Əlaqə Arxiv
news Image
2020.02.22
10:43
| A A A
Məhkəmə-hüquq sistemində növbəti islahatlara start verilir
Əliməmməd Nuriyev: “Struktur dəyişiklikləri, Məhkəmə-Hüquq Şurası qarşısında qoyulan vəzifələrin icrası məhkəmə sistemində həyata keçirilən və keçiriləcək islahatların daha effektiv nəticələr verəcəyinə gətirib çıxaracaq”

Məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsinə hazırlıq görülür. Qeyd edək ki, Azərbaycanda son dövrlər reallaşan islahatlar fonunda məhkəmə-hüquq sistemində də müəyyən islahatlar keçirildi. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında da yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. 

Onu da qeyd edək ki, hələ keçən ilin aprelin 3-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalanıb.  İndi isə gözlənilir ki,  bu proses daha da genişlənəcək. Məhkəmə-hüquq sistemində keçirilməsi gözlənilən növbəti islahatlar nəyə gətirib çıxaracaq?

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd etdi ki, digər sahələr kimi, məhkəmə-hüquq sistemində də  islahatlar dərinləşməkdə davam edir: “Məhkəmə-hüquq sistemində islahatlar gedir. Prezident İlham Əliyevin 3 aprel 2019-cu il Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsilə bağlı fərmanı oldu. Bu fərmanla bütövlükdə icra hakimiyyətlərinə tapşırıqlar və bir sıra digər qurumlara tövsiyyələr, ümumiyyətlə 40-a yaxın tapşırıqlar verildi. Həmin fərmanın əsas məqsədi də məhz islahatların dərinləşməsinə xidmət etməkdir.

Eyni zamanda, burada məqsəd məhkəmə hakimiyyətinin nüfuzunun gücləndirilməsinə, ədalət məhkəməsinin səmərəliliyinin təmin edilməsinə nail olmaqdan ibarətdir. Bu hədəflər var. Həmin hədəflərə çatmaq üçün də Kommersiya məhkəmələrinin yaradılması məsələsi də gündəmdə idi ki, artıq belə məhkəmələr yaradılır. Başqa bir məsələ ondan ibarətdir ki, bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilsin.

Hazırda Cinayət Məcəlləsində əməllərin dekriminallaşdırılması istiqamətində təkliflər hazırlanıb. Həmçinin, elektron məhkəmə sisteminin bütün ölkə üzrə təmin edilməsinə nail olmaq, elektron imza, alternativ ekspertiza ilə bağlı da qanunlar qəbul edilib. Prosesdə iştirakçı tərəflərin bərabərliyinin təmin edilməsi üçün məhkəmə iclas protokolunun elektron hazırlanması vacib bir məsələdir. Gələcəkdə əsas sübut mənbələrindən biri olaraq istifadə etmək baxımından. Məhkəmə praktikasının ümumiləşdirilməsi və vahid məhkəmə təcrübəsinin təyin edilməsilə istiqamətində də hazırda işlər gedir”.

 Həmsöhbətimizə görə, bütün bunlar, həm struktur dəyişiklikləri, məhkəmə-hüquq şurası qarşısında qoyulan vəzifələr məhkəmə sistemində həyata keçirilən və keçiriləcək islahatların daha effektiv nəticələr verəcəyinə gətirib çıxaracaq: “Hakimlərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması da bu qəbildəndir. Hakimlərin əmək haqqlarının 8-10 min manat məbləğinə çatdırılması çox vacibdir. Ədalət məhkəməsinin səmərəliliyinin təmin edilməsi, bütövlükdə ədalətə çatmağın təmin edilməsi üçün bu amil əsas rol oynaya bilər. Hakimlərin sayının artırılması da burada vacib elementdir,  bu da məhkəmə qərarlarının effektliyinin artırılmasına xidmət edəcək. Hazırda dediyim istiqamətdə islahat prosesi gedir.

Eyni zamanda, struktur dəyişiklikləri də baş verdi, yeni məhkəmə qurumları yaradıldı. Düşünürəm ki, ola bilsin, yaxın vaxtlarda aprel ayına qədər məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi istiqamətində atılan addımlarla bağlı böyük konfrans olsun. Burada məhz sözügedən istiqamətdə həyata keçirilən islahatların hansı nəticələr verdiyi və onu daha hansı istiqamətlərdə dərinləşdirmək və möhkəmləndirməyin vacibliyi kimi aktual məsələlər öz əksini tapacaq”.

Ə. Nuriyev hesab edirki, burada mühüm məsələlərdən biri də vəkillilik institutunun nüfuzunun daha da artırılması məsələsidir:

“Çünki, məhkəmə hakimyyəti deyəndə sadəcə tək hakimlərin qəbul etdiyi qırarlar yox, eyni zamanda, ədliyyə, prokurorluq sisteminin və müdafiə tərəfinin bu prosesdə  tam və obyektiv olaraq iştirakının təmin edilməsi üçün müvafiq şəraitin yaradılması çox vacibdir.  Sadəcə olaraq, məhkəmə-hüquq sistemində keçirilən islahatların dərhal nəticəsini görmək istəyirik. Təbii ki, qısa müddət ərzində bu sahədə keçirilən islahatların mühüm nəticələri özünü göstərib. Bu gün tərəflər məhkəməyə müraciət edərkən, artıq  məhkəmə binasına getmədən, birbaşa elektron qaydada müraciət edə bilər. Eyni zamanda, məhkəmə iclasları barədə məlumatlarla da elektron qaydada tanış olmağa imkan yaradılıb. Bütün bunlar xeyli dərəcədə tərəflərin vəziyyətini yaxşılaşdırıb. Qaynar xəttin yaradılması da çox vacibdir. Qanunsuz hərəkətlərə yol verən hakimlərlə bağlı qəbul edilən qərarlar da bu qəbildəndir. Yəni hazırda Məhkəmə-Hüquq Şurası maksimum dərəcədə məhkəmə hakimiyyətinin səmərəlilik effektivliyinin artırılması, neqativ halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür. Qanunvericiliyin təkmilləşməsi, institusional təsisatların yaradılması və praktik vəziyyətinin dəyişdirilməsi istiqamətində atılan və gələcəkdə atılacaq addımlar, bütün bunlar əlbəttə ki, məhkəmə-hüquq sistemində də islahatların pozitiv nəticə verməsinə müsbət təsir göstərir”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz