Əlaqə Arxiv
news Image
2019.12.06
10:02
| A A A
Su resurslarımızın azalması hansı təhdidləri yaradır?
Telman Zeynalov: “Ölkəmizdə su resurlarının az olmasına baxmayaraq, vəziyyət çətin deyil”

"Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var". Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib.

Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyun 70%-i sərhədlərdən kənarda formalaşır: "Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır". M.Babayev qeyd edib ki, suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir: "Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır".

Azərbaycan əhalisinin sayının artması, kənd təsərrüfatı və sənayenin inkişafı sudan qənaətlə istifadəyə imkan verən texnologiyaların tətbiqi və istifadəyə yararlı su ehtiyatlarının həcminin artırılması yollarını tapmağı tələb edir. Bunu zəruri edən əsas səbəb isə Arzərbaycanın su ehtiyatları məhdud olan ölkələr sırasına aid edilməsidir.

Ərazisinə görə Cənubi Qafqazın digər ölkələrindən daha böyük olmasına və əhalisinin sayının daha üstün olmasına baxmayaraq adambaşına düşən su ehtiyatları Gürcüstandan 4,5 dəfə az, Ermənistandanla eyni səviyyədədir. Buna görə də Azərbaycanda su ehtiyatlarından istifadənin əsas strategiyası müxtəlif sektorların tələbatını ödəməklə yanaşı, bərpa olunan su ehtiyatlarından istifadənin effektivliyinin artırılmasına, suların keyfiyyətinin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsinə yönəlməlidir. 2030-cu ildə əhalinin artımı, urbanizasiyanın sürətlənməsi və iqtisadiyyatın inkişafı nəticəsində suya tələbatın artacağı gözlənilir. Buna görə də Azərbaycanda su ehtiyatlarının həm milli, həm də sərhəd səviyyədə optimal istifadə və idarə edilməsinə çalışmaq lazımdır.

Ekoloq Telman Zeynalov hesab edir ki, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə ilk növbədə kənd təsərrüfatında suvarma sistemləri təkmilləşdirilməlidir. Onun sözlərinə görə, əvvəllər bütün əkin sahələri selləmə-sulama qaydasında suvarılırdı. Sular açıq kanallar vasitəsilə axıdılırdı, torpağa lazım olandan artıq həcmdə su verilirdi. Bunun nəticəsində həm torpaqların vəziyyəti pisləşirdə, həm də böyük miqdarda su itkisinə yol verilirdi. Ekoloq söylədi ki, hazırda qabaqcıl təcrübəyə əsasən kənd təsərrüfatı torpaqlarının suvarmasında qapalı sistemlərdən, o cümlədən damcı və yağış sulama sistemlərindən istifadə genişlənib. O Azərbaycanda da sulamada yalnız bu sistemlərdən istifadənin vacib olduğunu dedi.

T.Zeynalov sudan qənaətlə istifadəni təmin etmək üçün daş karxanalarında artezian sularından istifadə qadağan edilməsinin vacib olduğunu söylədi: “Çaylarda olan çay daşlarının xırdalanması məqsədilə böyük həcmdə sudan istifadə edilir. Bu məqsədlə artezian quyuları qazılır. Həmin karxanalarda artezian quyularının qazılması qəti qadağan edilməlidir. Onlar artezian sularından necə gəldi istifadə edirlər və nəticədə kənd təsərrüfatı susuz qalır. Belə vəziyyətdə qurunt sularının səviyyəsi aşağı düşür”.

Ekoloq sudan səmərəli istifadə məqsədilə istehsal müəssisələrində çirkli suları təmizləyən qurğulardan istifadənin kütləviləşdirilməsinin vacib olduğunu da dedi. O bildirdi ki, müəssisələrdə çirklənən sular təmizlənməlidir. Onun fikrincə texniki sular təmizləndikdə ondan həm istehsalatda, həm də kənd təsərrüfatında istifadə etmək mümkündür.

T.Zeynalov ölkəmizdə su resurlarının az olmasına baxmayaraq, vəziyyətin çətin olmadığını da qeyd etdi. O hesab edir ki, resurların qorunması üçün səmərəli istifadə və çirli suların təmizlənməsi vacibdir: “Son dövrlərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq yağıntıların miqdarında azalma var. Azərbaycanda 7 ilə yaxındır ki, quraqlıq keçir. Bu il yağan yağışların miqdarında bir qədər artım var. Quraqlığın olması kənd təsərrüfatında məhsul yetişdirilməsinə, məhsuldarlığıa mənfi təsir edir. Ona görə nazir düz deyir sudan qənaətlə istifadə edilməli, israfçılığa yol verilməməlidir.

Azərbaycanda çaylar çoxdur. Ölkə ərazinin 3 tərəfi dağlarla əhatə edilib, bir tərəfi də dənizdir. Buna baxmayaraq qışda qar, yazda yağışın miqdarı az düşdüyünə görə qurunt sularının səviyyəsi aşağı düşür. Onları da üzə çıxartmaq üçün böyük məbləğdə vəsaitə ehtiyac yaranır.

Yağıntıların miqdarını artırmaq üçün süni müdaxilə mümkündür. Amma mənim fikrimcə buna ehtiyac yoxdur. Onun nəticəsi pis ola bilər. Əsas məsələ insanların sudan istifadəsini düzgün təşkil etməkdir. İnsan istənilən bir vəziyyətə hazır olduqda bütün çətinlikləri aşmaq mümkündür. Əgər quraqlıq yaranırsa, su qıtlığı yaranırsa, o halda yaşıllıqlar artırılmalıdır.

Xəzərin suyunu istifadə etməklə də şirin su əldə etmək olar. Amma Azərbaycanda o dərəcədə çətinlik, su qıtlığı yoxdur. Belə bir risk də olmayıb. Əgər olsaydı sovet dövründə atom reaktiv qurğuları yerləşdirib, Xəzərin suyunu çəkməklə, onu xüsusi müəssisələrdə şirinləşdirmək olardı. İndi də ehtiyac yoxdur”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz