Əlaqə Arxiv
news Image
2020.02.20
14:50
| A A A
Yevlaxda hesabat yığıncağı keçirildi

Yevlax Şəhər İcra Hakimiyyətinin 2019-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci il tarixli iclasında və 03 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransındakı nitqlərindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

Hesabat məruzəsi ilə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısı cənab Anar Tağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 yanvar 2020-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətləri vurğulayaraq, keçən 2019-cu ildə Yevlaxda həyata keçirilən işlər barədə məlumat vermişdir. Qeyd olundu ki, ötən il ümumdaxili məhsulun həcmi 675.5 milyon manat təşkil etmiş, bu da əvvəlki ildəkində 6 milyon manat və ya 0,9 faiz çox olmuşdur.

Ümumdaxili məhsulun 13,6 milyon manatı sənaye, 97,7 milyon manatı kənd təsərrüfatı, 28,3 milyon manatı tikinti, 528,1 milyon manatı ticarət, 6,3 milyon manatı nəqliyyat, 1,5 milyon manatı rabitə müəssisələri tərəfindən əldə edilmiş, 990-ı daimi olmaqla 2408 iş yeri açılmışdır.

Il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 53 sahibkara 657.5 min manat güzəştli kredit verilmişdir.

Ötən il rayonda orta aylıq əmək haqqı 395.0 manat təşkil edərək əvvəlki ilə nisbətən 90.8 manat artmışdır. 2018-ci ilə nisbətən əhalinin pul gəliri 5,1 milyon manat və ya 0,9 faiz, hər nəfərə düşən pul gəliri 18,8 manat və ya 0,4 faiz artmışdır.

2019-cu ildə rayonda 6630,6 hektar buğda, 5082,5 hektar arpa, 3337,6 hektar sahədə yonca əkilmiş taxıl istehsalı əvvəlki ilə nisbətən 2,4 % artaraq 37427,1 ton olmuşdur. 2019-cu ildə iribuynuzlu mal-qaranın sayı sayı artaraq 67656, xırda buynuzlu mal–qaranın sayı 172909, quşların sayı 455844 baş olmuşdur.

Ötən il rayonda 9001,8 ton ət, 37186,8 ton süd, 17890 min ədəd yumurta və 341 ton yun ishehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən çox olmuşdur.

Daha çox qarşıda duran vəzifələr, görüləcək işlər, həyata keçiriləcək sosial layihələrin müzakirə edildiyi hesabat yığıncağında bildirilmişdir ki, bu aydan etibarən şəhərdə əsaslı təmirə ehtiyacı olan 35 yaşayış binası və qəzalı vəziyyətdə olan 15 binanın dam örtükləri mərhələli şəkildə təmir olunacaqdır.

Bu il İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulmuşdur. Bununla əlaqədar şəhərdəki Qamboy Quliyev küçəsi 1, 2, 3, 4, Zərdabi küçəsi 2 və Yeni Yevlax küçəsi 5 ünvanlardakı həyətdə əsaslı təmir-yenidənqurma işləri layihəsi hazırlanıb.

İctimai Birliyin köməyi ilə Malbinəsi kəndində 92 ailənin məskunlaşdığı yeni yaşayış məhlləsinin sakinləri üçün 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir.

Eyni zamanda 6 saylı bağçada yeni, müasir layihə əsasında əsasl təmir işlərinə başlanılıb. Müvafiq Dövlət Proqramına uyğun olaraq yaxın zaman kəsiyində rayonda 4 məktəbin yenidən tikilməsi və 4 məktəbin əsaslı təmiri planlaşdırılmışdır.

Yevlax şəhərinin daha da abadlaşması və gözəlləşməsi, buranın paytaxt Bakı və digər böyük şəhərlər səviyyəsinə çatdırılması məqsədi ilə mövcud istirahət parkları yenidənqurularaq təmir ediləcəkdir. Artıq Dədə Qorqud parkında təmir işlərinə başlanılıb və parkın ərazisi genişlənərək Kamil Sabitov küçəsinədək uzadılması nəzərdə tutulur. Bu il mərkəzdə Kamil Sabitov küçəsi yenidən qurulacaq, burada yolun genişləndirilməsi, səkilərin bərpası, işıq dirəklərinin qoyulması nəzərdə tutulur.

Yevlax şəhəri üçün mühüm əhəmiyyət kəsb edən kanalizasiya xətlərinin çəkilişi və sakinlərin keyfiyyətli içməli su ilə təminatı məqsədi ilə ölkə başçısı tərəfindən 5 milyon manat vəsait ayrılıb və hazırda layihələndirmə işləri həyata keçirilir.

Bu il 3 kənddə qazlaşma işləri aparılır, yaxın günlərdə Bəydili kəndində də bu işlərə başlanacaq və beləliklə rayondakı 50 yaşayış məntəqəsindən hamısı təbii qazla təmin ediləcəkdir.

Kənd təsərrüfatı rayonu olan Yevlaxda pambıqçılığın, baramaçılığın, taxılçılığın, heyvandarlığın inkişafı üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Aran qəsəbəsində Şəkər zavodunun tikintisi, istixana kompleksinin və sənaye parkının yaradılması üçün torpaq sahələri ayrılmışdır. Bu obyektlərin işə düşməsi aqrar məhsulların istehsalının daha da artmasına təkan olmaqla eyni zamanda rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələlərinin həllində də böyük kömək olacaqdır.

Yayı isti və quraq keçən Yevlaxda yaşıllıqların artırılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq şəhər ərazisindən keçən magistral avtomobil yollarının və yaşayış binalarının həyətlərində yaşıllıqların artırılması, küçə və meydanlarda çəmənliklərin, güllüklərin salınması nəzərdə tutulub. Artıq payız aylarından bu işlərə başlanılıb və il ərzində onlar davam etdiriləcəkdir.

Hesabat yığıncaqda çıxış edənlər rayonda görülmüş işləri müzakirə edərək qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən söhbət açdılar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov yığıncaqda çıxış edərək, 2019-cu ildə ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlar haqda ətraflı məlumat verərək 2020-ci ildə Yevlaxlılara böyük uğurlar arzuladı.

Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Yevlaxlıların quruculuq əzmi ifadə olundu.

Sizin Reklam Yeriniz