Əlaqə Arxiv
news Image
2019.12.13
08:33
| A A A
Azərbaycan və Fransada islahatlar nə ilə fərqlənir?!
Nə üçün Azərbaycanda gedən islahatlar ildən-ilə genişlənir, amma Fransada uzun illərdir ki, hökumət hət hansı bir köklü islahatı həyata keçirə bilmir

Əsrimiz sürət əsridir. Həyat daim yenilənir və inkişafla bağlı dəyişiklik tələb edir. Və ölkələrin rəhbərlikləri bütün sahələrdə islahatlar aparır. Bu, adi idarəçilik və əhalinin yaşam tərzi ilə əlaqəli prosedurdur və bütün ölkələrə aiddir. Azərbaycan artıq neçə illərdir ki, uğurlu islahatlarla beynəlxalq aləmdə ad çıxarıb və mübaliğəsiz ölkədə baş verən proseslər dövlətçilik yolunda, cəmiyyətin sabitliyi və möhkəmlənməsi, onun üzvləri arasında inamın yaranması, xalq-iqtidar münasibətlərində etibarlılıq sindromunun bərqərar olması sahəsində nümunəvi model kimi özünü göstərir. Buna görə də Prezident İlham Əliyevin rəhbərliyi altında hökumətin keçirdiyi islahatlar həyata vəsiqə almağı bacarır və demək olar ki, elliklə razılıq doğurur.

Ancaq dünyanın bir sıra ölkələrində, hətta inkişaf etmiş ölkələrdə, məsələn, Fransada zəruri hesab edilən bir sıra islahatların həyata keçirilməsi müşkülə düşüb və xalq heç cür hökumətin iradəsinə tabe olmaq istəmir. 17 noyabr 2018-ci ildə başlayan “sarı jiletlilər” ölkə başçısı Emmanuel Makron hökumətinə qarşı səslərini eşitdirmək üçün küçələrə çıxdılar. Yanacaq qiymətlərinin artması və pis iqtisadi şərtlərə reaksiya olaraq başlayan, daha sonra Makron rəhbərliyinə qarşı nümayişlərə çevrilən “sarı jiletlilər”in hərəkatının davam etdiyi 1 il ərzində 11 nəfər həyatını itirib, 4250-dən çox adam yaralanıb, 12.361-dən çoxu nəzarətə alınıb və 3163 etirazçıya həbs cəzası verilib. Lakin etirazlar səngimir. Həm də proses qarşılıqlı şəkildə genişlənir. Nümayişçilərin tələbi ilə yanacağın qiymətinin artması müvəqqəti olaraq saxlanılsa da, bu payız hökumət yeni təşəbbüslə çıxış edib və pensiya islahatlarına başlamağı qərara alıblar. Rəsmilərin ümid etdiyinin əksinə olaraq əhali bununla da razılaşmatıb və “sarı jiletlilər” hərəkatı yenidən alovlanıb.

Məsələ burasındadır ki, indi Avropa ölkələri arasında elan edilməyən bir rəqabət gedir: hansı ölkədəki dövlət daha çox sosial mahiyyətlidir? Sözdə nə qədər asan səslənsə də, əslində dövlətin sosial mahiyyət daşıması çətin prosesdir və ölkənin inkişafına bağlı məsələdir. Ən sadə dildə, pulun varsa, sosial niyyətin də var, pul yoxdursa, onda əhalinin sosial müdafiəsindən danışmaq mənasız söhbətdir. Öz inkişafı ilə öyünən Fransa isə çoxdandır ki, iqtisadi göstəricilərinə görə sosial problemləri diqqətdə saxlamaq gücündə deyil. Hətta bir vaxtlar ayağını Fransa ərazisinə qoyan hər bir əcnəbini tibbi sığorta ilə təmin edən dövlət indi nəinki bu yoldan çəkilib, hətta öz vətəndaşlarının pensiya təminatını belə lazımı səviyyədə ödəyə bilmir. Əsrimizin birinci onilliyində keçmiş prezident Nikola Sarkozinin pensiya islahatı aparmaq istəyi də əhalinin kəskin müqavimətinə rast gəlmişdi. Çünki, o dövrdə artıq fransızlar çətinliyi duyur və bunda hökuməti günahlandırırdılar. Çünki, hökumətin qərarları yalnız əhalinin varlı təbəqəsinin mənafeyini güdürdü. Düzdür, Sarkozidən sonra prezident olan Sosialist partiyasının namizədi Fğansua Olland gəliri bir milyondan çox olan sahibkarlara 75 faizlik vergi sistemi tətbiq etdi. Lakin bu, sadəcə, sadə təbəqə nümayəndələrinin gözünə kül üfürmək idi və nəticəsi də çox pis oldu. Varlılar öz zavodlarını işçi qüvvəsinin ucuz, vergilərin aşağı olduğu başqa ölkələrdə tikməyə başladılar və Fransada işsizlik səviyyəsi yüksəldi.

İndi Emmanuel Makron hökuməti iqtisadi vəziyyəti düzəltmək üçün xalqın gəlirləri hesabına islahatlar həyata keçirmək istəyir. Bu dəfə hədəf pensiyalardır. Lakin xalq etiraz nümayişlərindən əl çəkmir. Niyə?  “Franseinter.fr” saytının əməkdaşları Liza Quyan, Xavyer Dimanyi və Loğeli Kağğiv bunun səbəbini öyrənmək üçün fransızlar arasında sorğu keçirmək qərarına gəlib və gözlənilmədən onların sorğusuna minə yaxın cavab gəlib. Cavab verənlər arasında dəmiryol işçiləri, hüquqşünaslar, tibb bacıları, müəllimlər, təqaüdçülər və başqaları var.

“600 avro itirəcəyəm”, “Bəravərsizlik dərinləşir”, “Sarkozi də bunu xəyal edirdi”, “Smiklə (minimum maaş) pensiyaya çıxmaq sərf etmir”, “Xəstəxanalar məhv olub” mahiyyətli cavablar Makronun islahat siyasətinə qarşı yönəlib. Emmanuel Makronu “ultra-sağçı” adlandıran respondentlər onu Marqaret tetçerin yolu ilə getdiyini qeyd ediblər.

Luağe şəhərindən olan 66 yaşlı müəllimə Kristina qeyd edib ki, “dövlət xidmətimizi Tetçerin İngiltərədə etdiyi kimi bərbad vəziyyətə salınmaması üçün tətil edirəm. Bizə ikipilləli cəmiyyətdə yaşamaq lazım deyil. Bir baxın, təhsil və məhkəmə qapılarını yalnız varlı təbəqənin nümayəndələri aça bilirlər”. Vinyöz-süğ-Seyn de 36 yaşlı dəmiryol işçisi bildirir: “Tətil edirəm, çünki, bizim zümrənin xüsusi rejimdə olması təsadüfi deyil. Peşə xəstəlikləri bizi daim izləyir. Həkimlər deyir ki, qatar sürücülərində 60 yaşdan sonra eşitmə, görmə, ürək, diabet və sairə problemlər yaranır. Əgər ölkədə həqiqətən pensiyaları maliyyəıəşdirmək istəyirlərsə, onda düzgün bir sistem qurulmalıdır. Yalanlara son qoyun”. Digər cavablar da bu səpkidədir və iqtisadçı təhlilçilərin və politoloqların fikrincə Makron hökumətini ciddi təbəddülat gözləyir.

İnkişaf etmiş qərb dövləti ilə müqayisədə Azərbaycanda vəziyyət tamamilə əks istiqamətdə cərəyan edir və pensiyalar ildə bir neçə dəfə durmadan artır. Bu yüksəliş də təsadüfi deyil və iqtisadi və siyasi şərtlərə bağlıdır. Birinci şərt ölkənin iqtisadi göstəricilərinin sabit artımı ilə əlaqəlidir. Dövlət başçısının iqtisadi strategiyası sürətli inkişafı təmin edir. Başqa sözlə, həyata keçirilən islahatların malıiyyə zəmanəti təmin edilir. İkincisi, ölkədaxili siyasətdə dövlətin xalqın xidmətində durmasıdır. Onun sosial mahiyyəti də buradan qaynaqlanır. Nəticədə əhalinin rifah halının yüksəlməsini hədəfləyən sosial siyasət təqdir və medafiə olunur. Hökumətin bu yolla irəliləməsi islahatların həyata keçməsini asanlaşdırır və sürətləndirir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz