Əlaqə Arxiv
news Image
2020.04.10
11:38
| A A A
Karantin rejiminin sərtləşdirilməsi gözlənilir
Cəlal İsayev: “Bu vəziyyətdə ölkədə fövqəladə vəziyyət elan oluna bilər”

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, evdə qalmaq tələbinə tam əməl olunmur. Həqiqətən də bir çox insanlar hələ də virusun təhlükəlilik dərəcəsini anlamayaraq və yaxud gözardına vuraraq bəzi hallarda karantin qaydalarına əməl etmir. Bəzi insanlar yenə də ehtiyac olmadığı halda çölə çıxır. Hətta bir sıra yerlərdə insanlar, əsasən də gənclər bir yerə toplanır ki, bu da virusun yayılması üçün münbit şərait yaradır. Məhz qoyulan tələblərə tam əməl edilməməsinin nəticəsidir ki, bu günlərdə keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov hadisələrin inkişafına görə karantin müddətinin uzadılması barədə qərara baxıla biləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, vəziyyət sərtləşərsə, karantin müddəti uzadıla və daha da sərtləşdirilə bilər: "Məlumata görə, karantin qaydalarına riayət olunmur. Bugünkü statistika onu göstərir. Hətta bu gün saxta vəsiqələr, saxta icazə vərəqələri alınır. Əgər karantin qaydalarına riayət olunarsa və göstəricilər müstəqil dinamika üzrə inkişaf edərsə karantin müddəti uzadılmaya bilər. Bugünkü göstəricilər isə onu göstərir ki, qaydalar sərtləşdiriləcək". İ. Məmmədov bildirib ki, iş yerlərində əməkdaşların 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib: "Avtobuslarda sıxlıq yaranmaması üçün evdə qalmaq lazımdır. Kifayət qədər avtobus və ehtiyat avtobuslar var. Küçədəki avtobuslar karantin rejiminə uyğun olaraq xəttə buraxılıb. Bundan əlavə, qanunsuz yollarla icazə alma halları da qeydə alınıb. İş yerlərinə öz əməkdaşlarının 30 faizdən artığının işə çağırılmaması tapşırığı verilib. Amma bəzi təşkilatlar əməkdaşlarına ehtiyac olmadığı halda icazə alırlar. Hansı təşkilatlar ki, saxta vəsiqələrlə vətəndaşlara icazə alırsa, bunlar nəzarətdədir və tədbir görüləcək". Görünən odur ki, karantın tədbirlərinə əməl etməyənlər də hələ kifayət qədərdir. Belə şəraitdə açıqlamalar da göstərir ki, daha sərt tədbilər istisna olunmur. Bu mümkündürmü? Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirdi ki, yaranmış durum karantin şərtlərinin daha da sərtləşdirilməsini diktə edir: "Bilirsinzi ki, koronavirusla mübarizə fonunda bundan əvvəl tətbiq edilən tədbirlər mülayim tədbirlər olub. Yəni əvvəl həyata keçirlən tədbir elə də sərt deyildi. Ancaq görünən o oldu ki, karantin tədbirləri mülayim olduqca insanlar da ona bir qədər barmaqarası baxmağa başladılar. Nəticədə karantin tədbirləri bir qədər də sərtləşdirildi. Ancaq sərtləşmə fonunda da bəzi insanlar yenə də qadağa tədbirlərinə əməl etməməyə, ondan yan keçməyə çalışır. Belədə isə onlar həm özlərini, həm də digər insanları risk altına alırlar. Belə olan vəziyyətdə yaxın müddətdə daha sərt tədbirlərin həyata keçirilməsi gözləniləndir". Həmsöhbətimiz fövqəladə vəziyyətin elan oluna biləcəyini də istisna etmədi: "Bu müstəvidə isə ölkədə fövqəladə vəziyyət elan oluna bilər. Məsələ müzakirə olunur. Müşahidələr tədbirlərin sərtləşdirilməsini diktə edir. Lazım gəlsə, buna gediləcək. Əksər insanlarımız qoyulan qadağalara əməl edir. Ancaq təəssüf ki, bir qisim insanlar ona riayət etmir. Gedib-gəlmək icazəsi olan bəzi insanlar isə hətta bu fürsətdən sui-istifadə edib, başqa işlərə də əl atırlar. Hər yerə polis yerləşdirmək mümkün deyil. İnsanlar məsuliyyətli və vicdanlı olmalıdır. Məsələyə düşüncəli şəkildə yanaşmalıyıq. Çünki virus yaşlı, cavan tanımır. Düzdür, gənclərdə yüngül keçə, əlamətləri büruzə verməyə bilər. Ancaq belə olan halda onlar karantin rejiminə əməl etməməklə digər insanlar üçün də təhlükə yaradırlar".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz