Əlaqə Arxiv
news Image
2020.02.22
11:14
| A A A
Qorxunc virus qonşuluğumuza çatdı
Adil Qeybulla: “Koronavirusun İrana ayaq açması Azərbaycan üçün də ciddi təhdid mənbəyidir” Fazil Mustafa: “Bütövlükdə koronavirusun İranda da müşahidə edilməsi ciddi narahat doğuran amillərdən biridir”

 

 

 

 

Çindən yayılmağa başlayan koronavirus artıq başqa ölkələrə də sirayər edir. Belə ki, bu günə qədər Çində 172 min insan bu xəstəliyə tutulub, ölənlərin sayı isə 2 mini keçib. Digər ölkələrə gəldikdə, Yaponiya, Tailand, Filippində də bu xəstəlikdən artıq ölənlər var. Amma ən təhlükəlisi odur ki, infeksiya artıq Azərbaycan sərhədinə yaxınlaşıb. Belə ki, cənub qonşumuz İranda artıq 4 nəfər koronavirusdan vəfat edib. Daha bir neçə nəfər isə virusa yoluxub. Eyni zamanda İranda 13 yeni yoluxma halının aşkarlandığı bildirilib. Bu faktlardan 7-si ölkənin Qum, 4-ü Tehran və 2 nəfəri isə Gilan əyalətində qeydə alınıb. Xatırladaq ki, İran Səhiyyə Nazirliyi daha əvvəl  ölkə ərazisində 5 yoluxma halının qeydə alındığını açıqlamışdı. 

Azərbaycan İranla geniş əlaqələrə malikdir. Çoxsaylı vətəndaşımız tez-tez bu ölkəyə səfərlər edir. Eyni zamanda, İrandan da ölkəmizə hər gün xeyli insan gəlir. Başqa bir tərəfdən, iki ölkə arasında ticari əlaqələr də genişdir. Bu halda virusun sərhədlərimizə çatması ölkəmiz üçün hansı təhdidlər yarada bilər? Ona qarşı mübarizədə hansı addımlar atılmalıdır?

Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, koronavirusun İrana yayılması fonunda Azərbaycan üçün də ciddi təhlükələr yarana bilər: “Birmənalı şəkilsə deyə bilmərik ki, koronavirus artıq sərhədimizə yaxınlaşıb, yoxsa çoxdan sərhədlərimizi aşıb. Bu istiqamətdə hansısa bir rəsmi açıqlamanın olması vacibdir, amma hələ ki, yoxdur.

Təbii ki, koronavirus sərhədimizə yaxınlaşıbsa, bu, ölkəmiz üçün də həmin təhlükənin artması deməkdir. Belə ki, koronavirusun İrana ayaq açması ölkəmiz üçün də təhlükənin daha da reallaşması anlamına gəlir. Bu hal Azərbaycan üçün də ciddi təhdid mənbəyidir. Ağ Ciyər İnstitutunda və digər yerlərdə respirator xəstəliklərindən dünyasını dəyişənlər olub. Onlarla bağlı müəyyən rəylər vermək olardı, virsioloji laboratoriyada onlar üzərində  yoxlama aparıla bilərdi. Amma heç bir yoxlama aparılmayıb. Koronavirus hər il olur. Amma bu il yayılan ştam daha ağırdır. Texniki, konsultativ yardımlar edilməlidir.  Proqnozlara görə, isti havaların düşməsilə virus tədricən yoxa çıxacaq. Amma hər halda istənilən situasiyada, nə qədər ki, tam lokallaşmayıb ehtiyatlı və diqqətli olmalıyıq”.

 

Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, yoxlama məntəqələrində nəzarət şərtləri müəyyən dərəcədə sərtləşdirilməlidir ki, qonşu ölkədən gələnlərin təhlükəli virusun daşıyıcısı olub-olmadığı tam şəkildə aydınlaşdırılsın: “Karantin tədbirləri genişlənməlidir. Əsas odur ki, İrandan koronavirusun Azərbaycana yayılmasının qarşısı alınsın. Burada başqa yol yoxdur.

İki ölkə arasında ticarət əlaqələri güclüdür, geniş gediş-gəliş var. Amma bu müstəvidə bəzilərinin iddia etdiyi kimi, ticarəti, gediş-gəlişi dayandıra bilmərik.  Çünki İranla ticari əlaqələrin müvəqqəti də olsa dayandırılması prosesdən çıxış yolu deyil. Hələlik İranda infeksiya kütləvi hal almayıb ki, bu ölkə ilə ticari əlaqələri, gediş-gəliş müvəqqəti də olsa dayandıraq. Hava limanında karantin tədbirlərini həyata keçirmək nisbətən mümkündür, amma elə-belə gediş-gəliş prosesində bunu etmək çox çətindir”.

Bu müstəvidə həmsöhbətimiz vətəndaşları daha ehtiyatlı olmağa çağırdı: “Vətəndaşlar özləri də bir qədər diqqətli olmalı, yoluxmamaq üçün müəyyən qoruyucu vasitələrdən istifadə etməli,  mümkün qədər çalışmalıdırlar ki, bu dövrdə ciddi ehtiyac olmadıqda İrana səyahət etməsinlər. Ehtiyatlı olmağı bacarmalıyıq.

Bütövlükdə koronavirusun İranda da müşahidə edilməsi ciddi narahat doğuran amillərdən biridir. Bunun üçün də müvafiq qurumlar dərhal lazımi tədbirlərə əl atmalıdır. Qoruyucu, yoxlama tədbirlərini indidən gücləndirməliyik. Həmçinin, dediyim kimi, vətəndaşlar ehtiyatı da əldən verməməli, həm də müvafiq qurumlar  maarifçilik işini gücləndirməlidir”.

 Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz