Əlaqə Arxiv
news Image
2019.11.20
09:13
| A A A
Sosial layihələrin mənbəyi xalqla ünsiyyətdən qaynaqlanır
Azərbaycan dövlətinin daxili siyasəti əhalinin rifah halının yaxşılaşdırılmasını ehtiva edir

Noyabrın 19-da Bakı dairəvi dəmir yolunun təmir olunaraq yenidən istifadəyə verilməsi münasibətilə açılış mərasiminə qatılan Prezident İlham Əliyev Sabunçu dəmiryol vağzalında əhali ilə protokolda nəzərdə tutulmayan görüş keçirib. Görüşün qəfil baş tutması heç də təəccüblü deyil. Bu, Azərbaycanın dövlət başçısının adi iş üslubudur. Mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin getdikcə yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Bu işin xarakterik cəhəti odur ki, Prezident İlham Əliyev öz rəhbərliyini xalqın istək və arzuları, problemlərini həlli istiqamətində həyata keçirir. Buna görə də əhalinin müxtəlif təbəqələri ilə görüşmək, onların təklif və iradlarını eşitmək vəzifəni yaradıcı, optimal və konkret şərtlərlə yerinə yetirmək mümkün olur. İnkişafın Azərbaycan modelinin bir səciyyəvi xüsusiyyəti də bu amillə izah olunur.

  Əlbəttə, qarşıya qoyulan sosial vəzifələri reallaşdırmaq üçün, ilk növbədə, iqtisadiyyatı inkişaf etdirmək tələb olunur. Çünki iqtisadi uğurlara, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. 
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət hazırda cəmiyyətin hər bir fərdini, eləcə də hər bir şəhid ailəsini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti ümummilli liderin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başlayıb. 
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısı çıxışında torpaq, Vətən uğrunda həlak olan, şəhidlik zirvəsinə yüksələn şəhidlərimizə bir daha ehtiramını bildirib, eyni zamanda, 1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın işğal edilməsini, bir milyondan çox soydaşımızın qaçqın, məcburi köçkün vəziyyətinə düşməsini xatırladıb: “Biz minlərlə şəhid verdik, on minlərlə insan yaralandı, əlil oldu. O vaxt Azərbaycanda hakimiyyətsizlik dövrü idi. Bizim məğlubiyyətimizin əsas səbəbi ondan ibarət idi ki, o vaxt Azərbaycanda güclü lider yox idi. Müxtəlif qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, bir-birinə qarşı təxribat törədirdilər və Ermənistan bundan istifadə edib torpaqlarımızın bir hissəsini zəbt etmişdir. Tam qətiyyətlə deyə bilərəm, - mən bunu dəfələrlə demişəm, - əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

Dost dar gündə bilindiyi kimi dövlət başçısı da xalqın ağır günlərində göstərdiyi fəaliyyətlə yadda qalır. Bu il fevral ayının 5-də və 6-da Şirvan bölgəsində baş verən zəlzələdən əhali xeyli zərər çəkmişdi. Təbii fəlakətin ertəsi günü Prezident İlham Əliyevin onlara baş çəkməsi, dərdlərinə şərik olması və başlıcası da dəyən zərərin qısa müddətdə aradan qaldırılması üçün operativ işləri yoluna qoyması xalqın dərin rəğbətini qazandı. Bu hadisə nə birinci, nə də axırıncı idi. Həmişə xalqla birlikdə olan rəhbərin dərhal fəlakət zonasına gəlməsi Prezidentin öz ənənəsinə sadiqliyinin göstəricisidir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədini Prezident İlham Əliyev yüksək səviyyədə doğruldub. Prezidentin bir mühüm ənənəsi də verdiyi tapşırıqların yerinə yetirilməsini şəxsən özünün nəzarətində saxlamasıdır. Məsələn, zəlzələnin fəsadlarının aradan qaldırılması üçün verilən tapşırıqlarla bağlı görülən işlərlə tanışlıq üçün o, bir ay sonra yenidən fəlakət zonasına gələrək işlərin gedişatına diqqət yetirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva çətin gündə olduğu kimi, şad və sevincli günlərdə də xalqla brlikdədirlər.
Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 16 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. 
Şübhəsiz ki, sadalanan bu uğurların əldə edilməsində ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.

N.NOVRUZ

Sizin Reklam Yeriniz