news Image
2019.11.14
16:29
| A A A
Astarada aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Noyabrın 14-də Astara rayonunda IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Ağacəkmə aksiyasında 200 nəfərdən çox könüllü iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiya zamanı 2 hektar ərazidə 1250 ədəd feyxoa ağacı əkilib.

Bu münasibətlə keçirilən tədbirdə aztəminatlı ailələrin üzvlərinə - Astara şəhər sakinləri, birinci qrup Qarabağ müharibəsi əlili Mikayıl Mikayılova, şəhid ailəsi Sərdar Əliyevə və aztəminatlı ailənin başçısı Şakir İbrahimova onlara verilmiş torpağın sənədləri təqdim edilib.

Qeyd olunub ki, meyvə ağaclarının əkilməsi üzrə pilot layihənin icrasına Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz və Yevlax rayonlarında salınaraq aztəminatlı ailələrin, o cümlədən Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin istifadəsinə verilib.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığın azaldılmasına töhfə verəcək.

Bildirilib ki, layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma ağacları olmaqla, ümumilikdə, 23120 meyvə ağacı əkilib, 72 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları ölkəmizin digər şəhər və rayonlarında da təşkil olunacaq.

Salınan meyvə bağları aztəminatlı aillələr arasında bölünərək təmənnasız onların istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq göstərərək, onlardan gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

money.az currency