Əlaqə Arxiv
news Image
2020.01.25
15:44
| A A A
Fəal yaşlanmanın təbliğində növbəti addım
Yaşlılar emosional intellektin inkişafı üzrə məşğələlərə cəlb edildi

Bakıda yaşlılardan, o cümlədən ahıllardan ibarət bir qrup şəxs üçün emosional intellekt mövzusunda seminar təşkil olunub və onlar emosional intellektə dair praktik məşğələlərə cəlb edilib.

BMT-nin Əhali Fondu (BMTƏF) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində təşkil edilən tədbirin açılışında Nazirliyin və BMTƏF, habelə, layihənin icraedici tərəfdaşı “Üçüncü Bahar” İB-nin nümayəndələri çıxış ediblər.

Layihənin yaşlıların rifahına, daha sağlam və müstəqil həyat sürmələrinə, fəal iştirakçılıq imkanlarına malik olmalarına dəstək məqsədi daşıdığı vurğulanıb. Qeyd edilib ki, fəal yaşlanma və ahılların fəal iştirakçılığının təşviqi istiqamətində məlumatlandırma kampaniyası da həyata keçirilir. Əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşləri təşkil olunur və onlarda fəal iştirakçılığa maraq artırılır.

Sonra peşəkar kouç Elçin Əzimlinin təqdimatında aparılan sessiya zamanı iştirakçılara emosional intellekt, onun əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, emosional intellekt – stressdən azad olma, effektiv ünsiyyət və empatiyaya əsaslanan münasibətlərin qurulması, çətinliklərin öhdəsindən gəlmə, gərgin vəziyyətlərdə sabit əhvalın saxlanması məqsədilə emosiyaların idarə və ifadə edilməsi bacarığıdır. Emosional intellekti inkişaf etdirməklə fərdlərarası münasibətlərdə ozünəinamın gücləndirilməsinə, toplumda olmaqdan qaynaqlanan narahatlıq və qorxunun aradan qaldırılmasına, lüzumsuz utanmaya səbəb olan psixoloji maneələrin aşılmasına və ünsiyyət bacarıqlarının artırılmasına nail olmaq mümkündür.

Tədbir daha sonra emosional intellektə dair praktik məşğələlərlə davam edib.

“Fəal Yaşlanma” layihəsi haqda:

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən layihə pensiya yaşına çatmış şəxslərin ömürlərinin sonrakı hissəsində də fəal və sağlam həyat tərzi keçirməsini təmin etmək məqsədilə müxtəlif dəstəkləyici və inklyuziv tədbir və proqramların tətbiqini nəzərdə tutan innovativ sosial təşəbbüsdür. Layihə çərçivəsində ölkənin ilk Fəal Yaşlanma İndeksinin hazırlanması, yaşlı əhali ilə ölkə boyu ictimai görüşlərin keçirilməsi, fəal yaşlanma ilə bağlı maarifləndirmə və təşviqat işlərinin aparılması, ahıllar üçün nəzərdə tutulmuş bir sıra fəaliyyətlərin (kompyuter kurslarının təşkili, səsli kitabların və elektron kitabxananın yaradılması, sosial çağrı mərkəzinin istifadəyə verilməsi və s.) həyata keçirilməsi də nəzərdə tutulur.

Sizin Reklam Yeriniz