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırılması, yoxsulluğun 5 faizə enməsi də təsdiqləyir ki, dövlətimizin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Sosial inqilabın ardınca  icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları, sosial siyasətdə yardımdan reabilitasiyaya keçid, əhalinin gəlirlərinin artırılması, dövlət-vətəndaş dialoqu, sosial infrastrukturun daha da yaxşılaşdırılması və insan kapitalının inkişafı baxımından yeni perspektivlər və çağırışlar ortaya qoyulub. Gələn ildən bu istiqamətdə daha möhtəşəm layihələr həyata keçiriləcək. Maaşların və pensiyaların artırılması proseduru isə sosial siyasətin artıq daimi atributuna çevrilib. Yəni, hər il bu istiqamətdə Prezident sərəncamları gözlənilir, çünki xalqın rifah halının yüksəldilməsi dövlətimizin qarşısında duran bir nömrəli vəzifədir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz