Əlaqə Arxiv
news Image
2019.10.18
09:36
| A A A
Minimum əməkhaqqı və pensiyalar yenidən artırılır
Əli Əlirzayev: “2020-ci ildə minimum əməkhaqqı və pensiya artımlarına yenidən baxılması mümkündür”

Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə zamanı dövlət başçısı bildirib ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir: “Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır”.

Prezidentin açıqlaması göstərir ki, minimum əməkhaqqı və pensiyaların artırılması 2020-ci ildə də ola bilər. İqtisadçı alim Əli Əlirzayev bunu mümkün hesab edir. O söylədi ki, 2020-ci ilin dövlət büdcəsinin layihəsinə əsasən, sosialyönlü xərclərin ümumi xərclərdə payı 2019-cu ilə nisbətən bir qədər də yüksələcək: “Gələn il sosialyönlü xərclərin cəmi xərclərdə payı 40,7 faiz təşkil edəcək və bu, 2019-cu ilə nisbətən 10 faiz bəndi yüksək olacaq. Gələn il dövlət büdcəsindən sosialyönlü xərclərə ayrılacaq vəsait ötən ilə nisbətən 2,7 milyard manata yaxın artırılacaq. Bu artım əsasən 2019-cu ildə Prezidentin müvafiq sərəncamları ilə əmək haqqı və digər sosial xarakterli artımlarla bağlıdır. Sosialyönlü xərclərin artması cari artımları maliyyələşdirməklə yanaşı mümkündür ki, 2020-ci ildə minimum əməkhaqqı və pensiya artımlarına yenidən baxılması üçün də nəzərdə tutulub”.

Ə.Əlirzayev qeyd etdi ki, iqtisadiyyatın inkişafı, iqtisadi imkanların artması ilə əlaqədar sosial siyasət daim dəyişə bilər: “Sosial siyasətin dəyişməsinə əhalinin tələbatının, rifah səviyyəsinin artması da təsir edir. Əhali ehtiyac hiss etdikdə əməkhaqqının, sosial müavinətlərin, pensiyaların artırılmasını istəyir. Bu gəlirlər artdıqda əhalinin firəvanlığı artır. Ona görə də sosial siyasətin yaxşılaşdırılması, əhalinin əməkhaqqı gəlirlərinin artırılması daimi aparılan işdir.

Artımın səviyyəsi iqtisadi inkişaf göstəricilərindən asılıdır. Bəzən proqnoz özünü doğrultmur. Buna görə də hökumət bir qədər gözləyib, inkişaf dinamikasını izləyib sonra qərar verir. Minimum əməkhaqqı və minimum pensiyaların artırılması orta əməkhaqqı və orta pensiyanın da səviyyəsini yüksəldir. Lakin çalışmaq lazımdır ki, orta əməkhaqqının artımı sadəcə minimum əməkhaqqının artımı hesabına təmin edilməsin. Çalışmaq lazımdır ki, minimum və orta əməkhaqqı artımı sahələr üzrə differnsiallaşdırılsın. Ayrı-ayrı sahələrdə olan əməkhaqqı artmalıdır”.

Ə.Əlirzayev dedi ki, əhalinin sasial standartları dəyişir, yaşayış minimumunun səviyyədi daim yüksəlir, eyni zamanda başqa ölkələrdə əməkhaqlarının səviyyəsi qalxır, inanların həyat səviyyəsi yüksəlir. Onun fikrincə əhali də bunu görür və Azərbaycanda da əməkhaqqının, pensiyanın qaldırılmasını istəyir. Ə.Əlirzayev bildirdi ki, əməkhaqqı və pensiya artımları öz növbəsində iqtisadi inkişafı da stumullaşdırır: “Daim tələbat dəyişir. Ona görə də iqtisadi inkişaf hökmən tələbbata uyğunlaşmalıdır, tələbatı ödəmə qabiliyyətinə sahib olmalıdır. Əməkhaqqı artdıqda iqtisadiyyatın inkişafı üçün stimul yaranır. Əməkhaqı artırılan zaman sahələr üzrə fərqləndirilməlidir. Elə sahələr var ki, burada yüksək təhsil, bilik tələb edilir. Əməktutumlu, yüksək innovasiyalı sahələr var. Maaşlar artırılan zaman elə edilməlidir ki, əməkhaqqı artımları həmin sahələrə marağı artırsın. Əməkhaqqı elə olmalıdır ki, o insanlarda ali təhsil almağa, bilik və bacarıqlarının yüksəldilməsinə stimul yaratsın.

Əməkhaqqı artımları həm də makroiqtisadi hadisədir, o iqtisadi sabitliyə kömək edir. İqtisadiyyatda əldə edilən gəlirin bir hissəsi istehsalın sonrakı inkişafına yönəldirilirsə, digər hissəsi əməkhaqqı artımına sərf olunur. Çünki əməkhaqqı artımı iqtisadi inkişafı təmin edən insanın inkişafına, onun tələbatının yüksəlməsinə səbəb olur.

Əməkhaqqının ÜDM-nin istehsalında və bölgüsündı xüsusi çəkisi olur. Müşahidələr göstərir ki, əməkhaqqı artımı ilə iqtisadi artım arasında əlaqə, tendensiya var. Bu əlaqə hesabına ÜDM-də də artım baş verir. Buna görə də ÜDM artımı, dinamik inkişaf, makroiqtisadi sabitlik üçün əməkhaqqı artımı vacibdir.

Əməkhaqqında differensasiya da olmalıdır. Differensasiya iqtisadiyyatda stimul yaradan amillərdən biridir. Əməkhaqqının bir neçə funksiyası var. O təkcə yaşayış üçün deyil, həm də sektorlarda inkişafı dəstəkləmək üçün lazımdır. Bir sahənin digər sahəyə nisbətən inkişafını təmin etmək, işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə nail olmaq məqsədilə əməkhaqqı artımlarından istifadə edilir”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz