news Image
2019.10.25
14:12
| A A A
Dövlət Gömrük Komitəsinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər. Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi Yevlax, Ağdaş, Bərdə rayonlarının və Mingəçevir şəhərinin sakinlərini, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünləri qəbul edib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Mövqe.az-a bildirilib ki, komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Yevlax şəhərində Yevlax və Ağdaş rayonlarından olan vətəndaşlarla görüşüb. DGK sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Bərdə, komitə sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev isə Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

Qəbullar zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

money.az currency