Əlaqə Arxiv
news Image
2020.04.22
08:29
| A A A
Xalq liderinə tam etimad göstərir
Əl tutmaq rəhbərdən, onun qiymətini vermək vətəndaşdan gəlir

 

Bəla öz yerində, bunu heç kim arzulamasa da xəbərdarlıq etmədən gəlir, ancaq insanları bəlalardan qoruyan lideri tanımaq insanların vicdanından asılıdır. Yəni, bu bir ədalətlilik iksiridir və onu danana nankor deyilir. Bir həqiqət də var ki, işləyəni, insanlıq edəni və xalqa can yandıran şəxsi heç kim unutmur. Əksinə, insanlar gördükləri yaxşılığı ucaldaraq hamıya nümunə göstərirlər. Çox maraqlıdır ki, hazırda koronavirus pandemiyası ilə mübarizə dövründə çətin sınaqlardan keçən xalqımız bu fonda baş verən xeyirli əməllərə dərhal reaksiya verir və bəlli ünvana xeyir-dualarını göndərirlər. Söhbət Azərbaycanın lideri Prezident İlham Əliyevin əhalinin keşiyində duran dövlət başçısı kimi xarakterik cəhətlərindən gedir. Belə ki, vətəndaşlarımız öz seçdiyi rəhbərin simasında qayğıkeş himayəda sahib olduğunu dərin düşüncə ilə qavrayır. Dövlət başçısının adına gələn minnətdarlıq məktublarının ardı-arası kəsilmir.

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.

Ağdam rayonunun qocaman sakini sakini Allahverdi Məmmədov yazır: “Hörmətli cənab Prezident.

Mənim 80 yaşım var. Bu ağır günlərdə Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz bizim qurtuluşumuz oldu. Aprel döyüşləri zamanı bizim kəndimizə gəldiniz və bizə ruh verdiniz. Çətin günlərdə bizimlə oldunuz. Yandırılıb dağıdılan evləri nəzarətə götürdünüz, lazımi tapşırıqlar verdiniz. Az müddətdə evlər tikildi, bərpa olundu. Bu evlərin açılışında Siz və Mehriban xanım Əliyeva bizimlə birlikdə iştirak etdiniz. İnanırıq ki, bu çətinliklərə də Sizin rəhbərliyinizlə qalib gələcəyik. Arzu edirəm, heç zaman yorulmayasınız. Allah köməyiniz olsun. Azərbaycan xalqı fəxr edir ki, Sizin kimi dünya şöhrətli Prezidenti var. Allah Sizi qorusun, Siz də biz vətəndaşları”.

Füzuli rayonu sakini Sevil Məmmədova isə qeyd edir ki, bir vətəndaş olaraq bu ağır günlərdə Prezident İlham Əliyevə minnətdarlıq məktubu yazmağı özünə borc bilir: “Mən Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Qayıdış-3 qəsəbəsində yaşayıram. Rayonumuzun hər bir kənd və qəsəbəsi demək olar ki, hər gün dezinfeksiya edilir. Aztəminatlı ailələr, yaşlı və tənha insanlar Sizin tapşırıqlarınız əsasında ərzaq və gigiyena vasitələri ilə təmin olunurlar. Bunların hamısı bütün vətəndaşların gözü önündə baş verir. Son günlərdə imzaladığınız sərəncamlar isə bizi daha çox sevindirir.

Cənab Prezident, xalqımıza ünvanladığınız müraciətlər, çağırışlar bir daha sübut etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. Biz füzulililər inanırıq ki, məmləkətimizə üz tutan bu koronavirus bəlasına həmrəyliyimiz sayəsində qalib gələcəyik”.

Gədəbəy sakini, birinci qrup əlil Mətanət Bayramovanın məktubunda qeyd edilir ki, ölkə başçısının gördüyünü qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir: “Xəstələnənlərin sayının gündən-günə azalması buna bariz nümunədir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində demişdiniz ki, hər bir azərbaycanlının prezidenti olacaqsınız. Sizin hər bir addımınızda bunun şahidi oluruq. Bu gün böyük dövlətlərin rəhbərləri bu virusun qarşısında aciz qalıblar, onun qarşısını ala bilmirlər.

Sizin xalqın sağlamlığını qorumaq üçün atdığınız addımların nəticəsini görməkdəyik. İmkansız ailələrə göstərilən qayğı, işsizlərə verilən müavinət Sizə inam hissimizi daha da artırır”.

Paytaxt sakini, Bakı ağsaqqalı Hüseynağa Əliyev yazır ki, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı Prezident İlham Əliyevin gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir: “Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bizi sevindirir. 65 yaşdan yuxarı tənha və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istək və qayğıları ilə yaxından maraqlanıb onların ərzaq və tibbi tələbatlarının ödənilməsi istiqamətində xeyli işlər görmüsünüz. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanırıq ki, Sizin müvafiq qərarlarınızla ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və bu çətin günlərdə görəcəyiniz tədbirlərin səmərəli olacağına əminliyimizi ifadə edirik. Bir daha şəhərimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk”.

Bu məzmunda məktubların sayı olduqca çoxdur. Onları bir-bir sadalamağa ehtiyac yoxdur, amma bu məktublarda o qədər möhtəşəm və səmimi fikirlər ifadə olunur ki, onları “minnətdarlıq simfoniyası” adlandırmaq yerinə düşər. Bu genişlikdə məhəbbət hər liderə qismət olan uğur deyil.

Çünki bunun böyük siyasi mənası da var. Xalq liderini tanıyır, ona inanır, etimad göstərir, müdafiə edir və dəstəkləyir. Dövlət başçısının ölkənin şəriksiz liderinə çevrilməsi ona qarşı olan radikal qüvvələrə ciddi dərs olmalıdır. Həm daxili, həm də xarici mənfi tendensiyalı qüvvələr anlamalıdırlar ki, xalqın dəstəyini qazanan prezident həmişə məğlubedilməzlik sindromu qazanır. Həqiqi siyasətçi reallıqla barışmağı bacarmalıdır. Əgər radikallarda doğrudan da siyasətçilik qabiliyyəti varsa, onlar bu amil qarşısında əməlli-başlı fikirləşib nəticə çıxarmalıdırlar.

N.NOVRUZ

 

Sizin Reklam Yeriniz