Əlaqə Arxiv
news Image
2013.07.12
11:35
| A A A
Korrupsiyanın qarşısının alınması ilə bağlı 3 kitab nəşr edilib

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) "Peşədaxili davranış qaydaları korrupsiyaya qarşı mübarizədə əsas alət kimi" adlı layihə çərçivəsində 3 yeni kitab nəşr edib. Bu barədə Mövqe.az-a Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) mətbuat xidmətindən bildirilib.


Məlumatda deyilir ki, Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) sədri, vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bildirib ki, hər üç nəşrin məqsədi korrupsiya hallarının qarşısının alınması üzrə mübarizədə vəkillərin, aidiyyatı dövlət orqanları əməkdaşlarının, dövlət qulluqçularının maarifləndirilməsini təmin etməklə ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına dəstək verməkdir.


""Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi"nin kommentariyaları" adlı birinci nəşrdə Avropa Vəkillər Kollegiyaları və Hüquq Birlikləri Şurası (CCBE) tərəfindən qəbul olunmuş "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya" və "Avropa vəkillərinin davranış Kodeksi" və onların Kommentariyasının Azərbaycan dilində tərcüməsi öz əksini tapıb.

"Məhkəmə aparatı işçiləri üçün davranış prinsipləri" adlı ikinci kitabda 2005-ci ildə BMT-nin Ədalətli Məhkəmə Hakimiyyətinin Gücləndirilməsi üzrə Hakimlər Qrupu tərəfindən hazırlanmış davranış qaydaları və onlar barədə məlumatlar yer alıb.


"Etik Davranış Kodekslərinin Toplusu" adlı üçüncü kitabda dövlət qulluqçularının etik davranış qaydaları, hakimlərin, prokurorluq, ədliyyə, daxili işlər, gömrük, vergi orqanları işçilərinin etik davranış kodeksləri, "vəkillərin davranış qaydaları haqqında" Əsasnamə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarının, ASAN xidmət mərkəzlərində qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları toplanıb.


AHİM sədri qeyd edib ki, yaxın günlərdə layihə çərçivəsində Ədliyyə Akademiyası ilə birgə vəkillər və məhkəmə aparatı işçiləri üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Hər üç kitab Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib.

Sizin Reklam Yeriniz