Əlaqə Arxiv
news Image
2020.04.22
08:15
| A A A
Yumruq kimi birləşməyin uğur təntənəsi
“El bir olsa dağ oynadar yerindən” məsəli müasir Azərbaycanla gözəl uzlaşır

 

Sülhsevər dünyanın ən güclü alibi evolusion inkişaf yoludur. Yəni, addım-addım, mərhələ-mərhələ bir-birini tamamlayan layihələri həyata keçirməklə tərəqqiyə nail olmaq. Amma bəzən şər hücuma keçəndə odlu-alovlu, gündəmi çalxalayan fəaliyyət tələb olunur. Bu keyfiyyətləri mənimsəməyi bacaranlar uğuru təmin etməyi də bacarırlar. Çünki şər gələndə birləşmək zərurəti meydana çıxır. Əgər vaxtında tədbir görüb bu birliyin əsasını yarada bilməmisənsə, çətin ki, qısa zamanda bu möhtəşəm vəzifəni yerinə yetirmək mümkün olsun.

Bu gün birlik günüdür, birləşib şərə qalib gəlmək zamanıdır. Azərbaycan bu məqsədlə ayaqdadır.

Başda dövlətimizin başçısı, Prezident İlham Əliyev olmaqla dövlət strukturu və cəmiyyətimizin bütün təbəqələri çəkici bir zindana vurmaq əzmi ilə dünyaya nümunə göstərir. Təhlükə hiss olunan kimi ölkə ayağa qalxıb. Prezidentin məqsədyönlü sərəncamları ilə müvafiq tədbirlər görülüb. Dövlət başçısının göstərişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Koronavirus pandemiyası ilə əlaqədar yaradılan Operativ Qərargahın sərəncamına ilk gündən milyonlarla vəsait ayrılıb.

Pandemiya çox sürətlə yarandı. Virusun yayılma sürəti gözlənilməz oldu. Kim ki, belə bir vəziyyətə qarşılıq vermək gücündə idi və ayıq tərəpənərək vaxtında hadisələrə müdaxilə edə bildi, onun mübarizəsi də alındı. Bu dövlətlərdən biri Azərbaycan oldu. Ölkəmizin kifayət qədər resurslara malik olması və bir nömrəli idarəedici şəxsin siyasi və sosial iradəsi, habelə əzmkarlığı və uzaqgörənliyi mübarizənin təşkilində həlledici rol oynadı.

Qısa müddətdə cəmiyyətimizin bütün resursları koronavirusa qarşı mübarizəyə cəlb edildi.

Prezidentin yaratdığı yardım fonduna on milyonlarla vəsait köçürüldü. Azərbaycana cəsarətlə liderlik edən dövlət başçısının və Birinci vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın illik maaşlarını fondun hesabına köçürməsi xalqa canıyananlığın və liderlik məsuliyyətinin möhtəşəm ifadəsi oldu. İş adamları, sahibkarlar, sadə vətəndaşlar bu addımlardan ruhlanaraq irəli durdular. Fonda vəsait köçürməklə iş bitmədi. Mesenatlar imkansız ailələrə yardımlar kampaniyasına başladılar və qısa zamanda ölkə üzrə qibtəediləcək hərəkat yarandı. Bu faktları görüb danışmaq asandır, amma dərindən düşünəndə görürsən ki, bu heç də özbaşına gedən iş deyil. İrəli düşüb nümunə göstərən liderin dəqiqliklə ölçülüb biçilmiş idarəetmə üslubunun mükəmməlliyinin meydana qoyduğu nəticədir.

Pandemiyaya qarşı mübarizədə Azərbaycan hökumətinin gördüyü iş Ümumdünya Səhiyyə Təşkilartı, digər beynəlxalq qurumlar, əksər dövlətlər tərəfindən nümunə göstərilir. Ölkəmizin təcrübəsi öyrənilir və tətbiq edilir. Nədir bu nümunənin özəlliyi? Ölkənin bütün resurslarını qısa müddətdə və keyfiyyəli şəkildə mübarizəyə səfərbər etmək.

Bir misala diqqət edək. İlk günlər xüsusi rejimli karantin səbəbindən günəmuzd işlə dolanan vətəndaşlara müavinət verilməsi zərurəti yarananda hesablanmışdı ki, 200 min insana karantin müddətində 190 manat aylıq müavinət verilsin. Ancaq bir neçə gündən sonra dövlət başçısı vəziyyəti öyrənib araşdıraraq həmin insanların sayını 600 minə qədər artırdı. Təbii ki, bunun üçün əlavə vəsait ayrıldı və bu da ona görə mümkün oldu ki, ölkənin bütün resursları səfərbərliyə alındı.

Bu, dövlət rəhbərliyinin çox böyük təşkilatçılıq bacarığının və dövləti idarəetmə qabiliyyətinin sayəsində mümkün oldu.

Ötənilki inqilabi sosial paketin reallaşmasından sonra belə bir imkanın olması heç də real görünmürdü. Lakin iqtisadi islahatlar və kadrların qüvvəsindən səmərəli istifadə bu işi əlçatan etməyə yetdi. İndi əksər ölkələr beynəlxalq maliyyə qurumlarından kredit almaq üçün növbəyə durublar. Azərbaycan isə bütün qüvvə və imkanlarının səfərbərliyi və dəqiq bölgü sayəsində öz gücünə mübarizəni uğurla davam etdirir. Nəticə inam və ümidlə yaxşılığa doğru yönəlib.

Pandemiyanın önlənməsi prosesi uğurla yerinə yetirilib və artıq geriyə dönüş başlanıb. Artıq xüsusi rejimli karantinin yumşaldılması üzrə təkliflərə baxılır. Çox keçməz, koronavirusun xalqımız qarşısında məğlubiyyəti təsdiq olunacaq. Çətin dövrdə resursların səfərbər edilməsinin sonu bu zirvədir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz