Əlaqə Arxiv
news Image
2020.02.29
11:15
| A A A
Koronavirus təhdidi artır
İlqar Əhmədov: “Koronavirusdan qorunmaq üçün ilk növbədə insan bədəninin immuniteti güclü olmalıdır” Rəşad Həsənov: “Azərbaycana idxal olunan mal və məhsulun əhəmiyyətli hissəsi Çin və İrandan gətirilirdi”

Koronavirus Azərbaycanın cənub qonşusu İranda da olduqca ciddi təhlükəli vəziyyət yaradıb.  Artıq bu ölkədə xeyli sayda insan həmin virusun qurbanı olub. Yaranmış vəziyyətdə, qonşu  ölkələr İranla sərhədi bağlayır. Koronavirusun başlıca ocağı olan Çində isə ölənlərin sayı 2801 nəfər ölüb, 82164 nəfr isə xəstəliyə yoluxub. Azərbaycanda müvafiq qurumlar koronavirus təhlükəsinin ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müəyyən tədbirlər həyata keçirirlər. Nazirlər Kabinetinin yanında yaradılan qərargahdan verilən məlumata görə, qərargahın qəbul etdiyi qərara əsasən, İrandan Azərbaycan ərazisinə daxil olan şəxslərin ilkin müayinəsini təşkil etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çadırlardan ibarət səyyar hospitalları yaradılır.

Nəticədə, ilkin müayinədən keçən və xəstəlik müəyyən olunmayan şəxslər heç bir maneə olmadan yollarına davam edə biləcəklər. Xəstəliyin əlamətləri aşkar edildiyi hallarda, həmin şəxslər həkim nəzarəti altında xəstəxanalara göndəriləcək. Rəsmilər Azərbaycanda sanitar-epidemioloji vəziyyət ciddi nəzarətdə saxlanıldığını, habelə bu istiqamətdə görülən işlər barədə əhalinin müntəzəm qaydada məlumatlandırılacağını da qeyd edirlər.

Ağciyər Xəstəlikləri İnstitutunun həkimi İlqar Əhmədov bildirdi ki, koronavirusdan qorunmaq üçün bədən güclü immunitetə malik olmalı, daha çox  immun sistemini gücləndirən məhsullar yeyilməlidir: "Koronavirusdan qorunmaq üçün ilk növbədə insan bədəninin immuniteti güclü olmalıdır. Koronavirus adi qrip virusunun bir növüdür. Ona qarşı mübarizədə bədənin immunitetinin güclü olması deyərdim ki, ən yaxşı vasitədir.

Bu ərəfədə vitamin terapiyasını, maye qəbulunu artırmaq lazımdır. Kütləvilik olan yerdə çalışmalıyıq ki, tibbi maskalardan istifadə edək. Əlləri dezinfeksiya etmək lazımdır. Digər tərəfdən, İrandakı təhlükə ilə əlaqədar sərhəd zonalarında karantin elan edilməli, sərhəd müvəqqəti olaraq bağlanmalıdır. Karantin olmalıdır ki, virusun daşıyıcısı olan şübhəlilər müəyyən müddət nəzarətdə saxlanılsın. Bu istiqamətdə ümumiyyətlə, bir sıra işlər də gedir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovun fikrincə, koronavirusun ölkəmizə yayılmasının yerli iqtisadiyyata dolayı və birbaşa təsirləri ola bilər: "Əslində, koronavirusun miqyası barədə dəqiq söz demək çətindir, şərtlər hər saniyə dəyişə bilər. Ancaq bununla belə, koronavirusun ölkəmizə yayılması baş verərsə, bunun Azərbaycan iqtisadiyyatına faktiki olaraq, dolayı və birbaşa təsirləri ola bilər.

Dolayı təsir ondan ibarətdir ki, düyna iqtisadiyyatı zəifləyir. Beləliklə, Azərbaycanın ixrac bazarlarında da imkanlar zəifləyir. Bu da öz növbəsində növbəti dövrlərdə Azərbaycanın ixrac gəlirlərinin azalmasına gətirib çıxaracaq. Mövcud vəziyyətdə neftin qiyməti də azalıb. Neftin 1 dollar ucuzlaşmasının Azərbaycanın ixrac gəlirlərinə təsiri 600-650 min dollardır. Koronavirus başlanandan bu günə qədər isə neftin qiyməti 11 dollar ucuzlaşıb. Bu isə o deməkdir ki,  gündəlik ixracdan zərərimiz 6,5-7 milyon dollar civarındadır.

Virusla bağlı proses orta və uzun müddətli dövrə qədər davam edəcəyi təqdirdə manatın məzənnəsinə təzyiqlər artacaq. Çünki tədiyyə balansında risqlər yaranacaq. Azərbaycana idxal olunan mal və məhsulun əhəmiyyətli hissəsi Çin və İrandan gətirilirdi. İndi bu məhsulların gətirilməsində məhduddiyyətlər tətbiq olunur ki, onun özü də növbəti dövrlərdə qiymətlərin sürətlə artmasına gətirib çıxaracaq. Sərhəd zonasında yaşayan və gündəlik dolanışığı İrandan gətirilən xırda ticarət fəaliyyətindən asılı olan insanlar üçün də ciddi çətinliklər yaranacaq. Virusun turizm sektoruna da təsiri olacaq. Bütövlükdə götürdükdə, virusun yayılması  domino effektilə iqtisadiyyatımıza mənfi təsir edə bilər. Amma ümid edək ki, bu qorxunc ssenari baş verməyəcək".

R. SOLTANOV

Sizin Reklam Yeriniz