Əlaqə Arxiv
news Image
2013.07.04
17:36
| A A A
Nuşirəvan Məhərrəmli: "Ədəbi dil normalarına hər zaman riayət olunmur"

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində may-iyun aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçirilir.


Mövqe.az-ın məlumaına görə, konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, millət vəkillərinin, teleradio yayımçılarının nümayəndələri iştirak edirlər.


Tədbirdə çıxış edən MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmli deyib ki, monitorinqlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işçiləri tərəfindən aparılıb.


Monitorinqlərin ANS, ATV, İTV, Xəzər, Space, Lider kanallarında yayımlanan informasiya verilişlərinin, musiqili-əyləncəli proqramlarının, şou və tok-şouların dili üzərində aparıldığını deyən N.Məhərrəmlinin sözlərinə görə, müşahidələr əsasən 4 sahəni əhatə edib ki, bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir: "Müasir Azərbaycan dilçiliyində televiziya materiallarının dili əsasında nitq mədəniyyəti və ədəbi dil normalarının öyrənilməsinə xüsusi tələbat var. Təəssüflə qeyd etmək lazımdır ki, teleradio məkanında aparıcıların tələffüzündə çoxlu nöqsanlara yol verilir. Verilişlərin bəzilərində aparıcıların mətnlə əvvəlcədən tanış olmadıqlarını müəyyənləşdirmək o qədər də çətin olmur. Mədəni nitqə verilən müxtəlif tələblər var və telekanal aparıcıları da öz nitqlərini bu tələblərə cavab verə biləcək şəkildə qurmalıdırlar. Azərbaycan televiziya kanallarında nümayiş olunan verilişlərdə aparıcıların nitqini müşahidə etdikdən sonra belə bir nəticəyə gəldik ki, onların nitqində ədəbi dil normalarına hər zaman riayət olunmur".


Məhərrəmli vurğuayıb ki, ümumilikdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların ortaya çıxarılmasına gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək.

Sizin Reklam Yeriniz