Əlaqə Arxiv
news Image
2019.11.19
15:59
| A A A
Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

18-19 noyabr tarixlərində Zaqatalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans keçirilib.

Tədbirdə Zaqatala RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nüşabə Ömərova bildirib ki, qadınların bu istiqamətdə maarifləndirilməsi ölkənin dini stabillik baxımından gələcəkdə mövcud ola biləcək təhlükələrə qarşı hazırlıqlı olması üçün olduqca əhəmiyyətlidir. Çünki, cəmiyyətin təməl sütunlarından ən vacibini təşkil edən ailə institutunda övladları tərbiyə etmək missiyasının əsas yükü qadınların üzərinə düşür. Sağlam dini düşüncəyə malik qadın, öz növbəsində, radikal elementlərdən uzaq, sağlam təfəkkürlü övladlar yetişdirir.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini maarifçiliyin təşkilində qadınlar” mövzusunda çıxış edib. Şöbə müdiri dini sahədə maarifləndirmənin önəmi, dini fanatizm, ekstremizm və xurafatla mübarizədə qadınların rolu barədə danışıb. O bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması daim diqqət mərkəzindədir. Müxtəlif dinlərin yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmayıb.

Ailə dəyərləri və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qadınların roluna da toxunan E.Kərimova onların təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının milli-mənəvi dəyərlərimizin mühafizə edilməsi baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

“Erkən nikah və onun fəsadları” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranma səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verib. O

bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi mənfi nəticələr doğurur. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, cəmiyyətin fərdi kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Şöbə müdirinin sözlərinə görə, erkən nikah probleminin qarşısını almaq və gender bərabərliyinə nail olmaq üçün qızlara, ilk növbədə, yüksək təhsil almaları üçün şərait yaradılmalıdır.

Radikal dini qrupların sosial şəbəkələrdə apardığı dini təbliğat məsələsinə də toxunan şöbə müdiri bildirib ki, buna, öz zərərli fikirlərini yaymaq, insanlar arasına dini və məzhəb ayrı-seçkiliyi salmaq üçün cəhd edilir. Belə hallarla mübarizə aparmaq, yarana biləcək risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməli, dini maarifləndirmə işinin yerinə yetirilməsində qadınlar da aktiv iştirak etməlidir.

DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən “Ailə dəyərləri” filminin də nümayiş edildiyi ikigünlük konfrans iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Sizin Reklam Yeriniz