Əlaqə Arxiv
news Image
2020.02.28
14:00
| A A A
Zeynal Əkpərov aqrar elm və innovasiya mərkəzinin direktoru İmran Cümşüdovla görüşdü

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Kənd Təsərrüfatı Nazirliyi (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə hər iki qurum arasında birgə fundamental və tətbiq yönümlü elmi-tədqiqat işləri və eyni zamanda konfrans və seminarların təşkili məsələləri geniş müzakirə olunmuşdur.

İlk öncə Z.Əkpərov qonaqları salamlamış və institutda aparılan elmi tədqiqat işlərinin istiqamətləri barədə onlara bir sıra məlumatlar vermişdir. O, bildirmişdir ki, GEİ ilə KTN-nin Əkinçilik, Tərəvəzçilik, Heyvandarlıq, Baytarlıq, Meyvəçilik və Çayçılıq və digər Elmi Tədqiqat İnstitutları ilə müqavilələr imzalanmış və birgə layihələr icra edilir.

Sonra institutun “Biotexnologiya”, “Dənli taxıl və paxlalı bitkilər”, “Meyvə bitkiləri”, “Texniki bitkilər” və “KT heyvanlarının genetik ehtiyatları” şöbələrinin müdirləri KTN-nin müvafiq elmi tədqiqat İnstitutları ilə birgə həyata keçirilə biləcək fəaliyyətlər haqqında öz təkliflərini qonaqların diqqətinə çatdırmışlar.

Daha sonra isə İ.Cümşüdov səsləndirilən fikirlərə münasibətini bildirmiş və qeyd etmişdir ki, GEİ ilə koordinasiyalı şəkildə işləmək üçün geniş imkanlar mövcuddur. O, həmçinin qeyd etmişdir ki, birgə elmi tədqiqat işi aparmaqla qısa müddət ərzində bazarın tələbinə uyğun yeni sortlar yaratmaq mümkündür və bu istiqamətdə KTN-nin müxtəlif İnstitutları birgə işləmək niyyətindədir. Bundan başqa, birlikdə konfrans, təlim və seminarların təşkili üzrə səsləndirilən təkliflər də yüksək qiymətləndirilmişdir.

Sonda birgə tədqiqatların aparılması üçün koordinasiya şurasının yaradılması və məqsədyönlü layihələrin hazırlanması qərara alınmışdır

Sizin Reklam Yeriniz