Əlaqə Arxiv
news Image
2020.04.16
08:55
| A A A
Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi
Mübarizənin başlıca prinsipi əlbir fəaliyyət və karantin qaydalarına elliklə əməl olunmasıdır

Koronavirusdan yaranmış pandemiya həyatımıza müdaxilə edib və insanları sosial, mənəvi ünsiyyət, cəmiyyətləri isə siyasi yetkinlik baxımından sınağa çəkib. Dünya çalxalanır, indiyədək qurulan iqtisadi və siyasi piramidalar ləngər vurur, kmisi zəifləyir, kimisi davam gətirir, kimisi də mübarizə meydanında daha da bərkiyir. İndiyədək 100 mindən çox insan pandemiyanın qurbanı olub. Supergüc sayılan ABŞ-da ölənlərin sayı 25 mini ötüb. İtaliya, İspaniya, Almaniya, İngiltərə, Fransa, Çin, Rusiya, Yaponoya və sairə inkişaf etmiş ölkələrdə ölüm halları daha çoxdur. Vəsait sarıdan korluq çəkməyən ölkələr bu bəla qarşısında hələ ki, ciddi sipər qura bilməyiblər. Ümid qalıb təbii gedişata və mütəxəssislərin rəyinə görə havaların istiləşməsi pandemiyanın hovunu ala bilər və beləliklə, koronavirusun zərərsizləşdirilməsi üçün alimlər müvafiq tədqiqatlarının nəticələrini görərlər. İndilikdə isə hər bir dövlət malik olduğu imkanlar daxilində mübarizəsinə davam edir.

2020-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev pandemiyaya qarşı mübarizədən danışaraq qeyd edib ki, koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub: “Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır.

Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.

Məsələ burasındadır ki, bu təhlükə qəfil gəlib, ona görə ki, tamamilə yeni növ virusdur və virusun təbiəti alimlərə tanış deyil. Əsas çətinlik də bundadır, çünki koronavirusun öyrənilməsi, ona qarşı təsirli vaksinin yaradılması uzun zaman tələb edir. Pandemiya isə gözləmir və insanların ömürlərinə təcavüz etməkdə davam edir. Lakin bu situasiya hökumətlərin əlini mübarizədən soyutmur, əksinə daha kəsərli tədbirlər görməklə ümumdünya təhlükəsinin törətdiyi fəsadları azaltmağa çalışırlar.

Bu mübarizənin Azərbaycan formatı öz mükəmməlliyi və bütövlüyü ilə diqqəti cəlb edir. Etiraf etmək lazımdır ki, ölkə iqtisadiyyatının dayanıqlılığı bu işdə ən azı işin yarısını görür. Lakin idarəetmə strukturunun çevik və təxirəsalınmaz tədbirləri həlledici mahiyyət daşıyır. Bunun nəticəsində pandemiya Azərbaycana təşrif buyurmağı bacarsa da, müəyyən əziyyət törədə bilsə də, əhalinin sağlamlığına ciddi zərər vura, ölüm-itimin çoxalmasına təsir göstərə bilməyib.

Dövlət başçısının Sərəncamı ilə Baş Nazirin rəhbərliyi altında yaradılmış Operativ Qərargah bütün resursları ilə çalışır. Təbii ki, Prezident sutka ərzində bütün fəaliyyəti izləyir və ortaya çıxan problemlərin həlli üçün müvafiq göstərişlər verir. Vaxtında atılan addımlar daha ciddi problemlərin önlənməsində əhəmiyyətli rol oynayıb. Bu istiqamətdə nikbinlik üçün ciddi əsaslar yaranıb.

Koronavirusla ölkədə 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Respublikada bütünlükdə 70 mindən çox testin keçirilməsi nəqədər gərgin iş getdiyini sübut edir. Qısa müddətdə maska istehsal edən müəssisənin işə salınması, əlavə 10 modul tipli xəstəxananın tikilməsi, ən müasir avadanlıqlarla təchiz olunmuş “Yeni klinika”nın istifadəyə verilməsi mübarizənin səmərəsini əhəmiyyətli dərəcədə artırıb. Bundan başqa əhali qruplarının virusdan qorunması istiqamətində də genişmiqyaslı tədbirlər görülüb.  Yaşı 65-dən yuxarı olan 648 min nəfərin, 12 min nəfər ahıl insanın təcriddə qalmaları üçün Nazirlər Kabineti ilə sıx koordinasiyada Mərkəzi Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə əhalinin evdən çıxmadan bank ödənişlərini vaxtında alması təmin olunub. Karantin situasiyasının keyfiyyətini artırmaq məqsədilə 153 mindən çox fermerə kart paylanılacaq ki, bunun da 120 mindən çoxu artıq sahibinə çatdırılıb. Ciddi rejimli karantin dövründə görüləcək tədbirlərə azı 2,5 milyard manat vəsait nəzərdə tutulub. Bütün bu tədbirlər pandemiyanın qarşısının mütləq olmasa da, yüksək səviyyədə alınmasına səbəb olub.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz