Əlaqə Arxiv
news Image
2019.12.10
16:46
| A A A
İlahiyyat İnstitutu doktoranturaya və dissertanturaya qəbul elan edib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Nazirlər Kabinetinin 4 dekabr 2019-cu il tarixli, 737s nömrəli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycanın ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların doktorant və dissertant hazırlığı üzrə qəbul Planına əsasən 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edib.

İnstitutdan Mövqe.az-a verilən məlumata görə, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 11-29 dekabr 2019-cu il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09:00-dan 18:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Dövlət İmtahan Mərkəzində (DİM) imtahan verməlidirlər.

Xarici dil imtahanında keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Aİİ-nin Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır:

Ərizə (rektorun adına);
Kadrların şəxsi qeydiyyat vərəqi;
Tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
İş yerindən xasiyyətnamə;
İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
şəxsiyyəti təsdiq edən sənədin surəti;
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF) (əgər varsa).

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan; müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan; azı, 2 (iki) il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

Dissertantlıq yolu ilə təhsil müddətini başa vurmuş şəxslərin eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) DİM-də imtahan verməlidirlər.

Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər Aİİ-nin Magistratura və doktorantura şöbəsinə təqdim olunmalıdır:

Ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
Kadrların şəxsi-qeydiyyat vərəqi;
Tərcümeyi-hal;
2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
İş yerindən xasiyyətnamə;
Əmək kitabçasından çıxarış;
Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);
Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, TestDaF, DELF, DALF) (əgər varsa).

Əlavə məlumat üçün Aİİ-nin Magistratura və doktorantura şöbəsinə müraciət etmək olar.

Əlaqə telefonları: (+994 12) 510-65-45 daxili (147, 152).

E-mail: info@ait.edu.az.

Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

DİM-də xarici dildən imtahanların 10-15 yanvar 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır.

Sizin Reklam Yeriniz