news Image
2019.10.16
09:32
| A A A
Ekologiyaya az zərər vuran avtomobillərə ehtiyac artır
Bu problemin həlli üçün ən səmərəli yol elektromobil idxalının təşviqidir

Azərbaycan 2014-cü ilin aprelin 1-dən idxal edilən avtomobillərə avro-4 ekoloji standartları tətbiq edilir. Belə bir standartın tətbiq edilməsində məqsəd ölkəmizdə ekologiyaya daha çox zərər vuran avtonəqliyyat vasitələrinin sayındakı artımın qarşısının alınması və onların tədricən dövriyyədən çıxarılmasıdır.

Avro-4 standartlarının tətbiq edildiyi son 5 ilin nəticələri göstərir ki, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarında artım dayanıb, hətta müəyyən qədər azalma var. Müsbət dinamikanın olmasına baxmayaraq, atmosfer havasına atılan zərərli maddələrin miqdarında ciddi azalma yoxdur. Buna görə də atmosfer havasına avtomobil nəqliyyatından atılan çirkləndirici maddələrin ümumi atılan çirkləndirici maddələrin miqdarındakı xüsusi çəkisi azalmır. 2014-cü ildə olduğu kimi 2018-ci ildə də ümumi çirklənmədə avtonəqliyyat vasitələrinin payı 84-85 faiz səviyyəsindədir.

Ölkədə, xüsusən də paytaxt Bakıda ekoloji vəziyyətə avtomobil parkının vəziyyəti ciddi zərər vurur. Belə durumda Azərbaycanda da hibrid və ya elektomobillərdən, maye qazla işləyən maşınlardan istifadənin genişləndirilməsi zəruri sayılır. Bu vəziyyətdə belə avtomobillərin idxalının gömrük rüsumlarından azad edilməsi və ya cüzi məbləğ alınması aktuallaşır. Bəs, bu yolla ölkəyə hibrid və ya elektomobillərin, maye qazal işləyən maşınların gəlişini, onlardan daha çox istifadə edilməsini stimulladırmaq mümkündürmü?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) apardığı bir araşdırmaya görə, ölkəmizdə avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azaldılması üçün ilk növbədə bu sahə ilə məşğul olan ayrıca bir dövlət qurumu və ya departament yaradılmalıdır. Dünyanın qabaqcıl ölkələrində belə bir təcrübədən istifadə edilir. Məsələn, Böyük Britaniyada aşağı CO2 emissiyasına malik avtomobillərin istifadəsinin təşviqi Nəqliyyat Departamentin nəzdində yaradılan xüsusi şöbənin rəhbərliyi altında həyata keçirilir. Çində bu məsələləri Milli İnkişaf və İslahat Komissiyası, Türkiyədə isə Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən hazırlanır və koordinasiya edilir. Ümumiyyətlə, heç bir ölkədə tək bir nazirlik, yaxud digər dövlət qurumu bu işləri təkbaşına etmir. Bütün fəaliyyətlər birdən çox qurumu əhatə edir və vahid mərkəzdən koordinasiya edilir. İSİM hesab edir ki, Azərbaycanda belə bir mərkəz İqtisadiyyat Nazirliyinin nəzdində yaradıla və həmin şöbənin tərkibində müxtəlif dövlət qurumlarının rəsmiləri təmsil edilə bilər.

Mərkəz ölkəmizdə atmosfer havasına atılan zərərli maddələrinin miqdarının azaldılması üçün daha əsaslı tədbir kimi ölkəmizə elektromobil idxalının təşviq edilməsini görür. İSİM təklif edir ki, elektriklə çalışan avtomobillərin istifadəsinin təşviqi olduqca geniş məsələ olduğundan, onun düzgün təşkili, koordinasiyası və monitorinqi üçün dövlət tərəfindən vahid ümumi strategiyanın hazırlanması başlıca şərtdir: “Strategiyanın yaradılması üçün nəzərdə tutulan ilkin addım "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" çərçivəsində artıq atılıb. Belə ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün müvafiq infrastrukturun yaradılması və onların istifadəsinin təşviqinə dair müddəa "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə öz əksini tapıb. Sənəddə qeyd edilir ki, 2020-ci ildən etibarən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərin sayca çoxalması gözlənildiyindən, onların geniş miqyasda alışını və istifadəsini təmin etmək üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması nəzərdə tutulur”.

Elektromobillərin satış qiymətinin bir çox hallarda benzin və dizellə çalışan modellərə nisbətən daha yüksəkdir. Bunu nəzərə alaraq bir çox ölkələrdə elektromobillərin alışını artırmaq üçün dövlət müvəqqəti subsidiya verir. Araşdırmaya görə qonşu Türkiyə də daxil olmaqla, bir neçə ölkədə elektromobillərin istifadəsinə dəstək olaraq, elektromobillərin idxalçılarına və alıcılara dövlət tərəfindən subsidiya verilir. Subsidiyanın orta məbləği 4000-5000 dollarıdr. Bəzi ölkələrdə (məsələn, ABŞ-da) subsidiyalar elektromobillərin satışının təyin edilən həddə çatmasına kimi olan müddətdə verilir.

İSİM təklif edir ki, Azərbaycanda da oxşar şəkildə müvəqqəti subsidiyalar tətbiq edilsin: “Subsidiyaların əsas vəzifəsi əhalidə ilkin maraq oyatmaq və elektromobillərin istər istehsalı, istərsə də idxalı və satışı ilə məşğul olan hüquqi şəxsləri Azərbaycana cəlb etmək olmalıdır. Ümumiyyətlə, subsidiyalar heç bir ölkədə uzun müddətli dövr üçün nəzərdə tutulmayıb. Subsidiyaların verildiyi əksər ölkələrdə onlar növbəti 5-6 ildə dayandırılacaq, çünki subsidiyaların əsas məqsədi müştərilərdə elektromobillərə maraq yaratmaqdır. İndiki iqtisadi vəziyyətdə dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən bütün subsidiyaların Azərbaycanda verilməsi maliyyə cəhətdən mümkün olmazdı. Məhz buna görə də, büdcədən daha az xərc tələb edən subsidiyaların verilməsi daha məqsədə müvafiq olardı”.

Qeyd edək ki, 2019-cu ildən etibarən Azərbaycana elektromobil idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Elektrikli avtomobil idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15%-i həcmində rüsum ödəmək lazımdır.

 

Vasif CƏFƏROV