news Image
2019.11.16
11:00
| A A A
Sağlamlıq və keyfiyyətlə bağlı problemlər yaradan saxta Çin məhsulları
Eyyub Hüseynov: “Bu istiqamətdə müvafiq qurumlar ictimaiyyətlə sıx işləməlidir” Fuad İbrahimov: "Problemin tam həlli deyil,  yalnız zəiflədilməsinə, yüngülləşdirilməsinə nail olmaq olar, onun da yolu ancaq maariflənmədən keçir" Bu ilin 9 ayında Çindən Azərbaycana 2 min 938 adda mal və məhsul idxal olunub. Həmin ölkədə isə qeyri-leqal fəaliyyətlə məşğul olan şirkətlər də var və onlar bir çox brend məhsulların surətlərini postsovet ölkələrinə, o cümlədən də Azərbaycana ixrac edirlər. Bu isə sağlamlıq və keyfiyyətlə bağlı problemlər yaradır. Bəs, məsələ necə həllini tapmalıdır? "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov düşünür ki, saxta mal və məhsulların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün həmin prosesə cavabdeh olan qurumlar sıx şəkildə ictimaiyyətlə işləməlidirlər: "İqtisadiyyat naziri Mikayıl Cabbarova məktub ünvanlayaraq məhz bu məsələnin həlli yolları barədə bir sıra təkliflərlə çıxış etmişik. Burada qeyd etmişəm ki, 2009-cu ildən yaranmış İqtisadiyyat Nazirliyi yanıında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqları və Müdafiəsi üzrə Dövlət Xidməti ölkə bazarını nə monopoliyadan, nə də  karter sövdələşmələrindən, nə də saxta malların gətirilməsindən  xilas edə bilməyib. Məktubda həmin problemin həli üçün ictimai təşkilatlarla birgə işlərin görülməsi yolunda müəyyən təkliflər vermişəm. Azərbaycanda da digər postsovet respublikalarında olduğu kimi saxta məhsulların idxalı problemi yaşanır. Ölkədə saxta parfümeriya malları, saxta linza və dərmanların satıldığı ünvanları göstərmişəm. Bu fonda monitorinqlər də aparmışıq. Saxta mallarla mübarizədə effektiv nəticələrə nail olmaq, bazar dəllallarından xilas olmaq üçün İqtisadiyyat Nazirliyi radikal addımlara getməlidir. Bu istiqamətdə müvafiq qurumlar ictimaiyyətlə sıx işləməli, onların fikrini eşitməlidir. Çünki ictimai dəstək olmadan hökumət saxta mallara qarşı mübarizədə real nəticələrə nail ola bilməz. Digər tərəfdən, İqtisadiyyat Nazirliyinin tərkibində İctimai Şura yaradılmalıdır. "İctimai iştirakçılıq" haqqında qanunun qəbul olunmasına baxmayaraq, bir çox nazirliklər hələ də ictimai şuranı yaratmayıb. Belə vəziyyətdə tək istehlakçıların hüquqları pozulmur, eyni zamanda dövlət büdcəsinə külli miqdarda ziyan dəyir. Saxta parfümeriya malları, saxta şprislər və s. heç bir ekspertizadan keçmir. Yəni bu yolla vergidən də yayınırlar". İqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, sözügedən problemin həllinə tam olaraq nail olmaq mümkünsüzdür. Onun zəiflədilməsinə nail olmaq olar ki, bunun da yolu maarifləndirmə prosesindən keçir: "Birdəfəlik olaraq saxta mallar problemindən qurtulmaq mümkün deyil. Nə qədər ki, insan cəmiyyəti var, belə neqativ hallarla mübarizə aparmaq yolları da yoxdur. Çünki insan cəmiyyəti olan yerdə belə hallarla mübarizə aparmaq mümkünsüzdür.

Yaxın keçmişimizə baxanda görürük ki, ABŞ-da depressiya illərində belə xətalarla mübarizə aparmağın yolları institusional səviyyədə nəzəri baxımdan öz əksini tapsa da, yenə də həmin hala qarşı mübarizə aparmaq effektiv nəticələrə gətirib çıxarmadı. Sadəcə olaraq, problemin tam həlli deyil, onun zəiflədilməsinə, yüngülləşdirilməsinə nail olmaq olar. Onun da yolu ancaq maariflənmədən keçir. Dövlət nəzarəti orqanları tərəfindən mütəmadi olarar informasiya şəbəkələrində maarifləndirmə işləri aparılsa, bəlkə bu halda ölkəmizə gətirilən saxta malların sayını azaltmaq olar. Tam olaraq kökünü kəsmək üçün isə mexanizm yoxdur.  Müasir iqtisadiyyatda elə bir alət yoxdur". Ekspertin sözlərinə görə, məsələnin həllində yeganə yol ticarətin elektronlaşdırılmasıdır: "Problemin həllində ciddi irəliləyişə nail olmağın yeganə yolu ticarətin tamamilə elektronlaşdırılmasından keçir. Yəni ticarət elektron müstəviyə keçdikdən sonra belə halların qarşısı alına bilər". Rüfət NADİROĞLU

money.az currency