Əlaqə Arxiv
news Image
2020.04.16
13:33
| A A A
FHN və Baş Prokurorluq Masallıda evdə baş verən partlayışla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətləri Masallı rayonunun Təzə Alvadı kəndində fərdi yaşayış evində baş verən partlayışla bağlı birgə məlumat yayıb.

Mövqe.az-a daxil olan məlumatda deyilir:

"Aprelin 16-da saat 07 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olmuşdur.

Dərhal hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə 2-si azyaşlı olmaqla 3 nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış 5 nəfərBakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilmişdir.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilmişdir.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş vermişdir.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Sizin Reklam Yeriniz