news Image
2019.11.19
16:17
| A A A
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə noyabrın 19-da Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

Məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşlaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə qayğı göstərir.

“Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün aktiv məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

“Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub. Bu gün keçirilən ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd dəfə əmək yarmarkası keçirilib.

money.az currency