Əlaqə Arxiv
news Image
2019.10.22
10:55
| A A A
Sosialyönümlü xərclərin artırılması əhalinin rifah halını yüksəldir
2020-ci ildə sosialyönlü xərclər 2016-cı ilə nisbətən 1,7 dəfə çox olacaq

Gələn ilin dövlət büdcəsini xarakterizə edən əsas göstərici sosial məsələlərə ayrılan xərclərin kəskin artırılması olacaq. Əvvəlki illərin dövlət büdcələrində də sosial məqsədlər üçün ayrılan vəsaitin həcmində artım müşahidə edilirdi. Amma dövlət büdcəsinin ənənəvi olaraq sosialyönümlülüyü 2020-ci ildə daha da artacaq, sosialyönlü xərclərdə əhəmiyyətli artımlar təmin ediləcək.

Bu iqtiqamətdə əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Artımların böyük olmasının əsas səbəbi 2019-cu ilin mart və sentyabr aylarında əmək haqlarının, pensiyaların, sosial müavinətlərin və təqaüdlərin artımını nəzərdə tutan 2 mərhələ üzrə sosial paketin təsdiqlənməsidir. Bu zəmində minimum əmək haqqının təxminən 2 dəfə artırılaraq, 130 manatdan 250 manata, eləcə də minimum pensiyaların 72 faiz artırılaraq, 116 manatdan 200 manata çatdırılması atılan mühüm sosial addımlardandır. Artımlar eyni zamanda dövlət büdcəsindən maliyyələşdirilən elm, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, sənaye, tikinti və faydalı qazıntılar, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət sahələrində, habelə dövlət orqanlarında çalışan işçiləri əhatə edib. Bütövlükdə yuxarıda sadalanan artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla 4,2 milyon nəfəri əhatə edəcək.

Sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əmək haqlarının artırılması da nəzərdə tutulur. Nəticə etibarilə 2019-cu ildə tətbiq olunan və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəmi 4 milyard manatadək əlavə vəsait ayrılacaq.

Bütün bunlar nəzərə alınmaqla 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 10,374 milyard manat məbləğində proqnozlaşdırılıb. Bu da 2019-cu illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur. Sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir və bu, 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur. Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1,7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artıacaq. 2020-ci ildə elm xərcləri 42,1 faiz, təhsil xərcləri 38,3 faiz, səhiyyə 31,3 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər katiqoriyalara aidlməyən sahələdə fəaliyyət 29,3 faiz artırılacaq.

Gələn ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər faəliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 1,93 milyard manat vəsait proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 911,6 milyon manat və ya 1,9 dəfə çoxdur.

Sosialyönümlü xərclərin mühüm hissəsini sosial müdafiə və sosial təminat xərcləri təşkil edəcək. Bu istiqamətdə 3,24 milyard manat vəsait ayrılması proqnozlaşdırılıb. Sosial müdafiə və sosial təminat xərcləri 2019-cu illə müqayisədə 770,5 milyon manat və ya 31,1% çox olacaq. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin növbəti ilin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12,1% təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 2,3 faiz bəndi çoxdur.

2020-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,43 milyard manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək. Gələn il sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsi üçün sosial müdafiə və sosial təminat xərclərindən 1,4 milyard manat vəsait sərf ediləcək ki, bu da 2019-cu illə müqayisədə 716,1 milyon manat və ya 2 dəfə çoxdur.

Gələn il dövlət məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən qayğını davam etdirəcək. Bu məqsədlə dövlət və icmal büdcələrindən ümumilikdə 566,3 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait 2019-cu illə müqayisədə 104,3 milyon manat və ya 22,5 faiz çoxdur.

Ümumilikdə sosialyönümlü xərclərin artırılması hökumətin sosial məsələlərə yüksək diqqət ayırmasının göstəricisidir. Göstərilən diqqət sayəsində əhalinin rifah halı bir qədər də yaxşılaşacaq.

Dövlət büdcəsinin əsas funksiyalarından biri gəlirlərin yenidən və ədalətli bölgüsünü təmin etməkdir. Dövlət büdcəsindən sosial məqsədlər üçün ayrılan vəsait artırılmaqla sosial problemlərin həlli tezləşir və nəticə etibarı ilə ölkədə sosial ədalət güclənir.

Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə də mövcuddur. Yəni, sosialyönümlü xərclər artdıqda iqtisadi inkişaf imkanları da yaxşılaşır. Çünki dövlət büdcəsindən əmək haqqı, müavinət və digər ödənişlər əldə edən şəxslərin gəliri artdıqda onlar daha çox pul xərcləmək imkanı qazanır ki, bu müsbət dəyişiklik öz növbəsində iqtisadi aktivliyi güclənidir. Buna görə də dövlətin sosial siyasətini gücləndirməsi, bu istiqamətdə daha çox vəsait ayırması böyük sosial-iqtisadi əhəmiyyətə malikdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz