Əlaqə Arxiv
news Image
2020.02.19
09:47
| A A A
Düşmən ordusu böyük itkilərə məruz qaldı
Natiq Miri: “İrəvanla “Qarabağ klanı” arasında qarşıdurma gücləndikcə, işğalçı orduda qeyri-döyüş şəraitində baş verən ölüm halları daha da artacaq”

Cari ilin əvvəlindən ötən dövr ərzində Ermənistan ordusunun 13 əsgəri qeyri-döyüş şəraitində ölüb. Bu, bir daha göstərir ki, Ermənistan ordusunda hərc-mərclik, xaos hökm sürür. Məhz bunu əsas gətirərək bu günlərdə baş naziri Nikol Paşinyan toplantı keçirib.

İclasda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidməti direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin sədri Hayk Qriqoryan, eləcə də silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Burada silahlı qüvvələrdə son zamanlar baş verən ölüm halları və onların səbəbləri ətraflı müzakirə edilib.

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın müdafiə naziri Karen Abramyan istefa verib. Bildirilib ki, nazirin istefasına səbəb 2020-ci ildə orduda döyüş getməyən ərazilərdə verilən itkilərdir. Qeyd olunur ki, Ermənistan ordusu bu il 13 əsgər itirib. Naməlum səbəbdən əsgər ölümlərinin artması Karen Abramyanın vəzifəsindən getməsinə kifayət edib. 

Politoloq Natiq Miri bildirdi ki, düşmən ordusunda korrupsiya və rüşvətxorluq hallarının geniş vüsət alması bu orduda dağıdıcı ünsürlərin at oynatmalarından irəli gəlir: “Ermənistan ordusunda qeyri-döyüş şəraitində qısa zamanda 13 əsgər ölüb. Belə olaylar əsasən də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Ermənistan ordu birliklərində özünü göstərirdi.

Ermənistan ordusunda rəhbərlik dəyişib. Burada guya hansısa islahatlar aparılsa da, hadisələr göstərir ki, hələ də düşmən ölkədə ermənistanlı və qarabağlı problemi hökm sürür. Habelə, “dedovşina” kimi qeyri-nizami hallar da Ermənistan ordusunda baş verməkdədir. Həmçinin, işğalçı orduda rüşvət və korrupsiya halları da faciəli durumdadır. Azərbaycanın işğal olunmuş ərazilərində mövcud olan  qondarma rejimin hərbi xuntasına məxsus zabitlər demək olar ki, bu prosesi özlərinin gəlir mənbəyinə çeviriblər. Hansı ki, bu proses fonunda əsgərlər ciddi şəkildə istismar olunur, onları ordudan kənar başqa məqsədlər naminə pulsuz olaraq işlədirlər. Narkotik plantasiyalarında da əsgərləri zorla işlədib böyük milyonlar qazanırlar. Hansı ki, bu milyonların bir hissəsi də Rusiyadakı generalitet ağalarına çatır. Ona görə də rəhbərlik dəyişsə də, düşmən ordusunda dağıdıcı ünsürlər hələ də at oynatmaqdadırlar”.

N. Mirinin fikrincə, Paşinyan nə qədər boğazdan yuxarı danışsa da, açıq-aydındır ki, Azərbaycanın işğal olunmuş bölgələrinə heç də nə İrəvan, nə də onun ordusu ciddi nəzarət edə bilmir: “Rahatlıqla “Qarabağ klanı”na məxsus zabitlər, eyni zamanda Rusiyanın xüsusi xidmət orqanları  istədiyi vaxtlar işğal olunmuş torpaqlarımızda hərbi təxribatlar törədə bilirlər”.  Politoloq düşünür ki, qeyri-döyüş şəraitində baş verən bu ölümlərin bir elementi də məhz bilavasitə Paşinyan hökumətinə qarşı hərbi təxribatlarla bağlıdır: “Çünki  bu cür hərbi təxribatlar və ölüm hallarının çoxalması erməni ictimaiyyəti arasında Paşinyana qarşı mənfi  rəy formalaşdırır”.

Həmsöhbətimiz düşmən ordusunda baş alıb gedən bu ölüm hallarının yaxın zaman çərçivəsində düzələcəyini qətiyyən gözləmir: “Əksinə, düşünürəm ki, bu gün İrəvanla “Qarabağ klanı” arasındakı qarşıdurma gücləndikcə, belə hadisələr daha da artacaq. Digər tərəfdən, münaqişənin həll olunmayaraq qalması fonunda da düşmən ordusunda hökm sürən bu xaos davam edəcək. “Qarabağ klanı” və onalra dəstək verən siyasi və hərbi ünsürlər də bu olaylardan Paşinyana qarşı yararlanmağa çalışacaqlar. Ümumiyyətlə bu xaos heç zaman Ermənistan ordusundan əskik olmayıb. Daxildəki gərginlik və münaqişənin həll olunmaması fonunda isə işğalçı orduda hökm sürən həmin xaos daha da dərinləşəcək. Ermənistan ordusunda başıpozuqluq davam edir”.

 R. SOLTANOV

 

Sizin Reklam Yeriniz