news Image
2019.11.09
09:30
| A A A
Energetik içkilər, qəlyan üzündən ürək-damar xəstəlikləri cavanlaşır
Eyyub Hüseynov: “Maarifçi işlərin aparılması ilə həmin məhsullardan istifadə edənlərin sayının xeyli dərəcədə azalmasına nail ola bilərik”

Azərbaycanda hazırkı dövrdə energetik içkilərdən istifadə etmək, qəlyan çəkmək ürək-damar xəstəliklərinin cavanlaşmasının ən əsas səbəblərindən biridir. Bunu  Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova da təsdiqləyir.

Onun sözlərinə görə, əvvəllər infarkta, hipertoniyaya yaşı 45-50-dən çox olan insanlar arasında rast gəlinirdi: “Adətən, yaş amili ilə əlaqədar 45 yaşdan sonra kişilərdə, 50 yaşdan sonra qadınlarda ürək-damar xəstəlikləri olur. Ancaq indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkirlər. Hətta artıq 18 yaşlı oğlanlar da bizə təzyiqin yüksəlməsi şikayəti ilə müraciət edirlər. Təəssüf ki, gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır”. G.Dadaşova əlavə edib ki, energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var:“Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər”.

 

Qeyd edək ki, Azərbaycanda energetik içkilərdən istifadə, habelə qəlyan çəkmək halları xeyli dərəcədə artıb. Xüsusən də gənclər həmin zərərli vərdişlərə daha çox aludə olur. Bu zaman insanlarımız həmin işçi və qəlyanın insan orqanizminə ciddi ziyan vurğudunun fərqinə belə varmırlar. Aparılan reklam prosesi də elə qurulub ki, insanlar əksər hallarda sözügedən məhsulların zərərverici olmasından bixəbər olurlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, energetik içki və qəlyan çəkməyin qadağan edilməsi və ya məhdudlaşdırılması ona görə müşkül məsələyə çevrilib ki, bütün bunların kökündə hər şeydən vəsait qoparmağın dayandığı kapitalizm cəmiyyətinin mahiyyəti dayanır: “Dərk etməliyik ki, bazar iqtisadiyyatının mövcud olduğu kapitalizm cəmiyyətində yaşayırıq. Kapitalizm cəmiyyətinin mahiyyətində isə hər şeydən pul qazanmaq dayanır. Belə cəmiyyətdə adamlar insanı qəfil öldürməyən hər şeydən pul qazanmaqda maraqlıdır.

Siqareti bütün dünya birmənalı şəkildə pisləyir. Ona görədir ki, satılan siqater qutusunun üzərində onun sağlamlığa ziyan vurduğu barədə məlumat yerləşdirilir. Lakin buna baxmayaraq, siqaret və energetik içkilərin istehsalı şıdırğı şəkildə artır. Bütün bunları deməklə onu söyləmək istəyirəm ki, energetik içki və qəlyan çəkməyin insanın sağlamlığına ziyan vurmasına baxmayaraq, onların istehsalı və geniş çeşiddə istehlakının davam etməsinin mahiyyətini kapitalizm quruluşunda axtarmaq lazımdır. Bu müstəvidə də həmin cəmiyyətdə belə məhsulları qadağan etmək olmaz. Tələb varsa, mütləq təklif də olacaq. Azərbaycan dövləti bu tip məhsulların gətirilməsi və istehsalını qadağan etsə də, qaçaqmalçılıq genişlənəcək, yerli saxta mallar istehsal olunacaq”.

Bu sayaq ziyanlı məhsulların əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına nail olmaq üçün ekspert çıxış yolunu insanlar arasında maarifçilik işlərinin aparılmasında görür: “Bu istiqamətdə ciddi maarifçilik işlərinin aparılmasına ehtiyac vardır.

Maarifçi işlərin aparılması ilə həmin məhsullardan istifadə edənlərin sayının xeyli dərəcədə azalmasına nail ola bilərik. Digər çıxış yolu ilə energetik içki və qəlyanın qiymətinin daha da bahalaşdırılmasıdır. Bu istiqamətdə vaxtilə dövlət tərəfindən qiymətin qaldırılması məsələsinə nail olmuşduq. Növbəti addım olaraq həmin məhsulların reklamının qadağan olunmasına da nail olacağıq. Ancaq bütün hallarda burada ən effektli addım maarifçilik işidir. Bu işin gücləndirilməsinə ehtiyac var. Maarifçilik işi ilə əhalinin həmin malları boykot etməsinə, almamalarına çalışmalıyıq. Lakin bu da asan məsələ deyil. Çünki prosesdə əsas rolu reklam amili oynayır. Reklamlar istehlakçını öz istədiyi yola doğru çox asanlıqla yuvarlayır”.

Rüfət NADİROĞLU