Əlaqə Arxiv
news Image
2020.02.24
15:15
| A A A
AHİK-də Xocalı soyqırımı anıldı

Fevralın 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımı bəşər tarixində ən qanlı faciələrdən biridir. Erməni silahlı dəstələri hələ SSRİ dövründən Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi.

S. Möhbalıyev qeyd edib ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Belə ki, bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu, xüsusilə, Fondun Prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

AHİK sədri diqqətə çatdırıb ki, dünya mediasının diqqətlə izlədiyi panel Prezident İlham Əliyevin Ermənistan baş nazirinə tarix və siyasət dərsi keçməsiylə yadda qaldı. Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin, diletant siyasi təhlili, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü.

Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı, münaqişənin BMT TŞ-nun qətnamələri əsasında həlli bir daha qeyd olunub. Bildirilib ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Ermənistanın yürütdüyü siyasət riyakarlığın nümunəsidir. Azərbaycan Prezidenti bir neçə dəfə N.Paşinyanın yalanlarını ifşa edib, səhvlərini tutub. İ.Əliyevin qətiyyətli mövqeyi və duruşu qarşısında Ermənistanın baş naziri çox gülünc vəziyyətə düşüb. Prezidentimizin çox tutarlı cavabları Paşinyanı susdurub. Təsadüfi deyildir ki, beynəlxalq siyasi şərhçilər bu panel müzakirəsinin Ermənistanın tarixində qara gün olduğunu bildirdilər.

Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi Bakının mövqeyinə bir daha aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, bu münaqişə mərhələli şəkildə həll edilməlidir: "Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın

statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır".

Sonda AHİK sədri deyib ki, Xocalı Soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olaraq Azərbaycan əhalisi və insanlıq əleyhinə törədilmiş ən qanlı cinayətlərdən biri kimi yaddaşlara həkk olunmuşdur. Hər il xalqımız və dünya azərbaycanlıları, o cümlədən ədaləti uca tutan insanlar Xocalı faciəsi qurbanlarının xatirəsini yad edirlər.

Sizin Reklam Yeriniz