Əlaqə Arxiv
news Image
2020.01.11
11:15
| A A A
“Könüllülük ili” gənclərin fəallığını artırır
Bir şəxsin cəmiyyətə vermək istədiyi xeyir onun mənəvi simasının aynasıdır

Prezident İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülük ili” adlandırılıb. Bu, sülh və əmin-amanlıq amacı ilə yaşayan xalqımızın və dövlətimizin nəcib məqsədlərini özündə ühtiva edən növbəti addımdır. Dövlət başçısının sərəncamının annotasiyasında bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır: “Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.

Bu işin adı könüllülük olsa da əslində inkişaf və sabitlik fonunda əhalinin yüksək mənəvi dəyərlərə köklənməsi, cəmiyyətin aparıcı qüvvələrinin digər qruplarla müvafiq maarifləndirmə işinin aparılmasına kömək edir. Dünyada könüllülük fəaliyyətinin tarixi qədimdir. Keçmişdə müxtəlif məfkurələrin yayılması və təbliğatı zamanı, xəstəlik epidemiyaları başladıqda həkimlərin insanlara yardım etməsi və s. fəaliyyətlər könüllülük prinsipləri üzərində həyata keçirilib. 2-3 əsr əvvəldən Avropada  ilk könüllülülər hərbi xidmətə gedən insanlar olub. O zamanlar hərbi xidmət məcburi olmadığı üçün kralın çağırışı ilə insanlar könüllü surətdə müharibələrə və ümumilikdə hərbi xidmətə gedirdilər.

Azərbaycanda könüllülük ənənələrinin formalaşması XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə bir sıra xeyriyyə cəmiyyətlərinin xıtti ilə insanlar könüllülük prinsipi ilə müəllim, tibb bacısı və digər sahələrdə çalışıblar. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə ictimai-siyasi proseslərdə könüllülərin iştirakı kifayət qədər genişlənib. Qarabağı düşməndən qorumaq üçün könüllü özünümüdafiə dəstələri, müharibəyə könüllü gedən həkim və tibb bacıları meydana çıxıb. 20 Yanvar hadisələri zamanı insanların xəstəxanalara könüllü gedərək qan verməsi də xalqımızın könüllülük dəyərlərinin bariz nümunələrindəndir.

Müasir dövrdə və bilavasitə müstəqil Azərbaycanın timsalında könüllülük missiyası cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Ölkəmiz müasirləşəndə, köhnə zərərli vərdişlərdən xilas olmaq üçün mübarizə güclənəndə könüllülük hərəkatı da genişləndi. Bunun başlıca amili dövlətimizin xalqın istəklərinə cavab verən, cəmiyyətin sosial tələbatının ödənməsinə xidmət edən siyasətin yürüdülməsidir. Bu işdə Azərbaycan gəncliyi daha böyük fəallıq və çeviklik göstərir. 2012-ci il dekabrın 29-da 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı zamanı bir qrup “ASAN könüllüsü” ilə görüşən Prezident İlham Əliyev “ASAN” könüllülük hərəkatına öz xeyir duasını verib. Düzdür, “ASAN”a qədər müstəqillik əldə olunandan sonra müxtəlif qeyri-hökumət və beynəlxalq təşkilatlarda yüzlərlə Azərbaycan gənci könüllü çalışıpb. Lakin bir hərəkat olaraq bu fəaliyyət “ASAN”dan sonra formalaşıb. Dövlət başçısı bu haqda dəyərli fikirlər səsləndirirb: “ASAN xidmət”i könüllülər hərəkatından ayıra bilmərik. Bu da bir yenilikdir. “ASAN” yaranana qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. Biz könüllülər haqqında eşitmişdik. Ancaq könüllülər hərəkatı nədir, onu bilmirdik. Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır”.

“ASAN”dan başlanan ümumi hərəkat könüllülükdə yeni yanaşma tətbiq edilməsinə zərurət yaradıb. İndi bütün dövlət və özəl qurumlarda gəncləri könüllü kimi işə cəlb edir və onlara təcrübə qazanmaq fürsət yaradılır. Azərbaycanın idarəetmə sistemi haqda artıq “bir könüllülük şəbəhəsi” kimi də danışmaq olar. Çünki, elə bir sahə yoxdur ki, orada könüllülərin əməyi hiss olunmasın. KOB və “Bir” Tələbə-Könüllü proqramının könüllüləri, daha sonra isə 2019-cu il yanvarın 24-də Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı zamanı dövlət başçısına təqdim olunan “Aqrar İnkişaf Könüllüləri” hərəkatı ildən-ilə genişlənən bu şəbəkənin səmərəsini göstərən faktlardır. Mütəxəssislərin fikrincə, çoxlu sayda könüllü hərəkatlarının yaranması əslində bu sahədəki sağlam rəqabət mühitini formalaşdırır və nəticə olaraq bütün tərəflər və ümumilikdə dövlətimiz, cəmiyyətimiz qazanmış olur. Bu hərəkatların ölkəmizə təcrübəli, bacarıqlı, müasir düşüncəli və yüksək dəyərləri özündə birləşdirən müasir Azərbaycan gəncini bəxş edir və dövlətimizin kadr ehtiyatını inkişaf etdirir. Könüllülük dövründə gənclər respublikamızda aparılan islahat və inkişafın kənardan passiv izləyicisindən onun aktiv bir parçasına çevrilirlər. Bütün bunların fonunda “Könüllülük ili”nin başlanmış işə əhəmiyyətli töhfələr verəciyi şəksizdir.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz