Əlaqə Arxiv
news Image
2019.10.18
08:17
| A A A
Korrupsiyasız cəmiyyət iqtisadi siyasətin prioritet istiqamətidir
Azərbaycanda “əl əli yuyar, əl də üzü” məsəli qüvvəsini itirir

Bir neçə il əvvəl Prezident İlham Əliyev korrupsiyanı ölkənin sosial-iqtisadi həyatının bir nömrəli problemi adlandırmışdı : “Korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir”.  Əgər rəhbərlik mənfi halların adını çəkirsə, demək, ona qarşı mübarizə də aparır. Problemi bir nömrəli səviyyəyə qaldırmaq isə, artıq, ortada daha ciddi məqsədlərin olmasını göstərirdi. Bu real vəziyyətin şəffaf şəkildə qiymətləndirilməsi idi. İqtisadi yüksəlişin gedişatını rels üzərinə keçirəndən sonra Prezidentin bu bəlaya qarşı mübarizəyə başlaması cəmioyyətdə böyük ümidlər yaratmışdı. Çünki, həqiqətən bir neçə il əvvələ qədər düşünmək olardı ki, Azərbaycanda korrupsiyanın kökünü kəsmək mümkün olmaz. Lakin siyasi iradə və təmiz niyyətin qarşısında heç bir mənfi tendensiya axıra qədər davam gətirə bilmir.

Dövlət başçısının təşəbbüsü ilə “ASAN Xidmət” şəbəkəsinin layihələndirilməsi və yaradılması bu yolda atılan sanballı addım oldu. Milyonlarla vətəndaş bu xidmətdən hər hansı neqativ təmayül olmadan yararlandı və sübut olundu ki, hər hansı formada olur-olsun korrupsiyanın kökünü kəsmək mümkündür. Bu xidmət “bir nömrəli bəlanın”, necə deyərlər, “belini qırdı”. Təsadüfi deyil ki, dünyada korrupsiyanın tüğyan elədiyi geri qalmış və inkişaf etməkdə olan ölkələr “ASAN Xidmət”in analoji strukturunu yaratmaq üçün Azərbaycan təcrübəsini öyrənir, ölkəmizdə bu sahədə görülən işləri öyrənirlər.

Xalq dövlətin korrupsiyaya qarşı mübarizəsini dəstəkləyir, təqdir və müdafiə edir. Bu mübarizə ölkədə gedən dərin islahatların ayrılmaz tərkib hissəsidir. Bu, sahibkarlığın, rifah halının inkişafı üçün vacib olan məsələlərdən biridir. Bu məsələ ilə bağlı baş verən ciddi proseslər müsbət nəticələrini verir Belə proseslər, adətən, uzun sürür. Lakin Azərbaycanın müasirliyə yüksəlməsi, inkişaf etmiş ölkəyə çevrilməsi üçün bu vacibdir.

Bu gün inzibati tədbirlərin görülməsi ilə yanaşı struktur və kadr islahatlarında da bu məsələ diqqətdə saxlanılır. Prezident İlham Əliyevin prinsipial mövqeyi bu istiqamətdədir. Oktyabrın 15-də keçirilmiş iqitisadi müşavirədə dövlət başçısı bu haqda deyib: “Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə, bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik. Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq”.

Bu sözlər korrupsiyaya qarşı mübarizədə yaxından iştirak etmək üçün xalqa edilən çağırışdır. Hər bir addımında, siyasətində və həyata keçirilən layihələrdə xalqın dəstəyini alan, vətəndaşların iştirakını təmin edən dövlət rəhbərliyi bu mühüm işdə elliklə hamının iştirakını istəyir. Çünki, korrupsiyanın icraçıları elə vətəndaşlar içərisində olanlardır. Sadə adamlar bu bəlaya qarşı mübarizəyə nə qədər geniş arealda qoşulsalar, uğur bir o qədər dərin olar. Bütün hallarda Prezidentin səsləndirdiyi fikirlər göstərir ki, tezliklə bu istiqamətdə daha ciddi irəliləyişlər baş verəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz