Əlaqə Arxiv
news Image
2020.01.25
12:16
| A A A
Yüksək maaş tibb xidmətinin keyfiyyətini artıracaq
Rəşad Həsənov: “Səhiyyə işçilərin gəlirlərinin əmək bazarın tələblərinə uyğun tənzimlənməsi mühüm məsələdir”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi haqqında” Qaydanı təsdiq edib. Qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxil olacaq. Yeni qaydalar tibb işçilərinin maaşının tutduğu vəzifələrdən asılı olaraq 50 faiz və daha çox artırılmasına imkan verəcək.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin şəffaflaşdırılmasına, əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına şərait yaratmaqla bərabər tibb işçilərinin əməyinin stimullaşdırılmasına da yardım edir. Səhiyyə işçilərinin əməkhaqqlarının artırılması isə tibb xidmətinin keyfiyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək.

Xatırladaq ki, indiyə qədər bir neçə rayon və şəhərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən pilot layihə həyata keçirilib. Agentliyin tabeliyinə verilən tibb müəssisələrinin yeni prinsiplərlə maliyyələşməsi ilə əlaqədar olaraq “Pilot layihə çərçivəsində həkimlərin əmək haqlarına əlavələrin və mükafatların hesablanması və ödənilməsi” Qaydalarını təsdiq edilmişdi. Həmin qaydalar əsasında pilot layihə çərçivəsində baza hissəsi üzrə həkimlərin əməkhaqları artırıldı. Nəticədə tibb işçilərinin maaşına 200 manatdan 740 manata qədər artım qeydə alındı. Məsələn, dövlət büdcəsindən ayrılan vəsait hesabına 230 manat əməkhaqqı alan bir cərrahın maaşı icbari tibbi sığorta sisteminin yaratdığı imkanla 540 manat artırılaraq 770 manata çatdırılmışdı. Pilot rayonlarda həyata keçirilən maliyyələşmə qaydalarına uyğun olaraq həkimlərin orta aylıq əməkhaqqı 700 manatadək artırıldı.

İcbari tibbi sığortanın tətbiq edildiyi rayon və şəhərlərdə bütün xəstəxanalar publik hüquqi şəxs statusu alacaq. Bu statusa sahib olan xəstəxanalarda tibb işçilərinin maaşının daha çox hissəsi xidməti gəlirlər hesabına ödəniləcək. Həmin gəlirlər göstərilən xidmətə uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təmin ediləcək. Qarşıya qoyulan mühüm vəzifələrdən biri səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir.

İqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, səhiyyə işçilərin gəlirlərinin əmək bazarın tələblərinə uyğun tənzimlənməsi mühüm məsələdir. Ekspert dedi ki, yeni qaydalara uyğun olaraq həkimlərin maaşı bir neçə dəfə artacaq. O xatırlatdı ki, hazırda ən aşağı əməkhaqqı səviyyəsi müşahidə edilən sahələrdən biri də səhiyyə sahəsidir. Onun sözlərinə görə, əməkhaqqı səviyyəsi səhiyyə işçilərinin göstərdiyi tibb xidmətinə birbaşa təsir göstərən amildir. R.Həsənov düşünür ki, nəzərdə tutulan əlavələr hesabına tibb işçilərinin maaşının ciddi artımı baş verəcək, lakin bu artım daha yaxşı xidmət üçün yetərli deyil.

Ekspert bildirdi ki, keyfiyyətli səhiyyə xidmətlərinin təmin edilməsi məqsədilə tibb işçilərinin maaşı daha çox artırılmalıdır. O xüsusilə təcrübəli, tanınmış tibb işçilərinin nəzərdə tutulan maaşla daha keyfiyyətli xidmət göstərməsinin çətin olacağını vurğuladı. Buna görə də o peşəkar həkimlərin hazırda olduğu kimi əmək fəaliyyətinin bir hissəsini özəl xəstəxanalarda davam etdirəcəyini dedi: “Hazırda peşəkar, təcrübəli həkimlərin hamısı özəl klinikalarda da işləyir. Bunun yeganə səbəbi gəlirlə bağlıdır. Əgər yeni qaydalarla verilən əlavələr də onları qane etməsə, yenə də təcrübəli həkimlər gücünün bir hissəsini özəl xəstəxanalarda işləməyə sərf edəcək. Bu da xidmətlərin keyfiyyətinə mənfi təsir göstərə bilər. Əməkhaqqı səviyyəsi bazarın tələblərinə uyğun olmalıdır. Əgər əməkhaqqı bazar şərtlərinə uyğunlaşdırılarsa, o halda tibb xidmətinin keyfiyyəti artacaq. Əks halda daha təcrübəli həkimlər özəl tibb müssisələrində xidmət göstərməyə çalışacaq və beləliklə dövlət xəstəxanalarında tibb xidmətinin səviyyəsini qaldırmaq çətinləşəcək”.

Qeyd edək ki, yeni sistemdə sabit əməkhaqqı nəzərdə tutulmur. Ay ərzində bir xəstəyə xidmət göstərən həkimlə, bir neçə xəstəyə xidmət göstərən həkimin əməkhaqqısı arasında kəskin fərq olacaq. Daha çox insana xidmət göstərən həkim yüksək əməkhaqqı alacaq, bu və ya digər səbəblərdən az xəstə qəbul edənlər isə aşağı əməkhaqqı almaq məcburiyyətində qalacaq. Həkimlər daha keyfiyyətli xidmət göstərməyə çalışacaqlar ki, insanlar məhz onların qəbuluna gəlsinlər. Buna görə də tanınan, peşəkarlığına şübhə olmayan, təcrübəli həkimlərin aylıq gəlirinin daha yüksək olacağı proqnozlaşdırılır.

 

Vasif CƏFƏROV

 

 

 

Sizin Reklam Yeriniz