Əlaqə Arxiv
news Image
2019.12.06
09:15
| A A A
Azərbaycan demoqrafik göstəricilər üzrə də liderdir
Bu müstəvidə də ölkəmizlə Ermənistan arasında fərq nisbəti sürətlə artır

Prezident İlham Əliyev bu günlərdə təyin etdiyi icra başlırı ilə görüşdə onlara verdiyi tövsiyələrdə diqqəti ölkənin demoqrafik vəziyyətinin dinamikasına yönəldib: “İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun”.

Bu cür insan resurslarına malik olmaq bir tərəfdən şərəfdirsə, digər tərəfdən məsuliyyətdir. Bu qədər əhalini iş və ərzaqla təmin etmək qayğısı dövlətin başlıca vəzifələrindəndir ki, Azərbaycan dövləti bu işin öhdəsindən lazımınca gəlir. Çünki, ölkə rəhbərliyinin inkişaf strategiysında bu məsələ daim diqqətdə saxlanılır və əhalinin hərtərəfli təminatı prioritet məsələ sayılır. Əgər son 16 ildə ölkəmizdə görülən işlərə, həyata keçirilən layihələrə diqqət yetirsək bunu aydın görərik. Bakı və ətraf qəsəbələrin inkişafına dair, regionların inkişafına dair bir neçə Dövlət proqramının qəbul edilib həyata keçirilməsi respublikamızın görkəmini və əhalinin yaşayış tərzini yaxşılığa doğru büsbütün dəyişib. Əhalinin məşğulluğunun təmini üçün müxtəli səpkili layihələr həyata keçirilib, hər il on minlərlə iş yerləri yaradılıb. Hökumət sahibkarlığın inkişafına şərait yaratmaqla əhalinin özünü fəallaşdırıb və qarşılıqlı surətdə məşğulluq təmin edilib.

Dövlət başçısı demoqrafiyadan danışarkən Cənubi Qafqazı misal çəkməsi təsadüfi deyil. Məsələ burasındadır ki, Azərbaycanla torpaq düşmənçiliyi edən və daqim hədə-qorxu mövqeyindən çıxış edən təcavüzkar Ermənistanda bu sahədə vəziyyət çox acınacaqlıdır. Bu ölkədə təkcə bir il ərzində Rusiyaya gedən əmək miqrantlarının sayı 230 min nəfərdən çox olub. Bu barədə Ermənistanın miqrasiya xidmətinin məlumatlarında bildirilir. Məlumata görə son 3 il ərzində bu rəqəm  ümumilikdə 703 min nəfərə çatıb. Erməni mediası son 3 ildə az qala bir milyona yaxın insanın Rusiyaya üz tutmasını Ermənistan üçün demoqrafik fəlakət kimi dəyərləndirir. Mətbuat onu da qeyd edir ki, hökumətin  2040-cı ilə kimi ölkə əhalisinin sayının 4 milyona çatdırılması barədəki istəyi, eləcə də digər iqtisadi inkişaf paketinin reallaşdıırılması indidən ciddi  şübhə doğurur.

Ermənistan iqtisadçıları miqrasiyanın artdığı və təbii artımın  aşağı düşdüyü indiki məqamda Ermənistan üçün bu planları absurd və gülməli hesab edirlər. Onların fikrinə görə “bir ölkəni  ki, əsasən əmək qabiliyyətli gənclər tərk edə, orada əhali artımı ilə ümumdaxili məhsulun inkişafından danışmağa dəyərmi?  Əgər 2040-cı ilə kimi ölkə əhalisinin sayını 200-300 minə qədər artırmaq mümkün olsa, bu özü böyük nailiyyət olardı - deyə BMT-nin Əhali Fondundakı  Ermənistan ofisinin icraçı direktoru Qarik Ayrapetyan əhalinin 4 milyona çatdırılması xəyalını şərh edərkən deyib. Onun sözlərinə görə indi Ermənistan üçün təbii artımdan daha çox getdikcə kütləviləşməkdə  olan miqrasiyanın qarşısı alınmalıdır, bunsuz təbii artımın faydası olmayacaq. Göründüyü kimi Ermənistanın kənd və şəhərləri hazırda boşalma  təhlükəsi ilə üz-üzə qalıb. Elə bir vəziyyət yaranıb ki, orduya, hərbi xidmətə gənclər çatışmır, təcavüzkar Ermənistan isə indi tələbələr və yaşlı muzdlular  vasitəsilə öz işğalçılıq siyasətini həyata keçirməyi düşünür. Amma buna nail olunacağına indi Ermənistanda inananlar demək olar ki, qalmayıb, əks təqdirdə  bütün  taleyi sual altında olan ölkəni  gənclər tərk etməzdi.

İnqilab adı ilə hakimiyyəti qəsb edən Nikol Paşinyan da sələfləri kimi işğalçılığı davam etdirmək arzusundadır. Halbuki əhali çörək və iş tələb edir. Amma yaradıcı təşəbbüslərdən məhrum olan çürük Ermənistan hakimiyyətinin inkişaf potensialı yoxdur və hazırkı siyasətlə bunu əldə etmək də mümkün deyil. Təsadüfi deyil ki, artıq xalq “inqilab” sözünü istehza ilə işlədir, çünki əvvəlki cinayətkar rejimdən heç nə ilə fərqlənmir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz